Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq

 

Moskvada keçirilən forumda ölkəmiz də təmsil olunub

 

Moskvada 4–6 dekabr tarixlərində keçirilən MDB ölkələrinin II Beynəlxalq Uşaq və Gənclər Kitab Forumunda ölkəmiz də təmsil olunub.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Oxucu yetişdiririk” uşaqların mütaliəyə cəlb edilməsi üzrə mədəniyyət, incəsənət və təhsil xadimləri assosiasiyasının dəstəyi ilə “Ədəbiyyat dili ilə. Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq” adı altında təşkil edilən foruma Rusiya Dövlət Uşaq Kitabxanası ev sahibliyi edib.

Azərbaycandan F.Köçərli adına Respublika Uşaq Kitabxanası və  C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təmsil olunduğu forumun məqsədi uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, MDB ölkələrində uşaq mütaliə infrastrukturunun səmərəliliyinin və inkişafının artırılması, uşaqlara xidmət göstərən kitabxanaların rolunun və yeni imkanlarının müzakirə edilməsi, uşaqların mütaliəyə cəlb edilməsi üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsidir.

Forum çərçivəsində Avrasiya Kitabxana Assambleyasının xüsusi tədbiri – uşaq kitabxanaları bölməsinin yaradılması ilə bağlı MDB-yə üzv dövlətlərin kitabxana direktorlarının ilk iclası keçirilib.

Tədbirə MDB ölkələrinin uşaq kitabxanalarının rəhbərləri, fəaliyyəti uşaq ədəbiyyatı, kitab və mütaliə ilə bağlı mütəxəssislər, milli kitabxanaların rəhbər heyəti, mədəniyyət və təhsil sahəsində aparıcı dövlət və ictimai təşkilatların nümayəndələri, MDB iştirakçısı olan dövlətlərdən yazıçılar, illüstratorlar, tərcüməçilər qatılıblar.

Azərbaycan nümayəndə heyəti forum çərçivəsində Avrasiyanın Kitabxanalar Assambleyası tədbirlərində, “Puşkin və Çaykovski: dünya mədəniyyətinin iki dahisi” adlı yaradıcı görüşdə, “Ədəbiyyat dili. Uşaq ədəbiyyatı və mütaliə sahəsində əməkdaşlıq”, “Uşaq mütaliəsinin könüllülərinin beynəlxalq forumu: MDB ölkələrində fəaliyyət göstərən könüllü təşkilatlar tərəfindən uşaqların mütaliəyə cəlb olunması üçün nəzərdə tutulan ən yaxşı təhsil layihələrinin təqdimatları” adlı müzakirələrdə, “Ədəbiyyat: keçmiş və müasir zaman” adlı müsahibədə və digər plenar sessiyalarda iştirak edib, ölkəmizdə sözügedən mövzularda həyata keçirilən tədbirlər haqqında məlumat veriblər.

 

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.7.