90 illik yubileyin son tədbirləri
Azərbaycan Bəstəkarlar İttifaqının
(ABİ) 90 illik yubileyi il ərzində silsilə tədbirlərlə
qeyd edildi. Bakıda, Gəncədə, Şuşada, Şəkidə,
eləcə də bir sıra ölkələrdə yubileyin sədası
eşidildi.
Noyabrın 22-də bəstəkarların simfonik əsərləri
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin ifasında (dirijor M.Mehmandarov) səsləndirildi.
23 noyabrda ittifaqın Ü.Hacıbəyli adına konsert
salonunda bəstəkarların yeni əsərlərindən
ibarət kamera-vokal konserti, R.Behbudov adına Mahnı
Teatrında yeni mahnılardan ibarət konsert, 25 noyabrda isə
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin ifasında (dirijor Xalq artisti A.Paşayev) bəstəkarların
əsərləri təqdim olundu.
Dekabrın 9-da yubiley silsiləsinin son iki tədbiri
gerçəkləşdi. Bunlardan biri uşaq musiqisinə həsr
olunan elmi-praktiki konfrans idi.
ABİ-nin sədri, AMEA-nın müxbir üzvü,
Xalq artisti Firəngiz Əlizadə giriş sözündə
ittifaqda uşaq musiqisi və gənclərin musiqi-estetik tərbiyəsi
bölməsinin fəaliyyətinə toxundu, uşaqlar
üçün yazılan əsərlərin əhəmiyyətini
vurğuladı.
ABİ-nin katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova, ABİ-nin Uşaq musiqisi və gənclərin
musiqi-estetik tərbiyəsi bölməsinin sədri Əməkdar
incəsənət xadimi, professor İmruz Əfəndiyeva,
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Elnarə Dadaşova, sənətşünaslıq
elmləri doktoru Leyla Zöhrabova, Raya Abasova, Xırdalan şəhər
11 nömrəli Musiqi məktəbinin müəllimi Sevinc
İbrahimova və sənətşünaslıq üzrə fəlsəfə
doktoru Günel Zeynalovanın məruzələri dinlənildi.
Bədii hissədə Elnarə Dadaşova, Mehriban
Əhmədova, Məryəm Əlibəyli və Fikrət
Əmirovun əsərləri səsləndirildi.
Həmin gün yubiley münasibətilə M.Maqomayev
adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
kamera musiqisi konserti keçirildi.
Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin
ifasında bəstəkarların yeni əsərləri ifa
olundu. Əməkdar incəsənət xadimləri Elnarə
Dadaşova, Faiq Nağıyev, həmçinin Gülbəniz
Abdullayeva, İlham Azmanlı, Azər Hacıəsgərli, Nərminə
Nağıyeva, Mürsəl Arazbəyli, Azad Zahid, Tural Məmmədli
və İlahə Qismət-Abdullanın əsərləri səsləndirildi.
Bununla da ABİ-nin 90 illik yubiley tədbirləri
başa çatdı. Növbəti yubileyləri qeyd etmək
diləyi ilə
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi
Mədəniyyət .- 2024.- 13 dekabr(№92-93).- S.2.