“Yenidən doğulmuş gözəllik”
Nigeriyalı heykəltaraşın əl işləri
Bakıdakı Heydər Əliyev Mərkəzində
nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola)
“Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty)
adlı sərgisi nümayiş olunur.
Sərginin dekabrın 9-da keçirilən
açılış mərasimində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Heydər
Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə
çatdırıb ki, ekspozisiyada nigeriyalı heykəltaraşın
30-a yaxın əsəri yer alıb və onlar 2025-ci ilin
oktyabrınadək burada təqdim olunacaq.
Bakıdakı belə bir möhtəşəm məkanda
sərgisinin açılmasından məmnunluğunu ifadə
edən Dotun Popula bildirib ki, təkrar emal olunmuş metal hissələrdən
düzəltdiyi heykəllər sosial şəbəkələrdə
geniş yayılıb. Qeyd edib ki, onun bədii yanaşması
incəsənətin transformasiyasının nümayişi,
eyni zamanda ekoloji deqradasiyaya etiraz formasıdır.
Nigeriyalı heykəltaraşın əl işləri
Heydər Əliyev Mərkəzinin foyesində və
parkında sərgilənir. Tədbir çərçivəsində
“Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət
layihəsinə və “Öz töhfəni ver!” (Participate!) sərgisinə
də baxış keçirilib.
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə
başlayan “Ana təbiət” beynəlxalq incəsənət
layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal
instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq
nümunələri təqdim olunur.
Dotun Populanın Bakıda açılan sərgisi də
ətraf mühit və iqlim dəyişmələri
mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini
ənənəvi materiallardan deyil, sənaye
tullantılarına çevrilmiş metal hissələrdən
hazırlayır. O, 2019-cu ildə Qətərdə Metal Sənəti
Sərgisi, “Dubay Ekspo – 2020”, 2021-ci ildə Türkiyədə
“Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə
ölkəsini təmsil edib.
Mədəniyyət .- 2024.- 13 dekabr(¹92-93).- S.8.