Dinlərarası harmoniya: dinc birgəyaşayışın
təşviqi
ICESCO-da ölkəmizin müsbət təcrübəsindən
söz açılıb
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (ICESCO), Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və
ölkəmizin Mərakeşdəki səfirliyinin birgə təşkilatçılığı
ilə dekabrın 17-də Rabat şəhərində “Dinlərarası
harmoniya: dinc birgəyaşayışın təşviqi”
mövzusunda beynəlxalq konfrans keçirilib.
ICESCO-nun qərargahında təşkil olunan konfransda
Azərbaycandan Milli Məclisinin sədr müavini akademik Rafael
Hüseynov, parlamentin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov,
digər rəsmilər, Mərakeş, Misir, Liviya, Tunis,
İtaliya, İngiltərə və digər ölkələrdən
dini mövzular üzrə mütəxəssislər
iştirak ediblər.
Çıxışlarda birgəyaşayış,
qarşılıqlı hörmət və dini
dözümlülüyün qlobal əhəmiyyəti ilə
bağlı müzakirələr aparılıb, Azərbaycanın
dini müxtəliflik sahəsində uğurlu təcrübəsindən
söz açılıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat
üzrə fəlsəfə doktoru Aqil Şirinovun
moderatorluğu ilə keçən “Dini birgəyaşayışda
ən yaxşı təcrübələr. Dini tolerantlıq və
birgəyaşayışın Azərbaycan modelinin tədqiqi,
uğurlu təşəbbüslərin və təcrübələrin
işıqlandırılması” mövzusunda sessiyada millət
vəkili Fazil Mustafa ölkəmizdəki mədəniyyətlərarası
dialoq mühitindən söz açıb. Ermənistan tərəfindən
otuz il işğalda saxlanılan Azərbaycan torpaqlarında,
eləcə də indiki Ermənistanın ərazisində Azərbaycan
xalqına məxsus dini və mədəni irs nümunələrini
məhv etdiyini diqqətə çatdıran F.Mustafa bu prosesin
əsas təbliğatçılarının erməni kilsəsinə
mənsub din xadimləri olduqlarını vurğulayıb.
İtaliyanın “Global Christian-Muslim-Marian Committee” təşkilatının
rəhbəri Nadir əl-Akkad bildirib ki, bəşəriyyətin
qurtuluşu xalqların birgəyaşayışındadır
və bu baxımdan multikulturalizm və tolerantlığın
Azərbaycan modeli mühüm siyasi məna daşıyır.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının yepiskopu Aleksi (Smirnov) Azərbaycan dövlətinin
din siyasətinin ən mühüm prinsiplərinin
tolerantlıq, inanc və ibadətlərdəki fərqlərə
hörmət bəsləmək olduğunu diqqətə
çatdırıb.
Avropa Yəhudilərinin Bakı dini icmasının
ravvini Şneor Seqal əsrlər boyu Azərbaycanda bir çox
xalqların nümayəndələri arasında dostluq
münasibətlərinin olmasından söz açıb.
Azərbaycanda Katolik Kilsəsinin Apostol
Prefekturasının general vikarisi Yozef Marek
xristianlığın ölkəmizdə
yayılmasının tarixi və Roma Katolik Kilsəsi ilə
Azərbaycan arasında tarixi münasibətlər haqqında
danışıb.
Konfransın yekununda ICESCO-nun baş direktoru Salim əl-Malik,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov, ölkəmizin Mərakeş
Krallığındakı səfiri və ICESCO yanında daimi
nümayəndəsi Nazim Səmədov çıxış
ediblər.
Salim əl-Malik dinlərarası dialoqun və harmoniya
prinsipinin müasir dünyada dinc birgəyaşayışın
təmin edilməsi üçün əhəmiyyətini qeyd
edib.
Konfrans çərçivəsində təşkil
olunan “Ortaq bəşəri dəyərlər, müxtəlif
dinlər” adlı sərgidə Azərbaycandakı dini
müxtəliflik və tolerantlıq, eləcə də ICESCO
tərəfindən 2024-cü ildə “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilmiş Şuşa ilə bağlı
fotolar nümayiş etdirilib.
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.3.