Doğma şəhərdə yubiley konserti

 

Arif Mirzəyev-80

 

Bəstəkarlıq sənətinin əsas cəhətlərindən biri özünəməxsus yaradıcılıq üslubudur. Respublikanın Əməkdar artisti, Azərbaycan və Rusiya Bəstəkarlar ittifaqlarının, həmçinin Leypsiqdəki İ.S.Bax adına Beynəlxalq Musiqi Cəmiyyətinin və Alman-Azərbaycan Forumunun üzvü Arif Mirzəyev belə sənətkarlardandır. O, Azərbaycanda orqan musiqi aləti ifaçılığının inkişafına mühüm təsir göstərən əsərlərin müəllifidir. Məhz bu xüsusiyyətinə görə Arif Mirzəyevi müasir Azərbaycan dini-memorial orqan musiqisinin və polifonik musiqinin yaradıcısı kimi dəyərləndirirlər.

Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından uzaqlarda da geniş yayılaraq ifaçıların repertuarında mühüm yer tutur. Qara Qarayev məktəbinin layiqli davamçılarından olan Arif Mirzəyev Moskvada orqan musiqisi sahəsində mükəmməl təcrübə keçərək, eyni zamanda bu alətin ifaçısı kimi püxtələşərək, dəyərli əsərlər qələmə alıb.

Orqan musiqisinin banisi İ.S.Baxın yaradıcılığı Arif Mirzəyevi daim özünə cəlb edib və o, hətta dahi bəstəkarın məzarını ziyarət etməyi özünə  borc bilib. Almaniyaya gedərək bu məqsədini reallaşdıran Arif müəllim uzun illərdir ki, Baxın vətənində yaşayır. Amma  Azərbaycandan uzaqda yaşaması heç də onun vətəndən uzaq olması deyil. Doğma xalqının bütün yaşantıları onun duyğularından keçərək əsərlərində əksini tapır. Bu mənada Arif Mirzəyevin ”Yanvar mərsiyələri”, “Xocalı uşaqlarına layla”, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Dahi prezidentin ruhuna kədərli dua” və digər əsərlərin adını çəkə bilərik.

Bəstəkarın əsərləri dünyanın müxtəlif konsert salonlarında səslənərək ona daim uğur gətirib. Sənətkarın 80 illiyi münasibətilə doğma şəhərində keçirilən konsert proqramı da buna əyani misaldır.

Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında dekabrın 13-də keçirilən yubiley gecəsini Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Arif Mirzəyevin yaradıcılığının milli bəstəkarlıq məktəbində müəyyən bir mərhələ olduğunu vurğuladı, onun əsərlərinin özünəməxsus musiqi dilini və fərdi üslubunu qeyd etdi.

Firəngiz Əlizadə bəstəkarın mənsub olduğu ailənin musiqi ilə sıx bağlılığından danışaraq, onun böyük qardaşı unudulmaz bəstəkar, Xalq artisti Musa Mirzəyevi də xatırladı, onların hər ikisinin dahi Qara Qarayev məktəbindən bəhrələndiklərini diqqətə çatdırdı.

Yubilyara Bəstəkarlar İttifaqı adından təbrik sözləri yazılmış plaket təqdim edildi.

Yubiley gecəsinin yaddaqalan məqamları bəstəkarın əsərlərinin seçimi ilə də bağlı oldu. Sankt-Peterburqdan dəvət olunan orqan ifaçısı Yevgeniy Avramenkonun ifasında əvvəlcə Arif Mirzəyevin dahi Üzeyir Hacıbəyliyə həsr olunan 6 hissəli II barokko simfoniyası səsləndi. Bəstəkar orqan alətinin xarakterinə uyğun olaraq Üzeyir Hacıbəyli musiqisinin intonasiyalarını öz fərdi musiqi təxəyyülü ilə üzvi şəkildə qovuşduraraq gözəl bir sənət əsəri yaradıb.

Konsertdə səslənən digər əsərlər dahi N.Gəncəvi, V.A.Mosart və İ.S.Baxın xatirələrinə ithaf idi. İ.S.Baxa ithaf olunan orqan simfoniyasında ornamental muğam, xoral və polifonik variasiyaların vəhdəti ilə unikal bir sənət nümunəsi yaradılıb. 5 hissəli simfoniyada Şərq və Qərb musiqisinin orijinal çalarları Arif Mirzəyev təxəyyülündən keçərək orqan musiqi alətində xüsusi ifadə vasitələri ilə çox gözəl tərənnüm olunur.

80 illik yubileyini qeyd edən bəstəkar tamaşaçıların alqış və təbrikləri ilə sevinib, xoşhal olduğu kimi, tamaşaçılar da onun musiqisindən aldıqları zövqdən və mənəvi qidadan təsirlənərək konsertdən xoş təəssüratla ayrıldılar.

Ömrünün kamil dövrünü yaşayan hörmətli sənətkarımıza cansağlığı və yeni yaradıcılıq arzusu ilə

 

Səadət Təhmirazqızı

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.5.