“Tablolarda nağıllar”

 

Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş müsabiqəyə yekun vurulub

 

Xalq rəssamı Səttar Bəhlulzadənin (1909–1974) 115 illik yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq sərgi-müsabiqəsinə yekun vurulub. Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda qaliblərin mükafatandırma mərasimi olub.

Sərgi-müsabiqə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov görkəmli rəssamın irsinin gənc rəssamlar üçün böyük məktəb olduğunu deyib: “Səttar Bəhlulzadə həmişə gəncləri öyrədib. O öz təcrübəsini gənclərlə səxavətlə bölüşürdü. Mən şadam ki, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlar öz yaradıcılıqlarında məhz Səttar Bəhlulzadə irsini örnək seçiblər. Mən onun sənət əsərlərində olan enerji və əhvali-ruhiyyəni sizin də işlərinizdə görməyi çox istərdim”.

ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənət tarixində rolundan danışıblar.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov müsabiqənin əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, gənc rəssamlar öz yaradıcılıqlarını, ideya və bacarıqlarını nümayiş etdirmək üçün müsabiqədə iştirak ediblər. Bu onlar üçün əsl yaradıcı mühitdir.  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası gənc rəssamlara daim dəstək olur.

“Tablolarda nağıllar” sərgi-müsabiqəsində 30-dan çox gənc rəssamın “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, “Məlikməmməd”, “Göyçək Fatma”, “Tıq-tıq” xanım”, “Cırtdan” və digər xalq nağılları əsasında yaradılmış, eləcə də müxtəlif mifoloji obrazları əks etdirən ümumilikdə 40-dan çox əsəri nümayiş olunub. Tablolarda klassik ədəbiyyatdan mövzulara da müraciət edilib.

Təqdim olunan əl işlərini ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova qiymətləndiriblər.

Münsiflər heyətinin qərarı ilə Nərmin Abdullayeva birinci, Röya Həsənova ikinci, Elçin Hüseyn isə üçüncü yeri tutub.

Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub. Əsərləri qiymətləndirilən daha bir neçə iştirakçı fəxri fərman, qalan iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Sərgi-müsabiqənin kuratoru ARİ-nin üzvü sənətşünas Dürdanə Qurbanova olub.

 

Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.6.