“Ulduzlu gecə”də duyğularla baş-başa

 

Həmin axşam (noyabrın 28-də) yağış lap məşhur filmdə deyildiyi kimi, “tut ucundan göyə çıx”ılası idi. Bir növ “İslanıb üstü-başı yaz (bu dəfə payız) yağışından yarımın” lirikası da bir yandan “səs” edirdi. Küləyin ağaclardan qopardığı son yarpaqlar yerə düşməyə macal tapmamış islanıb asfalta yapışmışdı. Sənətsevərlər isə onlara məhəl qoymadan yağışdan islanmış ətəklərini darta-darta Heydər Əliyev Sarayının pilləkənləri ilə sürətlə qalxırdılar...

İçəridə başqa bir ovqat, bir həzin gecə vədi vardı. Özü də bu dəfə 90-lar nəsli üçün. Odur ki, özümü həmyaşıdlarım, təxminən eyni dövrün adamları içərisində rahat hiss edirdim. Yeniyetməlik dövrümüzün hitləri səslənəcəkdi.

Budur, açılış musiqisi ilə əzəmətli saray səhnəsinin pərdələri aralanır.

Aparıcı “Əziz tamaşaçılar, sevimli bəstəkarımız, hamımıza doğma olan nəğmələrin yaradıcısı, Əməkdar artist Vüqar Camalzadənin 50 illiyinə həsr olunmuş yubiley konsertə, “Ulduzlu gecə”yə xoş gəlmisiniz” deyib səbəbkarı səhnəyə dəvət etdi.

Sürəkli alqışlar altında təşəkkür ifadə edən bəstəkar hesabat xarakterli konsertini həyəcanla gözlədiyini dedi. Uzun illər üzərində işlədiyi və zaman-zaman dillər əzbəri olan mahnılarını bir araya toplamaqla bir növ nəsillərin görüşünə nail olmasından məmnunluğunu dilə gətirdi, tamaşaçılara təşəkkür etdi.

Konsert bəstəkarın illərdir üzərində işlədiyi və yaxın zamanlarda geniş tamaşaçı auditoriyasına təqdim etməyi planlaşdırdığı “Dədə Qorqud” baletindən parça ilə başladı.

Niyazi adına Dövlət Simfonik Orkestri (dirijor Cavad Tağızadə) və Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadə) müşayiəti və rəngarəng rəqs nömrələri musiqili gecənin ovqatına uyğun idi.

Mahnıların zaman və mövzu sıralaması da yerində idi. Məsələn, ilk olaraq səhnədən “Səs” yayıldı. Əməkdar artist Lalə Məmmədovanın ifasında səslənən bu füsunkar nəğmə yerini ikinci ifaya – “Ulduz”a verdi.

Sonra estrada ulduzu Ayaz Qasımov ifa texnikası baxımından mürəkkəb hesab olunan “Sevgilimi istərəm”i dilə gətirdi. Ardınca “Bakı bulvarı” dilə gəldi.

“Dədə Qorqud” baletindən “trio”dan sonra Aysel İbrahimova zala “Səni sevirəm ki” etirafını etdi. Nə zamansa bizləri xayali naməlum ünvanlara aparan “Həsrət yelləri” Rövşən Məmmədovun qaltanlı səsində pərvazlandı.

Məqam “Məhəbbət payım”a çatanda az qala bütün zal bir ağızdan nəğmənin ilk və son ifaçısı Elnarə Xəlilovaya qoşuldu.

Musiqi gecəsində Zamiq Hüseynovun ifası – “Məhəbbət gəlsin”i də dilləndi. Əməkdar artist Eldar Məmmədovun piano müşayiətində Nurlana Abdullayeva “Neyləyim” sualına cavab axtardı.

Konsert boyu ifalarını izlədiyimiz Dövlət Rəqs Ansamblı “Azərbaycan süitası” şedevri ilə haqq elədiyi gur alqışı aldı.

Xalq artisti Röya Ayxanın “Nazlı” və “Ulduz nəğməsi” sevgi selinə döndü. Xalq artisti, özünəməxsus üslubu ilə hər zaman seçilən Faiq Ağayevin “Geri dön” çağırışı yerini estradamızın ustadlarından Xalq artisti Mübariz Tağıyevə verdi. Vətənpərvərlik mövzusundakı bir çox mahnıları ilə milyonlarla tamaşaçının qəlbində yeri olan sənətkar “Müqəddəs Vətən”i oxudu.

Konsert “Azərbaycan” mahnısı ilə bitdi. İlkin Dövlətov, Elnarə Xəlilova, Aysel İbrahimova, Rövşən Məmmədov və Nurlana Abdullayevanın birgə ifası zalda daha bir sürəkli alqış doğurdu.

Uzun illəri əhatə edən bəstəkarlığı dövründə ilk dəfə cəsarət etdiyi bu hesabat konsertini müəllifin dinləyicilərə hədiyyəsi də hesab etmək olardı.

Onu da deyim ki, gecə boyu bəstəkarın filmlərə yazdığı musiqilər, tamaşalara bəstələdiyi mahnılardan (uşaqlar üçün) da söz açıldı. Həmçinin instrumental musiqi kompozisiyaları səsləndi.

Vüqar Camalzadənin simfonik orkestr üçün 3 hissəli simfoniya, kamança və simfonik orkestr üçün konsert, simfonik mənzərə, violonçel və fortepiano üçün sonata və digər əsərlərin, həmçinin 60-dan çox mahnının müəllifi olduğu diqqətə çatdırıldı.

Gecə də növbəti nümayişin vədi – “Dədə Qorqud” baletinin premyerası sorağı ilə başa çatdı və tamaşaçılar nostalgiya yağışında dilə gələn hisslərini alqışa büküb səhnəyə – səbəbkara ərməğan etdilər.

 

Həmidə

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.5.