Əfsanəvi rəqqasə

 

Əminə Dilbazi-105

  

 

Azərbaycan milli rəqslərinin inkişafı, təbliği və gənc nəslə ötürülməsində böyük xidmətləri olan görkəmli sənətkar. Professional milli rəqs tariximizdə dərin iz qoyan sənət ulduzlarımızdan biri. Dekabrın 26-da onun anadan olmasının 105-ci ildönümü tamam olur. Tanınmış rəqqasə, xoreoqraf, Xalq artisti Əminə Dilbazi. O, yüksək səhnə mədəniyyəti, bənzərsiz ifaçılıq imkanları ilə xalq rəqsləri nümunələrinə yeni çalarlar bəxş edib.

Əminə Paşa qızı Dilbazi 1919-cu ildə Qazax rayonunda dünyaya göz açıb. Erkən çağlardan idmanın yüngül atletika sahəsinə maraq göstərib. Müxtəlif idman yarışlarına qatılaraq mükafatlar qazanıb. Yüksək fiziki hazırlığı onu rəqs aləminə gətirir. O, 1935-ci ildə rəqqas Əşrəf Səfərovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Rəqs Ansamblının yaradılması məqsədilə keçirilən müsabiqədə iştirak edir. Münsiflər heyətinin müsbət rəyini qazanır. Əşrəf Səfərovun dəvəti ilə həmin kollektivdə əmək fəaliyyətinə başlayır.

Böyük sənətdə ilk addımını Əli Bayramov adına klubda atır. Sonrakı yaradıcılıq yolu Səid Rüstəmovun Xalq çalğı alətləri ansamblı ilə bağlı olur. Rəqqasə olacağını təsəvvürünə gətirməyən Əminə Dilbazi addım-addım sənətin sirlərinə yiyələnir. Milli rəqslərin ecazkar ifaçısı kimi tanınır.

O, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Kolxoz çölləri” mahnısına xoreoqrafik quruluş verir. Onun bu təşəbbüsü Üzeyir bəy tərəfindən rəğbətlə qarşılanır. O daha sonra “Ay gözəl”, “Dağlar gözəli” rəqslərinin quruluş müəllifi olur və özü də solo ifa edir. 1936–1969-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblının solisti kimi çalışır. Sonrakı illərdə rəqs qrupuna rəhbərlik edir. 1939-cu ildən eyni zamanda baletmeyster assistenti kimi çıxış edir. Neçə-neçə rəqslər onun təfsirində yeni həyat qazanır. “İnnabi”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Naz eləmə”, “Turacı”, “Ceyran bala”, “Uzundərə” kimi xalq rəqsləri xüsusi təravət və zövqlə təqdim olunur, böyük maraqla qarşılanır.

Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyev araşdırmasında yazır: “O, ifa etdiyi bu rəqslərə yeni çalarlar qataraq yeni üslub tərzi ilə zənginləşdirib. “Vağzalı” rəqsinin ifası zamanı hər iki əlində, ovcunun içində cüt stəkan tutaraq zərif hərəkətlərlə süzməsi çox orijinal təsir bağışlayır. Yaxud Qılman Salahovun lirik melodiyası üzərində ifa etdiyi “Qavalla rəqs” də onun yaradıcılıq fantaziyasının məhsulu olub”.

Əminə Dilbazi ifa etdiyi rəqslərdə Azərbaycan qadınının mənəvi gözəlliyi, bədii-estetik duyumu və lirik hisslərini parlaq əks etdirir. Xüsusilə, qadın rəqsləri üçün xarakterik olan “çiləmə” və “süzmə” kimi əl hərəkətlərdən məharətlə istifadə edir. Bununla da rəqsə özünəməxsus bir gözəllik gətirir. Mədəniyyətimizin himayədarı, Ümummilli lider Heydər Əliyev sənətkarla görüşündə demişdir: “Əminə Dilbazinin təkrarolunmaz əlləri var, onlar sanki oxuyurlar. Belə əlləri mən heç bir, hətta ən görkəmli rəqqasədə də görməmişəm”.

Görkəmli sənətkar xoreoqraf kimi də tanınıb. Bir çox musiqili komediya, opera əsəri, müxtəlif teatr tamaşası və filmdə, xüsusilə, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyalarında milli rəqslərimizə uğurlu quruluş verib. Azərbaycan Dövlət Filarmoniyasında oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaları ifa edib. O, eyni zamanda respublikamızın hüdudlarından kənarda müxtəlif xalqların rəqslərinə verdiyi quruluşlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Əminə Dilbazi Bakı Xoreoqrafiya Məktəbində və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərərkən zəngin sənət təcrübəsini milli xoreoqrafiyanın təşəkkülünə sərf edir.

Sənətkar 1959-cu ildə Azərbaycan Tibb İnstitutunda (indiki ATU) “Çinar” tələbə-rəqs kollektivinə, 1967-ci ildə “Sevinc” qızlar qrupuna, daha sonralar “Yallı”, “Şərur” və digər rəqs ansambllarına rəhbərlik edib.

Xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək üçün qüvvə və bacarığını əsirgəmir. Varislik və novatorluğu öz yaradıcılığında ahəngdar şəkildə birləşdirərək milli rəqs məktəbinin püxtələşməsi prosesinə sanballı töhfələr verir.

Əminə Dilbazinin Azərbaycan incəsənətinin inkişafı naminə göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilir. O, 1954-cü ildə “Əməkdar artist”, 1959-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülür. Həmçinin müstəqil Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilir.

Əminə Dilbazi milli rəqslərimizi dünyanın 20-dən artıq ölkəsində – Türkiyə, Almaniya, Fransa, Çin, Hindistan, İsrail, Malayziya, Pakistan, Çexoslovakiya, İsveçrədə və s. təbliğ edərək dünya şöhrəti qazanıb. 1958-ci ilin noyabrında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Çin Xalq Respublikasında qastrolda olur. Lençjou şəhərində keçirilən konsertlər tamaşaçılar tərəfindən maraqla qarşılanır. Əminə Dilbazi və Böyükağa Məmmədov konsertlərdə “Gəl mənə naz eləmə” rəqsini oynayırlar... Böyük uğurla keçən qastrola ÇXR-in ən böyük qəzeti “Jenmin Jibao”da səhifəsində geniş yer ayırır. Rəğbət dolu yazılar sovet mətbuatında da işıqlandırılır... Qastrol başa çatır. Qonaqlar vətənə yola düşərkən  tanınmış rəqqasə Ye Min-Qo azərbaycanlı qonaqlara xitabən “Sizdən çox şey öyrəndik. Xüsusilə, Əminə Dilbazinin ifa etdiyi rəqslər bizim Çin rəqqasələrinin proqramına daxil olacaqdır. O öz müvəffəqiyyətinin sirrini bizə çox böyük həvəslə açdı...” deyir.

Milli xoreoqrafiya məktəbinin parlaq ulduzlarından olan Əminə Dilbazi 30 aprel 2010-cu ildə, 91 yaşında dünyasını dəyişib, I Fəxri xiyabanda dəfn edilib.

 

Savalan Fərəcov

Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.6.