35 yaşlı uşaq məkanı

 

Şirzad Abutalıbov: “Uşaqları düşündürən tamaşalarla teatrımıza bağlamaq istəyirik və bunun bəhrəsini də görürük”

 

Uşaqların təlim-tərbiyəsi, zövqlü və intellektual baxımdan zənginliyi üçün teatr, o cümlədən kukla tamaşaları mühüm rol oynayır. Ölkəmizdə fəaliyyət göstərən beş Kukla, bir Uşaq və Gənclər teatrları, eləcə də digər teatrların uşaqlar üçün seçmiş olduqları repertuar bunu tənzimləməyə çalışır. Bu mənada zəngin sənət yolu keçmiş kukla teatrları xüsusi diqqətdə saxlanılmalıdır. Çünki yetişən tamaşaçı nəslinin teatrla ilk ünsiyyəti kukla tamaşaları ilə başlayır.

Belə sənət ocaqlarından biri bu il 35 yaşı tamam olan Naxçıvan Dövlət Kukla Teatrıdır. Onun keçdiyi yola teatrın bədii rəhbəri və direktoru, Naxçıvan səhnəsinin sevilən aktyoru, Azərbaycanın Xalq artisti Şirzad Abutalıbovun bələdçiliyi ilə nəzər saldıq.

O, söhbətə teatrın yaranma tarixindən başladı:

– Tarix üçün uzun olmayan, lakin zəngin yaradıcılıq yolu keçən Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu  il tarixli qərarı ilə yaradılıb. Balaca tamaşaçılarını 1990-cı il iyunun 1-də dramaturq Əyyub Abbasovun “Keçinin qisası” tamaşası ilə salamlayıb. 2004-cü il martın 11-də teatra görkəmli maarifçi, publisist, mütəfəkkir Məmməd Tağı Sidqinin adı verilib. Teatr fəaliyyəti dövründə müxtəlif qastrol səfərlərində, festivallarda olub. Bu sırada Türkiyə, İran, Tacikistan, Rusiya kimi ölkələrə səfərləri qeyd etmək olar. Ötən zamanda Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə yaradıcı heyət üzvləri fəxri adlara, mükafatlara layiq görülüb.

– 35 ili əhatə edən yaradıcılıq yolunuzda, yəqin ki, özünüz üçün müəyyən statistik hesablama da aparmısınız?

– Naxçıvan Dövlət Kukla Teatrında indiyədək 89 tamaşaya quruluş verilib. Gənc aktyorların yetişməsi məqsədilə teatrda 2024-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Sınaq” teatr-studiyası fəaliyyət göstərib və 9 aylıq kursu   keçənlərə sertifikatlar verilib. “Sınaq” teatr-studiyada Sevinc Nuruqızının “Sarışının sərgüzəşti” pyesi də tamaşaya hazırlanıb.

– Şirzad müəllim, repertuarı necə qurursunuz, yeni dövrün tələbləri repertuarda necə ehtiva olunur? Ümumiyyətlə, milli dramaturgiyamızda uşaqlar üçün yazılan əsərlər sizi qane edirmi?

– Teatrın repertuar planını tərtib edərkən klassik nağıllar əsasında yazılmış pyeslərə xüsusi yer ayırırıq. Nənə-babalarımızın söylədiyi nağılların balaca tamaşaçıların mənəvi dünyasında böyük rol oynayacağını da nəzərə alırıq. Ağıllı, bacarıqlı nağıl qəhrəmanlarını təbliğ etməklə onların uşaq dünyasında müsbət təsiri olacağını düşünürük. Klassik və müasir yazarların, o cümlədən əcnəbi dramaturqların əsərləri repertuarımızda yer tutur. Uşaqların yenilənən tələblərinə  uyğun müasir nağılları da tamaşaya qoyuruq.

Onu da deyim ki, Azərbaycanda uşaqlar üçün pyeslər az yazılır. Müasir uşaq dramaturgiyası xüsusilə kasaddır. Müəyyən müəlliflər var ki, özlərini dramaturgiyada sınamaq istəyirlər və qələmə aldıqları əsərlər müxtəlif teatrlarda uğurla tamaşaya qoyulur. Amma onların sayı azdır. Düşünürəm ki, gələcəyimiz olan balalarımızın yüksək səviyyədə formalaşmasına xidmət edəcək pyeslərə daha çox ehtiyac var. Hər il repertuar planı hazırlananda fərqli, balacaları düşündürəcək pyeslər haqqında fikirləşirik. Nağılların pyes halına salınması (onların motivləri əsasında yazılması) vaxt aparır. Əgər müasir dramaturgiya formalaşıb inkişaf etsə, səhnələşdirilmiş nağıllara ehtiyac qalmayacaq.

– Naxçıvanlı uşaqların teatra marağı necədir və bu marağı artırmaq üçün nə kimi tədbirlər görürsünüz?

– Bu xüsusda işimizi yüksək səviyyədə qurmağa çalışırıq və düşünürəm ki, öhdəsindən gəlirik. Hər həftənin şənbə günləri balaca tamaşaçılarımız sevə-sevə doğma teatrlara üz tuturlar. Onları müəyyən kənar tədbirlərlə yox, düşündürən tamaşalarla teatrımıza bağlamaq istəyirik və bunun bəhrəsini də görürük.

– Maraqlıdır, niyə həftədə cəmi bir gün və seans?

– Bir seans olmur. Sözsüz ki, zaman-zaman tələbata uyğun olaraq günlük qrafik və seanslarda fərq olur.

– Tamaşalar daha çox hansı yaş qrupunu əhatə edir və texniki olaraq hansı kuklalara üstünlük verirsiniz?

– Sözsüz ki, aşağı yaş qrupu üçün daha çox əyləncəli nümunələrə üstünlük veririk. Onları birdən-birə məlumat, hansısa öyrədici səhnə aktları ilə yükləmək olmur. Lakin müəyyən yaş həddi olan uşaqlar da var ki, onlar düşünüb nəticə çıxarmağı bacarırlar. Biz də yaş bölgüsünü buna müvafiq aparır və afişalarda bunu mütləq qeyd edirik. Teatrda müxtəlif kuklalardan istifadə olunur, əsasən də parket və əlcək kuklalardan. Çünki istər stasionar, istərsə də səyyar tamaşalar üçün bunlar daha əlverişlidir.

– Deyəsən, “kukla teatrı uşaqlar üçündür” bölgüsünü naxçıvanlı tamaşaçılar da edir?

– Bir çox hallarda, təəssüf ki, hə. Amma nəzərə alsaq ki, kukla teatrına uşaqlarla birgə həm də onların valideynləri, böyükləri gəlirlər. Beləcə, istər-istəməz tamaşaçılarımıza çevrilirlər (gülür). İnanın, bəzən o böyüklər uşaqlardan daha çox aludə olur, səhnədən gözlərini çəkə bilmirlər.

– Bayaq qastrollardan danışdınız. Müasir dünya yaradıcılıq baxımdan da mübadiləni labüd edir. Ümumiyyətlə, ölkəmizin teatrları, eləcə də xaricdəki həmkarlarınızla yaradıcı əlaqələriniz varmı?

– İstər xaricdə, istərsə də ölkəmizin paytaxtı və digər şəhərlərdəki teatrlarla əlaqələrimiz müəyyən istisnalar olmaqla məhduddur. Arzu edirəm ki, keçirilən festivallar, müsabiqə və konfranslarda, bu kimi digər tədbirlərdə bizim teatra da müraciət olunsun. Teatrımız müəyyən dövrlərdə istər xaricdə, istərsə də Azərbaycanın şəhər-rayonlarına qastrol səfərlərində iştirak edib. Təbiidir ki, teatrlar arasında olan rejissor aktyor, rəssam və digər sənət adamlarının işbirliyi yeni uğurlar gətirir.

– Bilirəm ki, kukla teatrları üçün bir kuklanın ərsəyə gəlməsi vacib şərtdir. Üstəlik, onun hazırlanması üçün materiallar əsasən xaricdən alınırsa. Bu mənada sizdə kuklalar hazırlanır, bu işi görən konstruktor-mexanikiniz varmı?

– Kukla teatrı mürəkkəb struktura malikdir. Mükəmməl tamaşaların hazırlanmasında konstruktora çox böyük ehtiyac duyulur. Bizim teatrda bu sənəti bilən, kukla hazırlayan rəssamımız var. Rəssam Sabir Məmmədov bütün tamaşaların mükəmməl şəkildə  hazırlanmasında öz bacarığını göstərir. Amma sizin qeyd etdiyiniz məqamlar da var və ümumi planda biz də zaman-zaman bu ehtiyacı duyuruq.

– Səyyar tamaşalarınız olurmu?

– Vaxtaşırı Naxçıvan Muxtar Respublikasının rayonlarında tamaşalar nümayiş etdiririk. Amma könül istər ki, bütün ölkəmizi dolaşaq.

– Aktyor, ümumən yaradıcı heyətiniz barədə nə deyə bilərsiniz? Daha çox həvəskarlardan, yoxsa peşəkarlardan təşkil olunub?

– Elə aktyorlarımız var ki, uzun müddətdir, yəni bu teatr yarandığı gündən indiyədək, mükəmməl yaradıcılıq yolu keçib. Baxmayaraq ki, xüsusi təhsil almayıblar, lakin tamaşaçıların sevimlisinə çevriliblər. Teatrda ixtisası olan aktyor, aktrisalarımız da var ki, onlar da həm təcrübəli həmkarlarından öyrənir, həm də öz bacarıqlarını həmkarları ilə bölüşürlər.

– Hazırda hansı tamaşa üzərində çalışırsınız?

– Yazıçı-dramaturq Eluca Atalının “Ənqa quşu” pyesinin məşqləri gedir. Dekabr ayının  sonunadək tamaşa təhvil veriləcək.

 

Söhbətləşdi: Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.6.