Xalq şairi
Hüseyn Arif yad olundu
XX əsr Azərbaycan poeziyasının görkəmli
nümayəndələrindən Dövlət mükafatı
laureatı, Əməkdar incəsənət xadimi, Xalq
şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadə;
1924–1992) bu il anadan olmasının 100 illiyidir. Yubiley münasibətilə
il ərzində tədbirlər keçirilib.
Bu silsilədən daha bir tədbir dekabrın 11-də
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında gerçəkləşdi.
Azərbaycan Yazıçılar Birliyi Poeziya
şöbəsinin rəhbəri İbrahim İlyaslı tədbiri
açaraq şairin həyat və yaradıcılıq
yolundan danışdı. Diqqətə çatdırdı
ki, Hüseyn Arif xalqımızın zəngin bədii-poetik
irsi zəminində dəyərli əsərlər meydana gətirib.
Şairin qayəsi, məramı Vətənə məhəbbət,
mənəvi-əxlaqi zənginliklər və təbiət
gözəlliklərinin tərənnümüdür.
Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm
Qasımlı qeyd etdi ki, Hüseyn Arif çox zəngin ədəbi
irs yadigar qoyub. O, dolğun yaradıcılıq fəaliyyəti
dövründə məna və mövzu baxımından dəyərli
poeziya nümunələri qələmə alıb. Hüseyn
Arifin çoxsaylı şeirlərinə mahnılar bəstələnib.
Əsərləri xarici dillərə tərcümə olunub.
Şair özü də qələmini tərcümə sahəsində
sınayıb. Müxtəlif xalqların ədəbiyyatından
tərcümələr edib.
Qeyd olundu ki, Hüseyn Arifin
yaradıcılığında təbiət haqqında
şeirləri üstünlük təşkil edir. “Təbiət
düşünür”, “Şaxtadan göyərmiş payız
çiçəyi”, “Dəyişib rəngini qaralan bulaq”,
“Bulanıb gözündən kor olan bulaq”, “Atası
torpaqdır, anası meşə” və bu qəbildən digər
şeirləri onun təbiət aşiqi olduğunu göstərir.
Görkəmli sənətkar həm də qədirşünaslığı
ilə diqqət çəkib. Aşıqlar Birliyi məhz
onun qayğıkeş fəaliyyəti nəticəsində
1984-cü ildə yaradılıb. Şairin ədəbiyyatımızın
inkişafına verdiyi töhfələr dövlət tərəfindən
yüksək qiymətləndirilib. O, 1984-cü ildə “Əməkdar
incəsənət xadimi”, 1989-cu il ildə “Xalq şairi” fəxri
adlarına layiq görülüb.
Tədbirdə daha sonra Dövlət İmtahan Mərkəzi
İdarə Heyətinin sədri Məleykə Abbaszadə,
Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə
Akimova və başqaları çıxış edərək
görkəmli sənətkarın yaradıcılıq
yolundan və onunla bağlı xatirələrindən söz
açdılar.
Bildirildi ki, həyat və təbiət aşiqi olan
şair ömrünün müdrik çağlarında kədərli
günlər yaşayıb. 1976-cı ildə oğlu Arif
Hüseynzadə faciəli şəkildə
dünyasını dəyişir. O bu vaxtsız itkidən bərk
sarsılır.
Çıxışlardan sonra konsert proqramı təqdim
edildi.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblının müşayiəti ilə (bədii
rəhbər və baş dirijor: Xalq artisti Ağaverdi
Paşayev, musiqi rəhbəri Mahir İbrahimov) Əməkdar
artist Almaz Orucova, Əməkdar mədəniyyət
işçisi Aşıq Samirə, müğənnilər Vəfa
Vəzirova, Rəvanə Qurbanova, Nurlanə Abdullayeva,
aşıqlar Elməddin Məmmədov, Əli
Tapdıqoğlu, Avdı Musayev şairin sözlərinə bəstələnmiş
mahnıları və saz havalarını ifa etdilər. Xalq
artisti Sabir Məmmədov, respublika və beynəlxalq
müsabiqələr laureatları Rəşad Dadaşov,
Hüseynağa Aslanov və Firuzə İsmayıl şairin
şeirlərini səsləndirdilər.
Sonda şairin nəvəsi Tural ailələri
adından tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkür etdi.
S.Fərəcov
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.1;2.