Qardaşlıq
münasibətləri mədəni irsimizlə də möhkəmlənir
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət
Komissiyasının dördüncü iclası
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət
Komissiyasının dördüncü iclası dekabrın 9-da
Bakıda, M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında keçirilib.
İclasa Azərbaycan mədəniyyət nazirinin
müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət
və turizm nazirinin müavini Batuhan Mumcu sədrlik ediblər.
Fərid Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan
və Türkiyə dövlət
başçılarının dostluq və qardaşlıq
münasibətləri iki ölkə arasında bütün
sahələrdə olduğu kimi, mədəniyyət sahəsində
də əməkdaşlığın inkişafında
müstəsna rol oynayır: “Ulu öndər Heydər
Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu birgə
əməkdaşlıq bütün sahələrdə,
xüsusən də mədəniyyət sahəsində
özünü təzahür etdirir. Bu ilin 1-3 may tarixlərində
ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq: əməkdaşlıq və
qarşılıqlı əlaqə” mövzusunda keçirilən
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu, mayın 11-də Şuşada təşkil edilən
“Şuşa – İslam dünyasının mədəniyyət
paytaxtı – 2024” ilinin açılış mərasimində
qardaş Türkiyənin iştirakı bizim üçün
sevindirici oldu”.
Ölkəmizin noyabr ayında 41-ci İstanbul Beynəlxalq
Kitab Sərgisində “fəxri qonaq ölkə” qismində
iştirak etdiyini deyən nazir müavini bildirib ki,
bütün bunlar iki ölkə arasında mədəniyyət
sahəsində yüksək səviyyəli əməkdaşlığın
göstəricisidir. 11-22 noyabr tarixlərində Azərbaycanın
ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində
keçirilən mədəniyyətə əsaslanan iqlim fəaliyyəti
üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək
Səviyyəli Görüşündə Türkiyənin mədəniyyət
və turizm naziri Mehmet Nuri Ersoyun iştirakı və
çıxışı çox əhəmiyyətli idi.
Fərid Cəfərov 2021-ci il iyunun 15-də
Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında
Şuşa Bəyannaməsi”nin imzalandığını
xatırladıb, bu sənədin iki ölkə münasibətlərinin
zirvəsi olduğunu diqqətə çatdırıb.
Azərbaycan-Türkiyə dostluğunun həm ikitərəfli,
həm də beynəlxalq müstəvidə özünü
göstərdiyini deyən nazir əlavə edib ki, UNESCO
Hökumətlərarası Komitəsinin 2023-cü il
dekabrın 6-da Botsvananın Kasane şəhərində
keçirilən 18-ci sessiyasında Azərbaycanın
qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
salınıb. Onlardan ikisi Azərbaycan və Türkiyənin
birgə təqdim etdiyi “Balaban sənətkarlığı və
ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı”
nominasiya fayllarıdır. “Təzhib sənəti” və
“İftar və onunla bağlı sosial-mədəni ənənələr”
çoxmillətli fayllarının qəbulu da Türkiyə
və Azərbaycanın iştirakı ilə gerçəkləşib.
Batuhan Mumcu çıxışında Azərbaycan-Türkiyə
Birgə Mədəniyyət Komissiyasının ilk
iclasının 2021-ci ilin 1 mart tarixində Ankara şəhərində
keçirildiyini xatırladıb: “Türkiyə və Azərbaycan
qədim tarixə, ortaq dil, din və mədəni köklərə
malikdirlər. Buna görə də ölkələrimiz
arasında əməkdaşlıq əlaqələri yüksək
səviyyədə inkişaf edib və bu əməkdaşlıq
gündən-günə daha da genişlənməkdədir.
İki ölkənin iştirakı ilə kino, teatr,
muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs
də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri
üzrə əhəmiyyətli addımlar atılıb,
çoxsaylı layihələr həyata keçirilib”.
Qeyd olunub ki, hər iki ölkənin müvafiq nazirliklərinin
təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət
Komissiyasının 3-cü iclasından ötən müddət
ərzində mədəni əməkdaşlıq daha da
güclənib, müvafiq qurumlar arasında əlaqələr
dərinləşib. Həmin iclasın yekununda
imzalanmış hesabatda yer alan məsələlərin bir
çoxu öz həllini tapıb, bəziləri üzərində
isə işlər davam etdirilir. Daha sonra hər iki ölkənin
nazirliklərinin müvafiq struktur bölmələrinin rəhbərləri
tərəfindən mədəni irs, qeyri-maddi mədəni
irs, kino və digər audiovizual sahələr, muzey işi,
kitab sənayesi, ifaçılıq sənəti (teatr), mədəni
və yaradıcı sənayelər və normativ-hüquqi
bazanın təkmilləşdirilməsi ilə bağlı təcrübə
mübadiləsi sahəsində əməkdaşlıq,
strateji inkişaf, layihələrin və təsisatların
idarə edilməsi, mədəniyyət sahəsində təhsil,
beynəlxalq əməkdaşlıqla bağlı fikir
mübadiləsi aparılıb. Müvafiq sahələrdə
gələcək əməkdaşlığın perspektivləri
müzakirə olunub.
Çıxışlardan sonra Birgə komissiyanın
dördüncü iclasının protokolu imzalanıb.
Protokolda iki ölkə arasında mədəni əlaqələrin
gücləndirilməsi və əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı məsələlər
öz əksini tapıb. Sənəddə mədəni irs,
muzeyşünaslıq, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq, kino, kitabxanaçılıq,
yaradıcı sənayelər və səhnə sənətləri,
konsert və festivallar, təcrübə mübadiləsi və
s. məqamlar da yer alıb. Tərəflər Birgə
komissiyanın növbəti iclasının 2025-ci ildə
Türkiyədə keçirilməsi ilə bağlı
razılığa gəliblər.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri
təqdim edilib.
Xatırladaq ki, komissiyanın üçüncü
iclası 13 noyabr 2023-cü ildə Ankarada təşkil olunub.
Nurəddin
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.3.