Aşıq Mikayıl Azaflının 100 illik yubileyi qeyd olunub

 

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının (1924–1990) 100 illiyi qeyd olunur.

Dekabrın 16-da “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında saz-söz ustadının yubileyinə həsr olunan konsert keçirilib.

“Dədə Ələsgər Ocağı” İB-nin sədri Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli açılış nitqində Mikayıl Azaflının Azərbaycan saz-söz sənətində yerindən danışıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi töhfələrdən söz açıblar.

Mikayıl Azaflının qızı aşıq Gülarə Azaflı Azərbaycanın aşıq sənətinin inkişafında xidmətlərinə görə ictimai birliyin “Aşıq Ələsgər – 200” medalı və fəxri diplomu ilə təltif edilib.

Gülarə Azaflı atasının yaradıcılığına və özünün fəaliyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sonra konsert proqramı təqdim olunub. Ustad aşığın nəvələri, saz ifaçıları Roman Azaflı, Məhsəti Azaflı, Məzahir Azaflı, nəticəsi Mikayıl Azaflı, eyni zamanda aşıqlar – Əməkdar mədəniyyət işçiləri Ədalət Dəlidağlı, Bəhmən Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı, “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova, Ramin Qarayev və başqaları Mikayıl Azaflı yaradıcılığına müraciət edərək öz ifaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Yubiley konserti alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.5.