Musiqi alətlərimiz Belçika Kral İncəsənət və Tarix Muzeyinə hədiyyə edilib

 

Ölkəmizin Belçika və Lüksemburqdaki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası tərəfindən milli musiqi alətlərimiz tar, kamança və qaval Brüsseldəki Kral İncəsənət və Tarix Muzeyinə hədiyyə edilib.

Bununla bağlı mərasimi giriş sözü ilə “Baroque and More” musiqi təşkilatının (Belçika) bədii direktoru Lük Pone açıb.

UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev Azərbaycan milli musiqisinə və musiqi alətlərinə göstərilən marağa görə muzey rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırılıb ki, tar, kamança və qaval Azərbaycan muğam sənətinin ifaçılıq alətləridir. Azərbaycan muğamı, eləcə də ayrılıqda tar və kamança alətləri və onların hazırlanması sənəti UNESCO-da Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ümumilikdə indiyədək Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı 24 element UNESCO-nun müvafiq siyahılarına salınıb.

Qeyd olunub ki, zəngin Azərbaycan mədəniyyətində muğam sənəti xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycanın qədim musiqi ənənələrinin bənzərsiz nümunəsidir.

Tar Azərbaycan musiqi kimliyinin simvolu, misilsiz ifadə dərinliyi təqdim edən simli musiqi alətidir. Kamança zəngin və ifadəli tembri ilə Azərbaycan ruhunun səsidir. Qaval isə muğamın ritmik elementidir, bu unikal musiqinin nəbzini ifadə edir.

Seymur Fətəliyev musiqi alətlərinin tarixi barədə də məlumat verib. Qeyd edib ki, tar aləti XVI əsrdə meydana çıxsa da, onun müasir variantı XIX əsrin ikinci yarısında məşhur musiqiçi Mirzə Sadıq Əsəd oğlu tərəfindən təkmilləşdirilib. Bildirilib ki, tarın əsas hissəsi tut ağacından düzəldilir, muzeyə hədiyyə olunan tar Bakıda simli musiqi alətləri ustası Eyvaz İbrahimov tərəfindən hazırlanıb.

Kamança Azərbaycan musiqi ənənəsində ən qədim alətlərdən biridir. Yumşaq, zərif və bir qədər həzin tonu ilə kamança musiqisevərlər tərəfindən xüsusi rəğbətlə qarşılanır. Muzeyə təqdim edilən kamança tut və qoz ağacından düzəldilmiş, təbii sədəflərlə bəzədilmiş əl işidir. Yuxarı hissəsi nərə balığının dərisindən hazırlanmış nazik qişa ilə örtülüb.

“Qaval tar və kamançanın müşayiəti ilə ənənəvi muğam üçlüyünü tamamlayır. Bu üçlükdə əsas rolu ritmik melodiyaları qeyd etmək üçün qavalı çalaraq oxuyan xanəndə oynayır. Təqdim etdiyimiz qaval Gəncə şəhərində usta Mehman Məmmədovun əl işidir. O, tut ağacından hazırlanıb. Balıq dərisi pərdəsi alətə unikal rezonans verir”, – deyə S.Fətəliyev əlavə edib.

Belçikanın musiqi mütəxəssisləri muğam sənəti, eləcə də tar, kamança və qavalla bağlı fikirlərini bölüşüb, muğamın böyük bir dərya olduğunu bildiriblər.

Musiqişünas, muzeyin Qərb nəfəs və zərb alətləri kolleksiyasının kuratoru Jeri Dümulen (Gery Dumoulin) tar və kamançanın füsunkar alətlər olduğunu deyib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə muğam musiqisi, tar ifaçılığı, eləcə də kamança və qaval alətləri haqqında danışıb.

Mərasimdə Sahib Paşazadə (tar), Xalq artisti Yeganə Axundova (piano) və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Əməkdar artist İlkin Əhmədov “Küçələrə su səpmişəm”, “Şuşanın dağları başı dumanlı”, “Sarı gəlin” xalq mahnılarını oxuyub. Həmçinin musiqiçilərmizin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin əsərləri səslənib.

Azərbaycan musiqisi belçikalı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.3.