Poeziyamıza gözəllik bəxş
edən şair
Tofiq Bayram-90
Azərbaycan ədəbiyyatında səlis üslubu,
rəvan dili və aydın ifadə tərzi ilə seçilən
ədiblərimizdən biri şair, tərcüməçi,
Əməkdar incəsənət xadimi Tofiq Bayram olub. Yurd, vətən
aşiqi olan şairin yaradıcılığı sevgi və
səmimiyyətdən yoğurulub.
Görkəmli şairi anadan olmasının 90 illiyi
münasibətilə yada saldıq.
Tofiq Qulam oğlu Bayramov (Tofiq Bayram) 16 dekabr 1934-cü
ildə Bakının Əmircan kəndində dünyaya
göz açıb. Burada orta məktəbi bitirdikdən sonra
sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun Tarix
fakültəsinə verir. Əmək fəaliyyətinə
“Azərbaycan müəllimi” qəzeti redaksiyasında
şöbə müdiri kimi başlayır. Sonra Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
ədəbi işçi, Dövlət Opera və Balet
Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı,
“Ədəbiyyat və incəsənət” qəzeti
redaksiyalarında şöbə müdiri,
“Yazıçı” nəşriyyatında baş redaktor
müavini işləyir...
Tofiq Bayram poeziyaya erkən çağlardan maraq
göstərib. Yazıçılar İttifaqında
keçirilən poeziya tədbirlərində yaxından
iştirak edib. Görkəmli yazıçı və
şairlərin yaradıcılıqla bağlı məsləhətini
dinləyib. Tələbə ikən özünü
büsbütün yaradıcılığa həsr edir.
Çətinliklərlə qarşılaşır. Çox
keçmir başa düşür ki, poeziyanın yolu
heç də hamar olmur...
O, yaradıcılığını oxuculara
tanıtmaq və şair qələmini sevdirmək
üçün mədəni-kütləvi tədbir və
şeir müsabiqələrində yaxından iştirak edir.
Bir müsabiqədə oxuduğu “Gərək elə yanım
külümdən belə, nəsillər tanısın, Tofiq
Bayramam” adlı şeiri maraqla qarşılanır.
Şair yaradıcılığında qadın-ana
mövzusuna çox həssaslıqla yanaşıb. “Analıq
haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”,
“Qadınlar və analar haqqında qəsidə”, “Ay gecikən
məhəbbətim”, “Qadın ürəyi” və bu kimi
şeirlərində qadınları ilhamla vəsf edib. Müəllif
“Analıq haqqı” şeirində “Yüz il dayansam da
qulluğunda mən, Ay ana, bir günlük haqqın ödənməz”
deyir.
Şairin ötən əsrin 70-ci illərində
türk müğənnisinə yazdığı şeir
Türkiyədə geniş yayılır. Bu, Moskvada bəzi
dairələrin etirazına səbəb olur. Bakıya müəllif
barəsində “tədbir görülsün” mesajı gəlir.
Millətinin söz adamlarını həmişə
qorumağı bacaran Ulu öndər Heydər Əliyev
yaradıcılığına hörmət bəslədiyi
Tofiq Bayramı bu təzyiqlərdən qoruyur.
Tofiq Bayram tərcümə sahəsində də qələmini
sınayıb. Keçmiş SSRİ xalqları ədəbiyyatından
və xarici müəlliflərdən tərcümələr
edib: Aleksandr Tvardovskinin “Üfüqlərdən üfüqlərə”,
“Yaddaşın hökmü”, Rəsul Həmzətovun
“Durnalar” və “Dostları qoruyun” adlı şeir
kitablarını, A.Puşkinin “Motsart və Salyeri”, Anna
Axmatovanın “Rekviyem” poemalarını, habelə ispan dramaturqu
Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini
ustalıqla dilimizə tərcümə edib. Şair eləcə
də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşidze,
M.Posxişvili, T.Ciladze və balkar şairi Qaysın Quliyevin sənət
əsərlərini Azərbaycan dilinə çevirib. Şair
A.Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə
görə M.Qorki adına Azərbaycan Dövlət
Mükafatına layiq görülür.
Tofiq Bayramın şeir gülüstanı rəngarəngdir.
Burada hər gülün, çiçəyin öz adı və
öz ətri var. Xalq şairi Zəlimxan Yaqub
çıxışlarının birində deyib: “Tofiq Bayram
çiçəkləri şeir kimi, şeiri də
çiçəklər kimi sevərdi. Dəfələrlə
şairi görüşlərdə güllərin içində
itən görmüşəm. Onun görüşlərində
gül dəstələrindən dağ yaranardı. Qəribə
şeir deməyi vardı. Elə bil yeriyən dağ silkələnir
və içində vulkan püskürürdü. Bu
püskürən vulkanın nəfəsindən qopan misralar
o qədər zərif, həzin olardı ki, adamın yeddi
qatından keçərdi. Mürgülü günlərin
xiffəti ürəyinə ox kimi sancılardı:
Biz ki unutmuşduq ilk məhəbbəti,
Ah, bu qəfil görüş kaş olmayaydı.
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı”.
Şair məhəbbət mövzusunda əsərlərində
bədii təsvir və ifadə vasitələrindən
yüksək sənətkarlıqla istifadə edib. Həmin bədii
nümunələrdən biri “Qadın ürəyi”
şeiridir. Müəllif əsərində qadın qəlbinin
böyüklüyü, zənginliyi və mürəkkəbliyini
özünəməxsus şəkildə qələmə
alıb:
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir,
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Müəllif bu şeirdə qadın-analar haqqında
oxucuların qəlbində sanki sözdən abidə
ucaldıb.
Elinə, yurduna ülvi tellərlə bağlı olan
şairin dərin duyğulu, poetik mühakiməsi onu daima
süni hisslərdən, yarınmaqdan uzaq tutub. O, görkəmli
şəxsiyyətlərin, yaradıcı insanların zəhmətini,
xalq və vətən qarşısında xidmətlərini
yüksək poetik dillə vəsf edib. Müəllif Xalq rəssamı
Səttar Bəhlulzadəyə həsr etdiyi “Səttar çələngi”
şeirində yazır:
Rəssamlıq İlahi vergiydi səndə,
Bəs necə oxutdun gülü, çiçəyi?!
Görünür, üç ürək
varmış sinəndə:
Füzuli, Üzeyir, Səttar ürəyi!
Tofiq Bayramın qəlboxşayan poeziyası bir
sıra bəstəkarlarımızın diqqətini cəlb
edib. Şairin sözlərinə bəstələnmiş
onlarca nəğmə ərsəyə gəlib. Həmin
mahnılar uzun illərdir müğənnilərin
repertuarında yer alır, dinləyicilərin ruhuna
sığal çəkir.
Ürəkaçan, gözoxşayan poetik nümunələri
ilə poeziyamıza gözəllik bəxş edən şair
9 aprel 1991-ci ildə vəfat edib, doğulduğu Əmircan kəndində
dəfn olunub.
24 sentyabr 1998-ci ildə Əmircanda şairin
büstünün və onun adını daşıyan istirahət
parkının açılışı olub.
Açılış mərasimində iştirak edən
Prezident Heydər Əliyev çıxışında deyib:
“Suraxanı torpağı Azərbaycana, xalqımıza
böyük insanlar bəxş edib. Onların arasında Tofiq
Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl
şeirləri, sözlərinə bəstələnmiş
mahnıları, fədakar yaradıcılığı ilə
tanınmış və məşhur olmuşdur. Tofiq
Bayramın sağlığında da xalq həmişə ona
sevgi və məhəbbətini, hörmətini bildirib. Mən
şəxsən Tofiq Bayramla dəfələrlə
görüşmüşəm, danışmışam,
yazıçıların qurultaylarında onlarla
görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə
bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim
var”.
Tofiq Bayramın yaradıcılığı təzə-tər
poeziya çələngidir. Səmimiyyətdən, sevgidən,
işıqdan hörülmüş bu çələngin
ömrü elə söz ömrü qədərdir...
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.6.