Hələ ki, son
deyil...
Yaxud aktyorun “axırıncı arzu”su olmur
Onunla müsahibəni çoxdan qərarlaşdırmışdım.
Şəki Dövlət Dram Teatrının ən qocaman
aktyorudur. Hərçənd indi elə cavanlar var ki, ruhu da,
aktyorluğu da 90-nın üstündədir. Amma qəhrəmanımda
əksinə. Teatr festivalı ilə bağlı Şəkiyə
səfərimiz (1–5 dekabr) zamanı bu bəyaz
saç-saqqallı nurani insanı demək olar ki, hər yerdə
gördüm.
Gah teatrın foyesindəki sərgini dolaşıb qəmgin-qəmgin
gözləri yol çəkirdi, gah zalda ayrı-ayrı
teatrların tamaşa öncəsi məşq, səhnə
quraşdırması proseslərini izləyirdi, gah da həvəskarların
vokal və plastika dərslərində gənclərin cərgəsində
dayanırdı. Qısacası, teatrda, ruhu da bədəni kimi
prosesdə idi.
Ona “Xanlar müəllim, onsuz də gedəcək
yerimiz yoxdur. Siz teatrdan qopa bilmirsiniz, mən də burda, teatrda
qonağam. Bəlkə oturub söhbət edək” təklifimə
gülümsündü. Özüm qəsdən belə
dedim. Çünki müsahibə vermək istəmədiyini
bilirdim. Sağ olsun, məni yanıltmadı, söhbətimiz
boyu keçmiş və indiki Şəki teatrı, onun həyatından
danışdı.
Beləliklə, həmsöhbətim respublikanın
Əməkdar artisti, Şəki Dövlət Dram
Teatrının aktyoru Xanlar Həşimzadədir.
– Şəki teatrı deyəndə ilk yada düşənlər
sırasında siz varsınız.
– Elədirsə, sevinərəm.
– Şəkidə tamaşaçıların da
çox zövqlü və tələbkar olduğu deyilir. Elədirmi?
– Sözsüz ki, tamaşaçı, ya da
müştəri deyək, həmişə tələbkar
olur. Heç vaxt demir ki, bəhanələrin, arqumentin, səbəblərin
var, ya yox. O, daim ən yaxşısını istəyir.
– Bunu bilə-bilə bu teatr sizin üçün nə
ifadə edir?
– Həyatımın böyük bir hissəsidir və
mən ona aşiqəm. Ümumiyyətlə, mən
aktyorları zadəgan, teatrı da bir dəbdəbəli qəsr
hesab edirəm. Yəni səhnə salonda, aktyor
yuxarıdadırsa, mətləb aydındır.
– Bu fikir həmişə birmənalı
qarşılanmır.
– Mən yaxşı mənada deyirəm ki, səhnə
yuxarıda, hasil olan mətləblər ideya
yüklüdür deyə, onu ifadə edənlər də mənən
yuxarı məqamda dayanmalıdır. Dayanmalıdır ki,
oradan səsləndirdikləri amal kimi qəbul olunsun.
– Amma həm də deyirlər ki, aktyorun öz
sözü olmur.
– Bu fikir mənim xətrimə dəyir. Niyə olmur?!
Məsələn, deyirlər filan əsər zəif və ya
güclü əsərdir. Deməli, o zəifdən
güclü nümunə hazırlanırsa, aktyor da öz
sözünü deyir.
– Anlaşılandır. Amma zəif əsərdən
yaxşı tamaşa hazırlamaq heç də
yaradıcı heyətin güc göstəricisi deyil.
– Bəs nədir? Hə, yaxşı olar ki, o zəif əsər
səhnəyə yol tapmasın. Amma nə etməli? O qədər
olub ki, ucuz ətdən şorba düzəltmişik
(gülür).
– Mən də onu deyirəm də, Xanlar müəllim.
Nə vacibdir ki, o ucuz ətdən şorba üçün bu
qədər zəhmət-əziyyət çəkəsən?
– Sözsüz ki, lazım deyil. Amma təəssüf
ki, buna qərarı biz vermirik.
– Yaxşı, o zaman rejissor-aktyor gücü
bölgüsü neçənin neçəyə olur?
– Rejissor lokomotivdir. Vaqon nə qədər yük
götürsə də, onu lokomotiv dartır. Avtobusda
sürücüdür rejissor. İllərdir bir şeyi
anlamışam ki, əsgər həmişə var, komandir
lazımdır. Çünki bacarıqlı komandir olanda əsgərlər
də nəyəsə nail olur. Əbəs yerə kollektiv sənət
ifadəsini işlətmirlər.
– Amma hər aktyor da siz deyən fikirlə
razılaşmır. Sənətkar var ki, “mən bir etüdümlə
də tamaşaçını məftun edə bilirəm”
deyir...
– Boş sözdür. Götürək rəhmətlik
Yaşar Nurini. Ona layiq rejissorlar olsaydı, şöhrəti
dünyaya yayılardı.
– Mübahisəli məsələdir. Üstəlik,
adını çəkdiyiniz aktyorun potensialından kino və
teatr sənətimizdə yetəri qədər istifadə
olunub.
– Düzdür, amma potensialının çox az
miqdarına nisbətdə. Rejissorlar inciməsin, əyri
oturub, düz danışaq da. Çox istərdim ki, bizim
güclü rejissorlarımız çox olsun.
– Deməli, teatr məktəbimiz rejissor sarıdan daha
çox axsayır?
– Rejissorlar hər an yetişmir axı, hər dönəm
üçün 2, uzağı 3 nəfər olur. Gəlin,
sayaq (rejissorları sayır və 10-a çatmır). Məsələn,
rəhmətlik Vaqif Abbasov Moskvada oxumuşdu. Həyatını,
faciəli ömür yolunu bilirsiniz deyə uzun
danışmayacam. Amma o uzun yaşasaydı, bizim teatr indi
başqa mərhələdə idi. Təəssüf ki,
Bakıya gedəndən sonra yaradıcılığında o
qədər də irəliləyə bilmədi. Ya da
qoymadılar. Nə bilim, bəlkə də
sağlamlığı imkan vermədi. Eləcə də
zaman-zaman başqa rejissorlar işləmək imkanı, şəraiti
tapmadı.
– Siz də bu şəraitsizliyə etiraz olaraq getdiniz
Rusiyaya? Deyəsən, rəhmətlik Fərman Şəkili
ilə getmişdiniz.
– Cavanlıq idi də. Çətin zamanlar oldu. Amma
ora da sənət üçün getmişdim.
Düşündük ki, gedib orda oxuyarıq, filmlərə
çəkilərik. Ən azı rəhmətlik Əjdər
İbrahimov ordaydı. Hesab elədik ki, nə isə edə
bilərik.
– Amma tərsinə oldu...
– Hə, özümü “şinzavod”da tapdım.
– Ona bir azdan qayıdacağıq. Şəki
teatrında fəaliyyətinizdən danışaq. Hansı
rejissorlarla işləmisiniz?
– Vaqif Abbasov, Hüseynağa Atakişiyev, Cahangir
Novruzov. O, bura gələndə gənc idi. Nikbin, həyatsevər,
çox səmimi idi və biz onu hələ də eyni məhəbbətlə
sevirik. Rəhmətlik Mərdan Feyzullayevə də işləmişəm.
Təəssüf ki, o az işlədi. Sonra Mirbala Səlimli gəldi
və biz yola onunla davam edirik.
– Studiyadan, xalq teatrından gəlmisiniz deyə
soruşuram: aktyor kimi sizin rejissorunuz, sənət üzrə
müəlliminiz onlardan hansıdır?
– Bölgü eləmirəm, məncə,
hamısı.
– Niyə sonradan aktyor sənəti üzrə təhsil
almadınız? Nə mane oldu?
– Tənbəlliyim (gülür). Hələ məktəbdə
oxuyanda sənət barədə düşünürdüm.
Sonra kəsildim, həvəsdən düşdüm. Tənbəllik
zəhmət çəkib oxumağa qoymadı. Sonra bir
çox gənclər kimi şöhrətpərəstlik
hisslərim baş qaldırdı. Özünü tanıtmaq
istəyi ilə bu sənəti seçdim.
Düşündüm ki, aktyorluq əladır. Daş
daşımırsan, ağır iş görüb,
zavod-fabrikdə itib-batmırsan. Sənətdə, səhnədə,
göz önündə olursan, dedim öz-özümə. Bu
fikirlə rəhmətlik Fərmanla Şəki İpək
Kombinatındakı dram dərnəyinə yazıldım. Onda
Şəkidə dərnəklər çox idi. Yaxşı
xalq teatrımız da vardı. Sonra imtahan verdim, kəsildim.
Bir az da həvəsdən düşdüm. Əsgərliyə
gedib-gəldim. Sonra çılğın arzularla “yox, buralar mənə
dar gəlir” deyərək üz tutdum Moskvaya.
– Tənbəlin arzuları reallaşdı?
– Yox, əlbəttə ki. Halvadı bəyəm? Bəxtim
gətirdi ki, nə orda, nə də burda mənə
“yaramırsan” demədilər. Yəqin Allahın
yazığı gəldi, dedi buna hardasa çörək
verim də (gülür).
– Yəqin sonra bütün fiziki ağır işlərin
aktyoluqdan yüngül olduğunu da anladınız?!
– Özü də necə.
Həqiqətən də, bu sənətin mənəvi
ağırlığı fiziki ağırlıqdan daha betər
idi. Bunu zavodda işləyəndə anladım.
Yadımdadır, briqadirimiz rusca “Xanlar, bu sənin çörəyindir”
deyib şini göstərəndə üz-gözümün
kirinə, əllərimin, üst-başımın qara-qurasına
baxıb acıqla “Yox, bu mənim çörəyim olmayacaq”
deyib arxama baxmadan çıxdım oradan. Elə o vaxtdan da
burda – səhnədəyəm. Deməli, mənim çörəyim
burdadır. Bilirsiz, o an anladım ki, mən öz yerimdə
deyiləm. Sağ olsun o briqadir. Məni ayıltdı və
anladım ki, ali bir məqamı – səhnəni zavoda dəyişməklə
böyük bir şey itirmişəm. Elə bil zadəganlıqdan
lakeyliyə düşmüşdüm. Beləcə, Fərman
da, mən də qayıtdıq. Onda artıq Hüseynağa
müəllim burada idi. Proses sürətlə getdi, rollar,
qastrollar, festivallar və illər keçdi.
– Aktyor ömrünüzdən məmnun
görünürsünüz...
– Şükür, narazılığım yoxdur.
– Sizcə, Bakı teatr mühitində daha tez nəzərə
çarpardınız, yoxsa “daş düşdüyü yerdə
ağırdır”?
– Düzü, bu barədə düşünməmişəm.
Amma təcrübə göstərir ki, gedənlərin çoxu
parladı. Mən də seçilərdim, əminəm. Amma
itib-batanlar da olur. Rəhmətlik Həsənağa Turabov
1992-ci ildə Fərmanla məni dəvət eləmişdi.
Düzü, tənbəllikdən getmədim (gülür). O
məni iki dəfə dəvət etdi. İkincidə
televiziya, fərdi yaradıcılıq imkanları daha
geniş idi. Anladım ki, yox, buranı qoyub gedə bilmərəm.
Sənət gəmisindən düşüb qayığa minə
bilmədim. Fərman istedadlı insan idi, o individuallığa
getdi, mən edə bilmədim. Azərbaycan teatrı onun
simasında böyük aktyorunu itirdi. Mən ondan çox
şey öyrəndim, ruhu şad olsun.
– Şəki teatrının tamaşa qalereyasında
öz yeriniz, müxtəlif xarakterli xeyli rolunuz var. Baxıram,
əsas planlarda adınız var.
– Niyə elə hesab edirsiniz ki, rol arzum yoxdur? Məsələn,
manyak rolunu oynamaq istəmişəm. Özü də dəli
bir arzu ilə. O rol ki, bütün pislikləri etsin, sonra da
qıvrıla-qıvrıla ölsün.
Tamaşaçılar ləzzət alsın. Əsas da mən.
– Deməli, mənfi qəhrəmanlar sizi daha çox
cəlb edir?
– Hə, amma az oynamışam. Bu arzu sonradan beynimə
girib. Komediya, dram, faciə var, qalır bu formada
özünü sınamaq. Amma məşhur obrazlar – Hamlet,
Kral Lir, Otello məni heç vaxt cəlb eləməyib. Bu mənada
mənfi obraz, onu tapmaq, ifadə etmək mənə daha maraqlı
görünür.
– Əlahəzrət 70-i salamlayaq?
– Daha gəlib də, qapıda saxlamaq olmaz. Amma tələsib
(gülürük).
– 70 yaşlı zadəgan aktyor hazırda hansı
tamaşa üzərində işləyir?
– “Heç nədən hay-küy”də Leonato, “Kuraj
ana və uşaqları”nda Keşiş. Bir də “Ulduzlar
görüşəndə” adlı uşaq tamaşası
hazırlanır, Xəzinədarı oynayıram. Baş
rejissorumuz çox fədakardır, teatrı sevir, daim işləyir
və bizi də ən yaxşısına sövq edir.
Gördüyünüz kimi, teatrımızda qaynar
yaradıcılıq həyatı var. Deməli, dayanmaq olmaz.
İndi daha bilmirəm, “bəsdir,
get, dincəl” deyəcəklər, ya yox. Amma nə qədər
burdayam, sevə-sevə işləyəcəm. Çünki
mənim üçün səhnə, bayaq dediyim kimi, zirvə
uca məqamdır. Ora çıxmaq nə qədər çətindirsə,
oradan enmək... Onu da deyim, ürəyimdən gəldi.
İndi qədir bilinmir. Baxın, səhnəyə yararlı
ola-ola gedən, göndərilən aktyorların nisgili məni
çox incidir. Bilirsiniz, elə bilirəm mən yeyirəm,
onlar ac uşaq kimi mənə baxırlar. Yəqin bu aqibət
məni də gözləyir. Sözsüz ki, mənəvi
aclıqdan gedir söhbət. Bu heç. Ən əsası,
gedənlərin yeri ya dolmur ya da çox çətin. Aktyor
səhnədə olmayanda, ona həsrətlə baxanda xiffət
edir, azarlayır və...
– Xanlar müəllim, gəlin, sənətə vida
söhbətini sonraya saxlayaq. Şəkidə “Heç nədən
hay-küy” tamaşasında seyr etdik. “Kuraj ana və
uşaqları”nın Bakı premyeranızda da gözləyəcəm. Sonra
sağollaşmaqdan danışarıq. Gəncliyinizdə səhnədə
şərqli cəngavər olmusunuz, 70-də də qərbli
rahib kimi səhnəyə çıxırsınız.
– Müqayisəniz xoşuma gəlsə də, gəlməsə
də, inandırıcıdır (gülür). Əsas odur görüşək.
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.7.