Qahirədə Şuşaya həsr olunmuş musiqi gecəsi

 

Tofiq Bakıxanovun əsərləri ərəb ölkələrində də maraqla qarşılanır və sevilir

 

Xəbər verildiyi kimi, noyabrın 21-də Qahirədəki Misir-Britaniya Universitetində Misirin dövlət və ictimai xadimlərinin, diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyinin adıçəkilən universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.

Misir-Britaniya Universitetinin rektoru professor Məhəmməd Lutfi belə bir tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. O, həmçinin Misir-Britaniya Universitetinin bir neçə gün öncə Bakıda COP29-da iştirak etdiyini diqqətə çatdırıb.

Səfir Elxan Poluxov qeyd edib ki, konsert Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və ölkəmizin COP29-a ev sahibliyi etməsinə həsr olunub.

Azərbaycanla Misir arasında əlaqələrin ildən-ilə genişləndiyini bildirən diplomat deyib ki, bu il ölkəmizin Qahirədə səfirliyinin açılmasının 30 illiyidir. Yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar olduğunu bir daha göstərir.

Misir-Britaniya Universitetindəki konsertin də Azərbaycan mədəniyyətini və musiqisini yerli auditoriyaya tanıtmaq üçün gözəl fürsət olduğunu bildirən səfir əsərləri ifa olunan bəstəkarlardan Xalq artisti, professor Tofiq Bakıxanovun gecədə iştirak etdiyini diqqətə çatdırıb, onun yaradıcılığı barədə məlumat verib. Vurğulayıb ki, Tofiq Bakıxanov milli bəstəkarlıq ənənələrimizi uğurla davam etdirir.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub.

Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsərindən parçalar, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konserti, Fikrət Əmirovun “Şur” simfonik muğamı alqışlarla qarşılanıb.

Xatırladaq ki,  ötən ilin noyabrında da Qahirədə Azərbaycan musiqisi axşamı təşkil edilmişdi. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş həmin konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Misirin görkəmli musiqiçisi Əhməd əl-Səidin bədii rəhbəri olduğu Qahirə Simfonik Orkestri və Xor Kapellasının ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”, Qara Qarayevin “Adajio” və “Yeddi gözəl” baletindən rəqs, Soltan Hacıbəyovun “Karvan”, Niyazinin “Konsert valsı” və Tofiq Bakıxanovun “Xeyir və Şər” baletindən vals səslənmişdi.

 

Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.5.