Azərbaycanın
mədəniyyət elçiləri – görüş yeri Roma
Məqsəd həmvətənlərimizin
yaradıcı səylərini daha dolğun məcraya yönəltməkdir
Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı mədəniyyət xadimlərini
bir araya gətirmək, onları doğma Vətəninin mədəni
irsinin, incəsənətinin təbliği, eyni zamanda özlərinin
yaradıcılığının tanıdılması
üçün səylərini daha dolğun məcraya
yönəltmək məqsədilə daha bir təşəbbüs
həyata keçirilir.
Dekabrın 18-də İtaliyanın Roma şəhərindəki
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan
Mədəniyyət Elçiləri Toplantısı olub. Tədbir
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı,
Diasporla İş üzrə Dövlət Komitəsi və
ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi
ilə reallaşıb.
Bu məqsədlə mədəniyyət naziri Adil Kərimlinin
rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya
paytaxtına səfər edib.
Toplantıda əvvəlcə beynəlxalq müsabiqələr
laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə
pianoda Azərbaycanın Dövlət Himnini səsləndirib.
Mövzu ilə bağlı videoçarx nümayiş
etdirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad
Aslanov açılış nitqində ölkəmizin mədəniyyət
xadimlərini Romada görməkdən məmnunluğunu ifadə
edib.
Mədəniyyət naziri Adil Kərimli
çıxışında tədbirdə iştirak edənlərin
hər birinin mədəniyyətimizin müxtəlif sahələri
üzrə xüsusi nailiyyətləri ilə seçilən,
onun təbliğinə töhfə verən, harada
yaşamasından asılı olmayaraq, Azərbaycan milli
kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz
olduğunu bildirib.
Nazir qeyd edib ki, bu şəxslərin Azərbaycanın
və onun zəngin mədəniyyətinin təbliğinə
verdiyi töhfələr, Vətənə
bağlılığı təqdirəlayiqdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin
sədr müavini Günay Əfəndiyeva toplantıda
iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın
zəngin mədəni irsinin təbliğində müstəsna
xidmətlər göstərdiyini bildiriblər.
Daha sonra toplantıda Azərbaycan mədəniyyətini
xaricdə təbliğ edən sənət xadimlərinin
çıxışları dinlənilib.
***
Romada bir araya gələn Azərbaycan mədəniyyətinin
elçiləri şəhərin məşhur mədəni
irs və incəsənət məkanlarını ziyarət
ediblər. Səfər əsnasında müxtəlif
görüşlər keçirilib.
Nümayəndə heyəti dekabrın 18-də Romada
“Borghese” qalereyası ilə tanış olub.
Qalereyanın tarixi və buradakı incəsənət
nümunələri barədə məlumat verilib. Bildirilib ki,
“Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin
əvvəllərində memar Flaminio Ponzio tərəfindən
tikilib. Burada rəsm, heykəltaraşlıq və qədim əşya
kolleksiyaları var.
Qeyd olunub ki, qalereyada məşhur sənətkarlardan
Covanni Lorenzo Bernini, Mikelancelo Merisi da Karavaggio, Rafael, Titsian,
Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərləri
sərgilənir. Qalereya 2014-cü ildən “dövlət
muzeyi” statusu alıb.
***
Azərbaycan nümayəndə heyəti dekabrın
19-da Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyini
ziyarət edib.
Ziyarət əsnasında mədəniyyət naziri
Adil Kərimli muzeyin direktoru Françesko Stokki ilə
görüşüb.
Naziri salamlayan direktor muzeyin tarixi və ekspozisiyası
haqqında məlumat verib. Deyib ki, muzeydə müasir
dövrün sənət nümunələri nümayiş
etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə
böyük maraq göstərir.
Adil Kərimli ölkəmizin aparıcı muzey və
sərgi zalları haqqında söz açıb. Bildirilib ki,
Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri
ilə əməkdaşlıq edir. Eyni zamanda
çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri
təşkil olunur.
Söhbət zamanı Azərbaycan muzeylərinin XXI
Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığına
dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan nümayəndə
heyəti muzeylə tanış olub.
***
İtaliyaya səfəri çərçivəsində
nazir Adil Kərimli, mədəniyyət nümayəndələri
Romadakı “Villa Borghese” parkında dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin abidəsini də
ziyarət ediblər. Abidənin önünə gül dəstələri
qoyulub, xatirə şəkli çəkdirilib.
Abidə Nizami Gəncəvinin 870 illik yubileyi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23
dekabr tarixli sərəncamının icrası ilə
bağlı silsilə tədbirlər çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanaraq
İtaliya paytaxtının məşhur parkında qoyulub.
2012-ci ilin aprelində açılışı olan abidənin
müəllifləri Xalq rəssamları Səlhab Məmmədov
və Əli İbadullayevdir.
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.1;2.