Yerlərdə mədəni
həyat – ilin son tədbirləri
Şəki şəhər Heydər Əliyev Mərkəzinin
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
təşkil etdiyi “Yaşıl dünya üçün”
adlı rəsm müsabiqəsinə yekun vurulub. Bir ayadək
davam edən müsabiqə rayonun ümumtəhsil məktəblərinin
şagirdləri arasında 4 sinif kateqoriyası üzrə
keçirilib. Müsabiqənin yekun mərhələsinə
100-dək şagirdin mövzu ilə bağlı rəsm əsəri
təqdim olunub. Hər kateqoriya üzrə ilk üç yeri
tutan iştirakçılar mükafatlandırılıblar.
Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin
müəllim və şagirdlərinin ifasında milli musiqi
nömrələri səsləndirilib.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq
şöbəsi tərəfindən Quba şəhər 7
saylı körpələr evi-uşaq bağçasında
şair Məmməd Aslanın (1939-2015) 85 illiyi ilə əlaqədar
ucadan oxu keçirilib. Uşaqlara şairin “Səhəri kim
açır” kitabı ucadan oxunub.
***
Qəbələ rayon Mədəniyyət Mərkəzində
rayon və kənd yerlərində yaradıcı sənayelərin
inkişafına dəstək məqsədilə “Sənət
inciləri” adlı sərgi keçirilib. Sərgidə
müxtəlif üslublarda əl işləri nümayiş
olunub. Bildirilib ki, rayon Mədəniyyət Mərkəzində
mütəmadi olaraq keçirilən bu tip sərgilər
yaradıcı və mədəniyyət sənayelərinə
dəstək məqsədi daşıyır. Sonda sərginin
iştirakçılarına Mədəniyyət Mərkəzi
tərəfindən diplomlar təqdim olunub.
***
Saatlı Dövlət Rəsm Qalereyasında Azərbaycan
Yazıçılar Birliyinin üzvü, yazıçı
Esmira Abbasovanın (Esmira Günəş) şəhidlərə
həsr etdiyi “Sönməyən ulduzlar” kitabının təqdimatı
keçirilib. Kitabda Saatlı rayonunun Çolpı kəndindən
olan Vətən müharibəsi şəhidi Cəlal Bayramov
barədə də məlumat yer alıb. Təqdimatda valideynləri
də iştirak ediblər. Müəllif kitab haqqında məlumat
verib. Məktəblilərin ifasında şeirlər səsləndirilib,
Saatlı şəhidlərinə həsr olunmuş sənədli
film nümayiş etdirilib.
***
Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları
5 saylı körpələr evi-uşaq
bağçasının qonağı olub. Görüşdə
balacalar üçün maraqlı yarışlar, intellektual
oyunlar təşkil edilib. Hər uşaq öz istedad və
bacarığını nümayiş etdirib, şeirlər
söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Şaxta
baba və Qar qız müxtəlif hədiyyələrlə
uşaqları sevindirib. Sonda uşaqlar “Ağıllı kirpi”
cizgi filmini izləyiblər.
***
Oqtay Kazımi adına Astara şəhər Uşaq
musiqi məktəbində “Oqtaylı nəğmələr”
adlı tədbir keçirilib. Xalq artisti, bəstəkar Oqtay
Kazıminin (1932-2010) anadan olmasının 92-ci
ildönümü münasibətilə təşkil olunan tədbir
bəstəkarın “Çahargah” fantaziyası” ilə
başlayıb. Sonra bəstəkarın həyat və fəaliyyətindən,
sənət korifeylərinin ifasında dünyanı gəzən
mahnıları haqqında məlumat verilib. Tədbirdə
O.Kazıminin müxtəlif janrlı əsərləri məktəbin
instrumental ansamblının müşayiəti ilə səsləndirilib.
***
Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndəsi, Xalq rəssamı, Dövlət
mükafatı laureatı Səttar Bəhlulzadənin
(1909–1974) 115 illik yubileyi ilə əlaqədar Qazax Dövlət Rəsm
Qalereyasında rəsm sərgisi təşkil edilib. Sərgidə
dərnək üzvlərinin mövzu ilə bağlı rəsmləri
nümayiş olunub.
***
Lerik rayon Heydər Əliyev Mərkəzində Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran
regional bölməsi, Lerik Rayon İcra Hakimiyyəti, Lerik
rayonu üzrə Təhsil sektoru ilə birgə
“Qızların təhsil almasının önəmi: dini
qaynaqlar nə deyir?” mövzusunda tədbir təşkil olunub.
Çıxışlarda qızların təhsil
almasının ümumilikdə cəmiyyət
üçün əhəmiyyəti vurğulanıb, dini mətnlərdə
də təhsilə dəyər verildiyi diqqətə
çatdırılıb. Mövzu ətrafında müzakirələr
aparılıb.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.4.