Yubiley, konfrans, təqdimat...
Bölgələrdən qısa xəbərlər
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin
(RMİ) təşkilatçılığı ilə “Nə?
Nə zaman? Harada?” adlı intellektual oyun keçirilib. Qax rayon
Heydər Əliyev Mərkəzində təşkil edilən
yarışda regional idarənin əhatə etdiyi altı rayon
təmsil olunub. Qax komandası I, Şəki II, Qəbələ
III yeri tutub. Qalib komandalar fəxri fərmanla təltif edilib.
***
Şəki-Zaqatala RMİ və Şəki şəhər
2 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı
ilə “Vətənim Azərbaycandır” adlı tədbir
keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində
təşkil edilən tədbirdə vətənpərvərlik
mövzusunda milli musiqi nümunələri və Vətəni
tərənnüm edən şeirlər səsləndirilib. Tədbirdə
şəhid anaları da iştirak ediblər. Onlar deyiblər
ki, övlad itkisi ağır olsa da, şəhidlik mərtəbəsinə
yüksələn övladları ilə fəxr edirlər.
***
Neftçala rayon Mərkəzi Kitabxanasında mərhum
həkim, rəssam Qəmbər Əlizadənin xatirəsinə
həsr olunan “Mənim ömür günəşim”
kitabının təqdimatı olub. Kitabxananın metodika və
biblioqrafiya şöbəsinin müdiri, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Gündoğar” qəzetinin
baş redaktoru Bədirə Rza Həsənqızının
kitabında gənc yaşında dünyadan
köçmüş həkim və rəssam haqqında
şeir, esse və məqalələr yer alıb.
***
Şabran rayon Heydər Əliyev Mərkəzində
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə
elmi-praktik konfrans keçirilib. Çıxış edənlər
Naxçıvanın tarixi haqqında geniş məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər
Əliyevin sədrliyi ilə keçirilən muxtar respublika
Ali Sovetinin 1990-cı il 17 noyabr tarixli sessiyasında ilk dəfə
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920)
üçrəngli bayrağı Naxçıvan MR-in
dövlət bayrağı kimi qəbul olunub. Sonda
qısametrajlı film göstərilib.
***
Qazax-Tovuz RMİ Tovuz rayon üzrə mədəniyyət
müəssisələrinin birgə təşkilatçılığı
ilə Xalq şairi Nəbi Xəzrinin (1924–2007) 100 illik
yubileyinə həsr olunmuş “Nəğmə dolu
ömür payı” adlı tədbir keçirilib. Bildirilib
ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatında
özünəməxsus rol oynamış görkəmli
söz ustasıdır. Onun doğma torpağa
bağlılıq aşılayan poeziyası dərin ifadə
tərzi və həyata fəlsəfi münasibəti ilə
səciyyələnir. Tədbirdə şairin sözlərinə
bəstələnmiş mahnılar səsləndirilib,
kitablarının sərgisi təşkil olunub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli
bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın
(1924–2013) 100 illiyinə həsr olunan tədbir keçirilib.
Çıxışlarda qeyd olunub ki, Şərqdə opera
(1972-ci il, “Gəlin qayası”) yazan ilk qadın bəstəkar
kimi tarixə düşən Şəfiqə Axundova musiqi mədəniyyətimizdə
mühüm xidmətlər göstərib. Bəstəkarın
“Sevgilim”, “Vətən məhəbbəti”, “Nə gözəldi
kəndimiz” və s. populyar mahnıları, müxtəlif
janrlı digər əsərləri musiqi xəzinəmizi zənginləşdirib.
***
Salyan Tarix-Diyarşünaslıq Muzeyində
“İnsanlara hürriyyət, millətlərə istiqlal!”
mövzusunda tədbir keçirilib. Ziyalıların,
tarixçi və mədəniyyət işçilərinin
iştirakı ilə keçirilən tədbir Xalq
Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin
(1884-1955) 140 illiyinə həsr olunub. Çıxışlarda
Rəsulzadənin XX əsrin əvvəllərində Azərbaycanda
müstəqillik idealının gerçəkləşdirilməsi
və milli məfkurənin dirçəldilməsi yolunda
göstərdiyi xidmətlərdən danışılıb,
onun publisistik, ədəbi-tənqidi irsinin Azərbaycanın
ictimai fikir tarixində xüsusi yer tutduğu bildirilib. Rəsulzadənin
həyat və fəaliyyətindən bəhs edən
videoçarx nümayiş etdirilib.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Bəşəriyyətin
sosial bəlası olan narkomaniya və digər zərərli vərdişlər”
mövzusunda tədbir təşkil edilib. Mövzuya dair,
“Ağ ölümə yox deyək!” adlı tədbir isə
Yardımlı rayon Heydər Əliyev Mərkəzi və
rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilib.
***
Qəni Vəliyev adına Lənkəran şəhər
Mədəniyyət Mərkəzinin özfəaliyyət
kollektivləri Fövqəladə Hallar Nazirliyi Mülki
Müdafiə Qoşunlarının Lənkəran şəhərində
yerləşən hərbi hissəsində nazirliyin
yaradılmasının 19-cu ildönümü münasibətilə
təşkil olunan bayram tədbirində iştirak edib.
Kollektivlərin təqdim etdiyi musiqi nömrələri
alqışlarla qarşılanıb.
N.Məmmədli
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.4.