Gənc
vokalçının sənət arzuları
Demək olar ki, bütün insanlar narahatlıq, sevinc,
ağrı və kədərini daha çox səs vasitəsilə
büruzə verirlər. Musiqi səsi isə tamam başqa bir
aləmdir. Məsələn, bir tenorun ifasını küləklə
müqayisə etmək olar – güc, enerji, eyni zamanda gizli bir
narahatlıq...
“Uğur sorağında” rubrikasında 2023-cü ildə
Uşaq İncəsənət Festivalının
mükafatçısı olmuş vokalçı Atilla Məmmədovu
oxucularımıza tanıdırıq.
Atilla Yasin oğlu Məmmədov 2007-ci ildə Bakı
şəhərində anadan olub. Cövdət Hacıyev
adına 3 nömrəli onbirillik Musiqi məktəbinin məzunudur.
Hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında təhsil alır. Eyni zamanda “Bülbül vokal
məktəbi”nin müdavimidir.
Dediyinə görə, beş yaşından musiqi ilə
məşğul olur: “Anam musiqi müəllimidir. Elə ilk dəfə
anamın apardığı xor dərsində oxumağa
başlamışam. Səsimin və eşitmə qabiliyyətimin
yaxşı olduğunu anam kəşf edib. Yeddi yaşımda
beynəlxalq və respublika müsabiqələrində
iştirak edirdim. Ən çox yadımda qalan və ilk
uğuruma səbəb olan yarışmalardan biri “Zima”
festivalı oldu ki, orada məni görüb Azərbaycan
Dövlət Akademik Musiqili Teatrına dəvət etdilər”.
Teatrın direktoru Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev kiçikyaşlı aktyor barədə
yüksək fikirdədir: “Azərbaycanda xüsusi qabiliyyəti
ilə seçilən uşaqlara dövlət tərəfindən
həmişə diqqət və qayğı göstərilir.
Səs imkanlarına görə yaşıdlarından fərqlənməyi
bacaran Atilla Məmmədov da onların sırasındadır.
Uşaq yaşlarından ifaçılığa başlayan,
beynəlxalq müsabiqə və festivalların
mükafatçısı olan bu balaca oğlanın adı
2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə gənc istedadların “Qızıl kitabı”na
yazılıb və Prezident təqaüdünə layiq
görülüb. Həmin ildən Akademik Musiqili Teatrda
çalışan Atilla 2019-cu ildə premyerası olan “Balaca
şahzadə” tamaşasında baş rolu canlandırmaq
üçün müsabiqə vasitəsilə qəbul edilib
və tam məsuliyyətlə vurğulaya bilərəm ki,
biz seçimimizdə yanılmamışıq”.
Atilla Gürcüstanda “Wonder Land”, ABŞ-də “Florida
keys” və ölkəmizdə keçirilən “Testene art”
müsabiqələrində birinci yerə layiq
görülüb. Türkiyədə “O səs çocuqlar”,
Rusiyada “Var səsi ilə” (“Âî âåñü ãîëîñ”) kimi bir çox
televiziya müsabiqələrində iştirak edib.
Otən il isə ölkəmizdə
keçirilən Uşaq İncəsənət Müsabiqəsində
akademik vokal nominasiyası üzrə 14-17 yaş
kateqoriyasında II yeri qazanıb. Bu barədə özü
belə deyir: “Uşaq İncəsənət Festivalı mənim
üçün çox yaddaqalan oldu. Bu festival ərzində
mən çox çalışdım, hər mərhələsində
yeni əsərlər öyrənməklə yanaşı,
maraqlı ifaçılarla tanış oldum...”.
Gənc vokalçının məqsədi bu sənətin
sirlərini daha da dərindən öyrənib püxtələşmək,
gələcəkdə ölkəmizi dünyada layiqincə təmsil
etməkdir.
Müəllimi, Fikrət Əmirov adına Gəncə
Dövlət Filarmoniyasının direktoru, “Bülbül vokal
məktəbi”nin yaradıcısı Əməkdar artist Ramil
Qasımov onu uşaq yaşlarından
tanıdığını bildirir: “Onun səsinə lap erkən
yaşlarından bələdəm. Atilla çox istedadlı
və səs tembri maraqlı olan ifaçıdır.
Hazırda biz onunla vokal texnikası üzərində işləyirik.
Mən ona düzgün ifa tərzi, nəfəs, sözlərin,
frazaların dəqiq deyiliş qaydası, eyni zamanda əsərin
düzgün xarakter həlli kimi klassik vokala aid məqamları
aşılamağa çalışıram. Əminəm ki,
Atilla bütün ümidləri doğruldacaq. Ona uğurlar
diləyirəm”.
Nurəddin
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.7.