Milli xəzinə – Azərbaycan təsviri sənəti üç dildə kitab və portalda

 

Dekabrın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində “Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.

Kitab və portal indiyədək ölkəmizdə mədəniyyətlə bağlı bir sıra layihələrin reallaşmasında iştirak etmiş Böyük Britaniyanın bp şirkətinin dəstəyi ilə, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanıb.

Təqdimat mərasimində “bp-Azərbaycan”ın kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı, şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, TLM-in rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı, Milli Məclisin deputatı Fazil Mustafa, kitabın ideya müəllifi və art-direktoru Qalib Qasımov çıxış ediblər.

Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.

Ceyhun Osmanlı kitabda 206 müəllifin 463 əsərinin yer aldığını, kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini diqqətə çatdıraraq layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Millət vəkili Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarla yanaşı, çox dəyərli əsərlər yaratmış, amma az tanınan rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əhatə olunan əsərlərin hər biri sənət incisidir və onlar 12 mindən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib.

Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova hazırlıq mərhələsi, əsərlərin seçilməsi prinsipləri barədə danışıb.

Qeyd edək ki, sənət toplusu incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də sənətsevərlərə bp şirkətinin hədiyyəsidir. Üç dildə tərtib olunmuş veb-sayt (www.az-art.gallery) da istifadəyə açıqdır.

 

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.3.