“Səttarın Füzulisi”
Görkəmli rəssamın ev-muzeyində yubiley sərgisi
Dekabrın 11-də Səttar Bəhlulzadənin
Əmircan qəsəbəsindəki (Suraxanı rayonu)
ev-muzeyində “Səttarın Füzulisi” adlı sərgi
keçirildi.
Sərgi Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndəsi, Xalq rəssamı, Dövlət
mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974)
anadan olmasının 115, dahi şair və mütəfəkkir
Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr
olunub.
Muzeyin direktoru sənətşünaslıq üzrə
fəlsəfə doktoru Pərzad Abdinova sərgi haqqında məlumat
verdi. Qeyd etdi ki, Səttar Bəhlulzadənin
yaradıcılığında Məhəmməd Füzuliyə,
şairin “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına
həsr edilmiş əsərlər xüsusi yer tutur. Sərgidə
nümayiş olunan əsərlər şəxsi kolleksiyalarda
qorunan nümunələrdir və əksəriyyəti ilk dəfədir
təqdim edilir.
Suraxanı rayonunun icra başçısı Adil
Əliyev çıxış edərək bildirdi ki, Səttar
Bəhlulzadə milli təsviri sənətin inkişafında
əvəzsiz rol oynayıb və
yaradıcılığı ilə Azərbaycanın mədəni
irsinə böyük töhfələr verib. İcra
başçısı rəssama aid olan təşəkkürnaməni
muzeyə təqdim etdi.
Azərbaycan Yazıçılar Birliyinin katibi
İlqar Fəhmi rəssamlarımızın hər zaman
poeziyaya yaxın olduqlarını dedi. Qeyd etdi ki, Səttar Bəhlulzadə
Füzulini, sadəcə, sevməyib, həm də onu ruhən
daxilində daşıyıb. Füzulinin “Leyli və Məcnun”
poemasının obrazlarına həsr etdiyi əsərlər rəssamın
şeir dünyasının incəliklərini rənglərlə
ifadə etməyə çalışdığını
göstərir. Bu əsərlər Azərbaycan mədəniyyətinin
müxtəlif sahələrini birləşdirən,
poeziyanı təsviri sənətlə vəhdət
halında təqdim edən möhtəşəm nümunələrdir.
Daha sonra Səttar Bəhlulzadənin rəsmlərini əks
etdirən videoçarx nümayiş olundu.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev söylədi
ki, Səttar Bəhlulzadə yaradıcılığı ilə
Azərbaycan təsviri sənətində yeni səhifə
açıb, milli sənət ənənələrini
özünəməxsus üslubu ilə zənginləşdirib.
Tədbirin bədii hissəsində Beynəlxalq
Muğam Mərkəzinin solisti, xanəndə Məmməd Nəcəfov,
Valeh Allahverdiyev (tar) və Fərrux Haşımlı
(kamança) Füzulinin qəzəlləri əsasında
yazılmış musiqi nömrələri ifa etdilər.
Sonda qonaqlar rəssamın “Şəbi-hicran”,
“Füzuli”, “Məcnun”, “Leyli” və s. əsərlərinin yer
aldığı sərgi ilə tanış oldular.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.2.