İllər öncə qəzetlər
nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (30)
Mətbuat xronikasında bu dəfə 35 il öncəyə
nəzər saldıq. Seçmələri “Mədəniyyət”
qəzetinin bir növ sələfi sayılan “Ədəbiyyat
və incəsənət” qəzetindən etdik. Mövzular isə
müxtəlifdir. Qəzetdəki orfoqrafiyaya da toxunmamışıq...
“Əİ”-nin gündəliyi (adsız xəbərlər)
Azərbaycan bədii tərcümə və
qarşılıqlı əlaqələr mərkəzinin təşkil
etdiyi görüşü – tərcüməçilərin
“Xəzər – 89” görüşü 5 gün davam etdikdən
sonra başa çatmışdır. Ölkənin (Sovet
İttifaqı – red.) bir sıra şəhərlərindən
gənclərin Xəzər sahilində yerləşən “Gənclik”
beynəlxalq turist mərkəzinə azərbaycanlı həmkarlarına
qonaq gəlmiş ədəbiyyatçılar bir-biri ilə
tanış olmuş, dəyirmi stol arxasında diskussiyalarda və
sadəcə olaraq səmimi söhbətlərdə ədəbi
tərcümə və milli mədəniyyətlər kimi
aktual problem barədə bir-birinin mövqelərini
araşdırmış, dostlaşmışlar. Millətlərarası
münasibətlərdə ədəbi əlaqələrin və
tərcümələrin rolunu yüksəltmək məsələləri
görüş iştirakçılarının diqqət mərkəzində
durmuşdur.
***
Azərbaycan Dövlət Universitetinin professoru, Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanova
Səlcuq universitetinin (Türkiyə) fəxri doktoru adı
verilmişdir. O, türkologiya sahəsində səmərəli
ardıcıl elmi fəaliyyətinə görə, mütəxəssis
kadrların hazırlığına görə bu ada layiq
görülmüşdür. Səlcuq universitetinin rektoru
professor Xəlil Cin əlamətdar hadisə münasibətilə
Azərbaycan alimini təbrik etmiş, türkologiyanın
müxtəlif problemlərinin tədqiqi sahəsində onun
böyük əhəmiyyətini qeyd etmişdir. Müəllimlərin
və tələbələrin xahişi ilə professor Zamanov
onları yenidənqurma mərhələsində Sovet Azərbaycanının
elmi və mədəni həyatı ilə tanış
etmiş, respublikada türkologiya elminin vəziyyətindən
və inkişafından danışmışdır.
***
Respublikamızın müxtəlif guşələrində
yerləşən teatrların ən yaxşı
tamaşalarını teatr ictimaiyyətinə göstərmək,
onları təbliğ etmək Azərbaycan Teatr Xadimləri
İttifaqının və A.M.Şərifzadə adına
Aktyor evinin əsas vəzifələrindəndir. N.B.Vəzirov
adına Lənkəran Dövlət Dram Teatrında
hazırlanmış Seyran Səxavətin “Büst” pyesinin
tamaşasının bu yaxınlarda Aktyor evində göstərilməsi
də həmin məqsədi daşıyırdı. Bakı
ziyalılarının maraqla qarşıladığı bu tədbir
“Azərbaycan” assosiasiyası ilə birlikdə
keçirilmişdir. Əsas rollarda Lənkəran
teatrının aktyorlarından Əli Salayev, Rafiq Mirzəyev,
Südabə Cəfərova və başqaları iştirak
etmişlər.
Tamaşanın quruluşçu rejissoru
respublikanın əməkdar incəsənət xadimi Baba
Rzayev, rəssamı Maya Babayevadır. Musiqisini əməkdar
incəsənət xadimi Adil Bəbirov bəstələyib.
Özbəkistan səhnəsində
Dramaturq Əli Səmədovun səhnə əsərlərinə
respublikamızdan kənarda da maraq göstərilir. Onun
uşaq pyesləri Belorusiya və Ukraynanın teatrlarında
tamaşaya qoyulub. Bu il isə Əli Səmədovun iki dram əsəri
Özbəkistan teatrlarında oynanılıb. “Əhmədin
vəfalı xoruzu” nağıl-pyesi Namanqan şəhərindəki
Ə.Nəvai adına dövlət teatrında tamaşaya
qoyulub (quruluşunu teatrın baş rejissoru M.Məmmədkulöv
vermişdir).
Bu günlərdə isə Əli Səmədovun
böyüklər üçün yazmış olduğu
“Ölüm hökmü” tragi-komediyası Gülüstan
şəhərindəki dövlət teatrında göstərilmişdir.
Gülüstan Dövlət teatrının Azərbaycan
dramaturqlarının əsərlərinə müraciəti ənənə
halını alıb. Ü.Hacıbəyovun “Arşın mal
alan”, S.Rəhmanın “Hicran” musiqili komediyalarından sonra
Ə.Səmədovun “Ölüm hökmü” pyesi məhz ilk
dəfə bu teatrın səhnəsində həyata vəsiqə
almışdır.
Pyes durğunluq dövrünün ictimai-sosial bəlalarına,
əxlaq və əqidə deformasiyasına həsr edilib.
Əsəri özbək dilinə həmyerlimiz, jurnalist
Yaşar Qasımov tərcümə edib. Tamaşanın
quruluşunu Özbəkistan SSR xalq artisti Mirzəkərim
Babayev verib. Quruluşçu-rəssam Aleksandr Batikovdur.
“Ədəbiyyat və incəsənət” qəzeti,
15 dekabr 1989-cu il
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.6.