Kitabxana və muzeylərlə
bağlı qanunvericiliyə yenidən baxılır
Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın
17-də keçirilən iclasında “Kitabxana işi
haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Komitə sədri Polad Bülbüloğlu diqqətə
çatdırıb ki, mövcud qanunvericiliyə əsasən,
kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat
fəaliyyəti ilə məşğul ola bilərlər və
bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında
qalır.
Sözügedən qanunlara təklif olunan dəyişikliklər
dövlət kitabxanalarının və muzeylərin bu fəaliyyətindən
əldə edilən vəsaitdən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə etməsini
nəzərdə tutur.
Çıxış edən deputatlar kitabxanaların
və muzeylərin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, kitabxana fondunun zənginləşdirilməsi,
muzeylərin turizmlə əlaqələndirilməsi, bu sahələrdə
dövlət-özəl tərəfdaşlığının
tətbiq edilməsi kimi kitabxana və muzey işinin
inkişafının bəzi aktual məsələləri ilə
bağlı fikirlərini bölüşüb, təklif
olunan dəyişikliklərə rəylərini səsləndiriblər.
Vurğulanıb ki, sənəd mədəniyyət
müəssisələri tərəfindən büdcədənkənar
fəaliyyətdən əldə edilən gəlirlərin
idarə olunması ilə əlaqədar qanunvericilikdə
mövcud ziddiyyətlərin aradan qaldırılması məqsədilə
hazırlanıb.
Qanun layihəsi birinci oxunuşda baxılmaq
üçün Milli Məclisin plenar iclasına tövsiyə
olunub.
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.3.