“Bölgə teatrlarının Bakı premyerası” davam edir

 

Dövlət Akademik Milli Dram Teatrının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə həyata keçirdiyi “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində 9-10 dekabr tarixlərində Şəki Dövlət Dram Teatrı paytaxtımızda qastrolda olub.

Kollektiv ilk gün Vilyam Şekspirin “Heç nədən hay-küy” komediyası əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin aranjimançısı Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Nərmin Abbasova və digərləri ifa ediblər.

Tamaşada İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir. Saf məhəbbətin böhtanla ləkələnməsi haqqında əhvalat paytaxt tamaşaçıları tərəfindən maraqla qarşılanıb.

***

Qastrol çərçivəsində dekabrın 10-da türk müəllif Toyqun Orbayın “21:15 qatarı” (tərcümə Dilsuz Mustafayev) adlı pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı izlədik.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədovdur. Musiqi tərtibatlı səhnə işində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa edirlər.

Müəllifin pyesinə paytaxt teatrlarının da müraciətini nəzərə alsaq, özlüyündə gənc rejissorun bu işi ağır mətləblərdən keçid üçün yaxşı detallarla zənginləşdirilmişdi.

Tamaşa bir platformalı dəmir yol vağzalında baş verir. Tamaşa iki nəfərin dəmir yolu vağzalındakı söhbəti üzərində qurulub. Sərnişinlər 21:15 qatarını gözləyirlər. Bu sərnişinlər, əslində, həyatda öz missiyalarını bitirmiş, o dünyaya getmək üçün öz növbəsini gözləyən insanlardır...

Səhnə əsəri tamaşaçıların alqışını qazandı.

Nümayişdən sonra səhnəyə çıxan Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə kollektivi uğurlu qastrol münasibətilə fəxri fərmanla təltif etdi, yeni yaradıcılıq uğurları arzuladı.

Öz növbəsində Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli layihənin uğurla icrasına görə Mədəniyyət Nazirliyinə və ev sahibi teatra təşəkkürünü bildirdi.

 

Həmidə Nizamiqızı

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.4.