Türk
Dünyası Milli Kitabxanalar Birliyi yaradılıb
Professor Kərim Tahirov qurumun ilk sədri seçilib
Dekabrın 10-da Azərbaycan Milli Kitabxanasında
Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları
Konfransı Təşkilatının təsis iclası
keçirilib.
İclasda Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli, Azərbaycan Milli Məclisi Mədəniyyət
komitəsinin sədri Polad Bülbüloğlu, TÜRKSOY-un
baş katibi Sultan Raev, Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın prezidenti
İsa Həbibbəyli, həmçinin Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkiyə,
Macarıstan, Şimali Kipr Türk Respublikasından milli
kitabxanaların direktorları və bu sahənin mütəxəssisləri
iştirak ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim
Tahirov iclası açaraq qonaqları salamlayıb. O,
Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Təşkilatının
1993-cü ildə yaradıldığını, bu qurumun
Türkiyədə, Azərbaycanda, Qazaxıstanda,
Qırğızıstanda dəfələrlə
iclaslarının keçirildiyini, lakin təşkilatın rəsmi
şəkildə qeydiyyata alınmadığını
bildirib. O, iclasın əsas məqsədinin təşkilatın
gələcək taleyini müəyyən etmək, rəsmi
qeydiyyata alınmasına aydınlıq gətirməkdən
ibarət olduğunu deyib.
Qeyd olunub ki, təşkilatın əsas vəzifəsi
Türk dünyasının milli-mənəvi dəyərlərinin
qorunub saxlanılmasında, gələcək nəsillərə
çatdırılmasında çox böyük rol oynayan
milli kitabxanaların fəaliyyətinin əlaqələndirilməsi,
onların birgə müxtəlif layihələr həyata
keçirməsi və türk mədəniyyətinin
dünya miqyasında daha geniş təbliğ olunmasından
ibarətdir.
Mədəniyyət naziri Adil Kərimli
çıxışında bu gün Türk
dünyasının tarixi yaddaşını özündə
əks etdirən, onun mühafizi funksiyasını yerinə
yetirən milli kitabxanaların birliyinin təməlinin
qoyulduğunu, kitabxana sahəsindəki fəaliyyətin yeni
bir dönəmə keçdiyini bildirib.
Bildirilib ki, dost və qardaş ölkələrin
milli kitabxanaları arasında məzmuna köklənmiş,
ortaq dəyərlərimizin dünya müstəvisində təbliğinə
yönəlmiş sıx əlaqələri mövcuddur. Bu
sahədə birgə uğurlu layihələr həyata
keçirilir və Azərbaycan Milli Kitabxanası bu prosesdə
aktiv rol oynayır.
Adil Kərimli təşkilatın Türk
Dünyası Milli Kitabxanalar Birliyi
adlandırılmasını, onun tərkibində isə ali
orqan kimi Direktorlar Şurasının yaradılmasını təklif
edib, təşkilatın gələcək fəaliyyətinə
uğurlar arzulayıb.
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət
komitəsinin sədri Polad Bülbüloğlu ötən əsrin
90-cı illərində türk dövlətlərini birləşdirən
ilk təşkilatın mədəniyyət nazirlərinin təşkilatı
olduğunu, daha sonra TÜRKSOY-un yarandığını
söyləyib. Hazırda Türk dünyasını birləşdirən
müxtəlif fondların olduğunu qeyd edən millət vəkili
bu gün kitabxanaların çox böyük işlər
gördüyünü söyləyib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin
müavini Günay Əfəndiyeva Türk
dünyasının birliyi üçün bu təşəbbüsün
əhəmiyyətini qeyd edib, türk xalqları arasında mədəni
inteqrasiyanın daha da möhkəmləndirilməsinin zəruriliyini
vurğulayıb.
TÜRKSOY-un baş katibi Sultan Raev təşkilatın
yaradılmasını türk mədəniyyətinin qədim
və zəngin tərəflərini üzə
çıxarmaqda böyük addım kimi səciyyələndirib.
Baş katib xüsusilə də əlyazma əsərlərin
araşdırmaçılar üçün əlçatanlığının
təmin edilməsinin vacibliyini bildirib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan
Milli Kitabxanasının mükəmməl elmi-ideoloji mərkəz
olduğunu qeyd edib və professor Kərim Tahirovun yeni qurulacaq təşkilatın
ilk sədri olması təklifini irəli sürüb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru
akademik Nizami Cəfərov söyləyib ki, kitab bir tərəfdən
dil deməkdir, bir tərəfdən dövlət deməkdir.
Bu mənada, kitabxanaların üzərinə çox
böyük məsuliyyət düşür. Akademik həmçinin
təşkilatın adının dəqiq və
funksionallığı əks etdirməsinin əhəmiyyətini
qeyd edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdiri,
Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu,
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova,
Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza
Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru
Umida Teşabayeva, Qırğızıstan Milli
Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk
Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru
Ceyhan Özyıldız yaradılacaq qurumun Türk
dünyasında elmin və mədəniyyətin
inkişafına mühüm töhfələr verəcəyini
diqqətə çatdırıblar. Qeyd edilib ki, qardaş
ölkələrin milli kitabxanalarının fondları
bir-birinə açıq olmalı, vahid elektron kataloqu
yaradılmalıdır.
Müşahidəçi qismində iclasda iştirak
edən Macarıstan Milli Kitabxanasının baş direktoru
David Rozsa Azərbaycan Milli Kitabxanası ilə əlaqələrindən
danışıb. O, Macarıstanın 2018-ci ildə bu əməkdaşlığa
qoşularaq Şərq və Qərb mədəniyyətlərini
daha da yaxınlaşdıran bir körpü yaratmağa
başladığını söyləyib.
Sonra Azərbaycan Milli Kitabxanasının direktoru
professor Kərim Tahirovun yeni yaradılan Türkdilli Ölkələrin
Milli Kitabxana Direktorları Birliyinə sədrliyi təklif
edilib. O, yekdilliklə qurumun sədri seçilib.
Kərim Tahirov iclas iştirakçılarına təşəkkür
edib, tezliklə təşkilatın əsasnaməsinin
razılaşdırılacağını, növbəti
iclasın Ankarada keçiriləcəyini diqqətə
çatdırıb.
Sonra Qazaxıstan Milli Kitabxanasının direktoru
Bakitjamal Ospanova XIX əsrə aid əlyazmanın faksimilesini
Azərbaycan Milli Kitabxanasına hədiyyə edib.
Qırğızıstan Milli Kitabxanasının
direktoru Aynura Askarova Kərim Tahirova, TÜRKSOY-un baş katibi
Sultan Raev və başqalarına Alıkul Osmonov adına
Qırğızıstan Milli Kitabxanasının
yaranmasının 90 illik yubiley medalını təqdim edib.
İclasda 2025-ci ildə Özbəkistan Milli
Kitabxanasının yaranmasının 155 illiyi, Azərbaycanın
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, qazax şairi
Abay Kunanbayevin 180 illik yubileylərinin qeyd olunacağı, beynəlxalq
kitab sərgilərinin, kitab təqdimatlarının təşkil
ediləcəyi və təşkilatın üzvlərinin belə
tədbirlərdə bir araya gələrək fəaliyyətlərini
daha da genişləndirəcəkləri vurğulanıb.
Bundan əlavə, qarşılıqlı mədəniyyət
tədbirlərinin, oxu mədəniyyəti günlərinin,
elmi seminarların, kitabxanalar arasında təcrübə
mübadiləsi, kitabxana fondlarının tədqiqi və
virtual oxu zallarının açılması təklifləri
üzrə müzakirələr aparılıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.
Mədəniyyət .- 2024.- 13 dekabr(№92-93).- S.1;3.