Qazaxa səs salan “Səmirsiz”
Dekabrın 7-də Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik
çöküb. Səbəb həmin gün bu teatrın səhnəsində
teatrsevərləri nümayiş sonrası bir saatdan çox
saxlayan, qızğın müzakirəyə səbəb olan,
Samuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında
səhnələşdirilmiş “Səmirsiz” tamaşası
olub.
Səhnə əsərinin müəllifi gənc
rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı
Sahib Əhmədov, bəstəkarı Azər Hacıəsgərli,
butafor-rəssamı Səyad Məmmədovdur. Onu da qeyd edək
ki, S.Əhmədov Şəki Dövlət Dram
Teatrının baş rəssamıdır və bu
işbirliyi iki teatr arasında ilk təcrübədir.
Monotamaşanın ifaçısı isə Qazax Dövlət
Dram Teatrının aktyoru Rüfət Ömərdir.
Tamaşa haqqında fikirlərini bölüşən
quruluş müəllifi Abdulla Elşadlı deyib:
“Tamaşanın süjeti abstrakt və absurddur. Səmirsiz cəmiyyətdə
nizam yoxdur. Orada xaos hökm sürür. Lap “Sizif haqqında
mif” kimi... Əzab bitmir. Əzab daim davam edir və bu, sonsuza qədər
belə olacaq. Niyə? Vaxtında bu kişi susdu. Susdu və elə
anda dindi ki, artıq onun danışmağının nəinki
cəmiyyətə, heç özünə də xeyri
olmadı...”.
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.4.