Hanoydan Varşavayadək – milli mətbəximizin
təqdimatı
Azərbaycanın Vyetnamdakı səfirliyi bu ölkənin
Xarici İşlər Nazirliyinin təşkilatçılığı
ilə Hanoy şəhərində keçirilən beynəlxalq
qida festivalında iştirak edib.
40-dan çox dövlətin diplomatik
missiyasının təmsil olunduğu festivaldakı
pavilyonumuzda milli suvenirlər, Vyetnam dilində çap
olunmuş kitablar, Ulu öndər Heydər Əliyevin
1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi
Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks
etdirən fotolar nümayiş etdirilib.
İştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin
nümunələri (Qarabağ kətəsi, dolma, kabablar,
dovğa, şəkərbura və s.) təqdim olunub.
Tanınmış aşpaz David İsrafilovun
hazırladığı yeməklər böyük maraq
doğurub.
Vyetnam Kommunist Partiyası baş katibinin xanımı
No Fın Li açılış mərasimindən sonra Azərbaycan
pavilyonuna da baş çəkib, milli mətbəximizlə
maraqlanıb.
Qeyd edək ki, festivalda ən çox ziyarət edilən
pavilyonlardan biri Azərbaycana aid olub. Səfirliyimizin tərəfdaşı
olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri
də pavilyonun təşkilinə kömək göstəriblər.
***
Azərbaycanın Polşadakı səfirliyi isə
Polşa Azərbaycanlıları Şurası ilə birgə
ölkənin birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi
altında təşkil olunmuş 17-ci xeyriyyə bazarında
(Charity Bazaar) iştirak edib.
Tədbirdə ziyarətçilərə təqdim
olunan milli mətbəx nümunələri – plov, UNESCO-nun
siyahısına daxil edilmiş dolma, milli şirniyyatlardan
şəkərbura, paxlava, badambura və digər təamlar
böyük marağa səbəb olub. Azərbaycan stendində
ölkəmizdə istehsal olunan müxtəlif növ
içki, şirə, mürəbbə, müxtəlif konservlər,
çay növləri bazar ziyarətçiləri tərəfindən
həvəslə alınıb.
Polşanın birinci xanımı Aqata Kornhauzer-Duda
stendimizlə tanış olub.
Tədbirdə çıxış edən səfir Nərgiz
Qurbanova ölkəmizin zəngin mədəniyyəti barədə
məlumat verib, Azərbaycan mətbəxinin dünyanın ən
zəngin və ləziz mətbəxlərindən biri
olduğunu vurğulayıb. Diplomat milli folklorumuzun bir hissəsi
olan rəqslər haqqında da danışıb.
Xeyriyyə bazarının bədii hissəsində
Polşadakı Azərbaycan diasporunun nümayəndələri
və polyak gənclər “Uzundərə” rəqsi və “Azərbaycan”
mahnısını ifa ediblər.
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.8.