Əbədiyaşar sənətkar

 

Nə qədər muğam var, Səxavət sağdır...

 

Milli xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biri olan Səxavət Məmmədov (1953–1991) Azərbaycan mədəniyyətinə dahilər bəxş etmiş Qarabağ torpağında, Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açmışdı. Elə həmin torpağın suyundan, udduğu havasından bulaq kimi qaynar, coşqun səsin mənbəyi gəlirdi. Deyirlər, Qarabağ torpağında körpələr də “Segah” üstündə ağlayır. S.Məmmədovun oxuduğu mahnılar da “Segah” ladında idi. “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Külək” kimi mahnılar onun bənzərsiz səsi və “Segah”ın naləsi ilə birləşib qəlbimizin ən incə tellərinə oxşayır. “Azad bir quşdum” mahnısının ən gözəl ifaçısı olan S.Məmmədov bu misralara möhürünü vurarkən sanki gənc yaşında torpağa düşəcəyini hiss etmişdi...

İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Səxavət Məmmədova həsr olunan “Azad bir quşdum” adlı ədəbi-bədii gecə keçirildi. 

Tədbiri muzeyin direktoru Əməkdar Mədəniyyət işçisi Alla Bayramova açaraq unudulmaz sənətkarın xatirə işığına yığışan tədbir iştirakçılarını salamladı.

İctimai birliyin sədri Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı milli musiqi mədəniyyətində özünəməxsus yeri olan xanəndənin həyat və yaradıcılığından, muğam ifaçılığına verdiyi töhfələrdən söhbət açdı. Qeyd etdi ki, 33 il əvvəl yol qəzasında dünyasını dəyişən Səxavət Məmmədov milli musiqi sənətimizdə, yaddaşlarda əbədi yaşayacaq.

Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyov, Əməkdar artist, xanəndə Təhmiraz Şirinov, Səxavət Məmmədov haqqında  “Səsin ruhu” kitabının müəllifi, Əməkdar mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli, qarmon ifaçısı Aydın Əliyev, rəssam Minayə Feyzullayeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, bu sətirlərin müəllifi və digər çıxış edənlər sənətkarla bağlı xatirələrini, ürək sözlərini söylədilər.

Qeyd edək ki, Asəf Zeynallı adına Musiqi Texnikumunda ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənən S.Məmmədov 1976-cı ildən “Humayun” ansamblının solisti olub. 80-ci illərin sonlarında yaratdığı “Qarabağ” instrumental ansamblı ilə müxtəlif ölkələrə səfər edir, musiqimiz, muğamımızla yanaşı, o vaxtlar yeni başlanan Qarabağ hadisələri ilə bağlı Azərbaycan həqiqətlərini  də dünyaya çatdırırdı.

Xatirə tədbirində Səxavət Məmmədovun İsrail səfərindəki konsertindən, eləcə də televiziya çəkilişləri və iştirak etdiyi şənlikləri ilə bağlı arxiv lent yazılarından kadrlar nümayiş etdirildi. Səxavət Məmmədovun 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğramadan bir gün öncə toy mərasimindəki son görüntüləri tədbir iştirakçılarını göz yaşlarına qərq etdi.

Sonda S.Təhmirazqızı yubiley tədbirinin keçirilməsinə şərait yaratdığına görə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya və arxiv materiallarının toplanılmasında xüsusi xidməti olan Sadiq Hüseynova İrsin Tədqiqi və Təbliği İctimai Birliyi adından təşəkkürnamə təqdim etdi.

***

Ustad xanəndə Səxavət Məmmədovun insan ruhunu oxşayan bənzərsiz səsi onu bir dəfə belə dinləmiş hər kəsin yaddaşında əbədiyaşarlıq qazanıb.

Xoşbəxt insanam ki, Səxavət Məmmədovun canlı ifasını dinləmişəm. Əmimin Buzovnada keçirilən toy məclisində xanəndə Səxavət Məmmədov idi. Həmin şənlikdə dayım – şair, Əməkdar incəsənət xadimi Tofiq Bayram da iştirak edirdi.

S.Məmmədov Tofiq Bayramın sözlərinə yazılmış “Əziz dostum” (musiqisi Qulu Əsgərov) və “Ay gecikən məhəbbətim” (musiqisi Bəhram Nəsibov) mahnılarını ifa etdi. Hər iki sənətkarın iştirakıyla keçən toy məclisi mənim yaddaşıma həmişəlik həkk olundu. Səxavət Məmmədovun əziz xatirəsinə qələmə aldığım “Azad bir quşsan” şeirinin son misraları ilə öz fikrimi bitirmək istəyirəm:

 

Sən Vətən oğlusan, qarabağlısan

Bulaq kimi qaynar, coşub-daşarsan.

“Azad bir quşsan”, yuvandan uçsan

Torpaq həsrətiylə yanıb yaxarsan.

Sənətkar yaşayır, yaşayacaqdır

Xalqın sevgisiylə, ölməz səsiylə.

Nə qədər dünya var, Səxavət vardır!

Nə qədər muğam var, Səxavət sağdır!

 

Nigar Bayramova

Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.7.