Vokalçılar festivalı
başa çatıb
Xəbər verdiyimiz kimi, 20–24 dekabr tarixlərində
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Bəstəkarlar
İttifaqı (ABİ) və Bülbül vokal məktəbinin
təşkilatçılığı ilə IV Azərbaycan
Vokalçıları Festivalı keçirilib.
Festival Azərbaycan vokal musiqisinin inkişafı və
təbliği, gənc nəsildə yüksək musiqi
zövqünün formalaşdırılması məqsədilə
təşkil edilib.
Festivalın ilk günü Azərbaycan Milli
Konservatoriyasında tələbələrin iştirakı ilə
“Bülbül irsi” adlı konsert və “Azərbaycan milli
vokalı” adlı elmi seminar keçirilib. Seminarda
konservatoriyanın elmi işlər üzrə prorektoru professor
Lalə Hüseynova, Əməkdar artist Ramil Qasımov və
başqaları çıxış ediblər.
Ramil Qasımovun rəhbərlik etdiyi Bülbül
vokal məktəbi tələbələrinin iştirakı ilə
konsert olub.
Festival çərçivəsində daha bir konsertdə
Azərbaycan bəstəkarlarının yeni vokal əsərləri
təqdim olunub.
ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə
çıxış edərək festivalın əhəmiyyətindən
söhbət açıb.
Əməkdar artistlər İnarə Babayeva, Səidə
Şərifəliyeva, gənc ifaçılar Safura Aslanova,
Şəms Qəhrəmanova, Aydan Əliyeva, Ərəstun
Quliyev, Rauf Məmmədzadə və Nurlan Sadıqovun
ifasında Azər Dadaşovun “Zəriflik”, Elnarə
Dadaşovanın “Bir çarə”, Azad Zahidin “Mərhəba”,
Aysel Kərimin “Qış gecəsi”, Vəfa Bağırzadənin
“Eşq”, Aydan Əliyevanın “Ay üzlü nigarım” və
başqa romanslar səslənib.
Festivalın yekun konserti Azərbaycan Dövlət
Akademik Filarmoniyasında olub.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı vokal janrının
inkişafı və yeni vokal ifaçıların
tanınmasında festivalın vacib rol oynayacağına
ümidvar olduğunu deyib.
Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının simfonik orkestri və xoru musiqi nömrələri
ilə çıxış edib. Ramil Qasımov və xor
kollektivi Siyavuş Kəriminin “Nəsimi” operasından Nəsiminin
ariyasını, teatrın xoru
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından
“Çənlibel”i səsləndirib.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.3.