Yerlərdə mədəni həyat – müxtəlif səpkili tədbirlər

 

Bərdə Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Təbriz Həsənova həsr olunmuş açıq dərs keçirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə haqqında danışılıb.

Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa ediblər. Sonda şəhidin həyat və şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

***

Tovuz rayon Mərkəzi Kitabxanasında Xalq şairi Nəbi Xəzrinin (1924-2007) anadan olmasının 100 illiyi ilə əlaqədar sərgi və dəyirmi masa təşkil edilib. Çıxış edənlər müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Nəbi Xəzrinin həyat və yaradıcılığı barədə geniş məlumat veriblər. Bildirilib ki, ana torpağa bağlılıq, insana xas ən saf duyğuların tərənnümü 60-dan çox kitabın müəllifi olan Nəbi Xəzri yaradıcılığında əsas yer tutur. Nəğməkar şair kimi də tanınan şairin sözlərinə bəstələnmiş məşhur “Dərələr”, “Azərbaycan”, “Pəncərəmə qondu işıq” həmçinin şah əsəri olan Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Məşəl kimi yanan ürək” kimi musiqilər dillər əzbəridir.

***

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) xidməti əhatəsində olan mədəniyyət müəssisələrində 9 dekabr – Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirlər keçirilib. Çıxışlarda bu günün tarixindən söz açılıb. Qeyd olunub ki, BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir.

***

Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqlarda sahibkarlıq bacarığının inkişafı” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, ənənəvi təhsildən fərqli olaraq yeni təhsil kurikulumları uşaqlarda müxtəlif bacarıqların formalaşmasına yönəlib. Tapşırıqların praktik icrası isə həm təhsilə marağı artırır, həm də bacarıqların təkmilləşməsinə gətirib çıxarır.

***

Cəlilabad rayon Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin şagirdləri rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Şagirdlərə Ümummilli liderin zəngin həyat yolu və siyasi fəaliyyətindən bəhs edilib.

Daha sonra məktəblilər “Heydər Əliyevin həyatı və siyasəti” mövzusunda tarix dərsini dinləyiblər. Sonda “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş olunub.

***

Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar dəyirmi masa keçirilib. Çıxışlarda ətraf mühitin mühafizəsi haqqında danışılıb və COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda Mədəniyyət evinin həyətindəki ağaclara mövsümi qulluq məqsədilə iməcilik keçirilib.

***

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Dünyanı yaşıla boyayaq” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə və il ərzində mövzu üzrə təşkil edilən sərgilərdə fəal iştiraklarına görə Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvləri fəxri fərman və sertifikatlarla mükafatlandırılıb.

 

Hazırladı: N.Məmmədli

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.4.