“Divanü
lüğat-it-türk”ün 950 illiyi UNESCO-da qeyd ediləcək
Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
“Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi:
“Divanü lüğat-it-türk”ün 950-ci
ildönümü” mövzusunda beynəlxalq konfrans
keçiriləcək.
Mahmud Kaşğarinin Türk dünyasının ən
qiymətli kitablarından biri olan məşhur “Divanü
lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində
qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti
olan "Divanü lüğat-it-türk" UNESCO-nun
2024-2025-ci illərdə qeyd olunacaq yubileylər
siyahısına daxil edilib.
İstanbul Millət Kitabxanasında qorunan və yeganə
nüsxənin son səhifəsində qeyd edilən məlumatlara
əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci
ildə yazmağa başlayıb və 1074-cü ildə
tamamlayıb. Müxtəlif mənbələrdə qeyd edilir
ki, Kaşğarlı bu əsərini dövrün türk
hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək
niyyətində idi. Lakin Alp Arslanın şəhid edilməsi
səbəbilə əsər 1075-1095-ci illərdə
Bağdadda hökmranlıq etmiş Abbasi xəlifəsi Məhəmməd
əl-Muqtədi bi-əmrillaha təqdim olunub.
Bu əsər Mahmud Kaşğari tərəfindən ərəblərə
türkçəni öyrətmək və türk dilinin ərəb
dilindən daha zəngin olduğunu göstərmək məqsədilə
yazılmış ilk türk dili lüğəti kimi qəbul
edilir. Mahmud Kaşğari bu əsəri yazarkən XI əsrdəki
türk bölgələrini bir-bir gəzmiş və əsərini
bilavasitə özü tərəfindən toplanmış dil
materiallarına əsasən hazırlamışdır. Bununla
yanaşı, bu əsər yalnız bir lüğət deyil,
türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks
etdirən, fonetik və morfoloji bilgilərə işıq
salan bir qrammatika kitabıdır. Əsər, həmçinin
türk boylarının, şəxslərin və yer
adlarının mənbəyi olmaqla yanaşı, türk
tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı
haqqında zəngin məlumatları ehtiva edir. Bundan başqa,
o dövrün tibb və müalicə üsulları
haqqında məlumat verən ensiklopedik bir əsər kimi də
diqqət çəkir.
Konfransda Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Özbəkistan,
Türkmənistan, Macarıstan və digər ölkələrdən
alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq
təşkilatların nümayəndələri bir araya gələrək
əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini
müzakirə edəcəklər.
Mədəniyyət .- 2024.-20 dekabr(¹94-95).- S.1;8.