Uşaq
Kitabxanasında muxtar respublikanın 100 illiyinə həsr
olunan tədbir
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında Naxçıvan Muxtar Respublikasının (NMR)
100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Dekabrın 20-də təşkil edilən tədbirdə
AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları və
paytaxtdakı 31 nömrəli tam orta məktəbin bir qrup
müəllim və şagirdi, digər qonaqlar iştirak ediblər.
Kitabxananın direktoru Əməkdar mədəniyyət
işçisi Şəhla Qəmbərova tədbiri
açaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı
ilə NMR-in 100 illiyi geniş qeyd olunur. O, muxtar respublikanın
tarix və mədəniyyəti haqqında məlumat verib,
görkəmli şəxsiyyətləri barədə
danışıb. Direktor onu da diqqətə
çatdırıb ki, tədbirdə AMEA-nın Ədəbiyyat
İnstitutunun baş elmi işçisi, filologiya elmləri
doktoru, dosent Lütviyyə Əsgərzadənin NMR-in 100
illiyinə həsr edilən “Şeyx Məhəmməd Rasizadə”
adlı kitabı da təqdim olunur.
Lütviyyə Əsgərzadə dahi şair-dramaturq
Hüseyn Cavidin böyük qardaşı – tanınmış
pedaqoq, şair, tərcüməçi, din xadimi Şeyx Məhəmməd
Rasizadə (1878-1939) haqqında məlumat verib. Bildirib ki,
Naxçıvanda maarifçi mühitin inkişafında
mühüm rol oynamış Məhəmməd Rasizadə
dahi siyasətçi, Ulu öndər Heydər Əliyevin də
müəllimi olub.
“Mədəniyyət” qəzetinin baş redaktor
müavini Fariz Yunisli monoqrafiyanın elmi əhəmiyyətini
vurğulayıb, nəşrin eyni zamanda Naxçıvanın
bir neçə onillik ədəbi-mədəni, maarifçi
mühitinin də salnaməsi olduğunu diqqətə
çatdırıb.
Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Solmaz Həyatova, institutun “Yaradıcılıq+” bölməsinin
əməkdaşı, şair İbrahim Yusifoğlu və
başqaları kitabın məziyyətlərindən
danışıblar. İ.Yusifoğlu Naxçıvana həsr
etdiyi şeirini söyləyib.
Sonra kitabxananın əməkdaşı Əsmər
Ağalar “Naxçıvan Muxtar Respublikası – 100” adlı təqdimatla
çıxış edib, qədim diyarın tarixi abidələri
haqqında slayd nümayiş olunub.
Tədbirdə Cövdət Hacıyev adına 3
nömrəli 11 illik Musiqi məktəbinin müəllimlərdən
ibarət muğam üçlüyünün ifasında “O
Naxçıvandır” mahnısı və “Xudayar təsnifi”
(“Vətən yaxşıdır”) səsləndirilib. Məktəblilər
Naxçıvan haqqında şeirləri qiraət ediblər.
Sonda qonaqlar kitabxana ilə tanış olublar.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.6.