Unikal muzeydə yubiley söhbəti
“Teatr muzeyi elə bir mədəniyyət
saxlancıdır ki, hər bir eksponatın ayrıca hekayəsi
var”
Teatr canlı sənət olduğu üçün
onun muzeyə, saxlanca daha çox ehtiyacı var ki,
yaddaşlarda qalan təəssürat, xatirələr
ekspozisiya şəklində yaşayıb əbədiyyət
qazansın.
Tarix
Azərbaycan Dövlət Teatr Muzeyi bu il 90 illik tarixini
geridə qoydu. Əslində, bu mədəniyyət
ocağının, teatr sənətimizlə bağlı zəngin
ekspozisiya və arxiv məkanının yaşı daha
böyük rəqəmlə əlamətdar ola bilərdi.
Bu günlərdə muzeydə keçirilən yubiley
tədbirində nümayiş olunan qısa sənədli filmdən
və muzeyin direktoru Sevinc Mikayılova ilə söhbətimizdən
bəlli olur ki, 1926-cı ildə Bakı Teatr Texnikumunun müəllimi
Ağakərim Şərifov texnikumun ilk məzunları ilə
Moskvada olarkən Teatr muzeyinə də baş çəkirlər.
Ağakərim Şərifov muzeyin yaradıcısı
Aleksandr Baxruşinlə görüşür, ondan muzey
işini sistemləşdirməyi öyrənir. Bakıya
qayıdan kimi Xalq Maarif Komissarlığına Bakıda da belə
bir muzeyin yaradılması ilə bağlı müraciət
edir. 1927-ci ildə görkəmli teatr aktyoru və rejissoru
Sidqi Ruhullaya aid arxiv materialları toplanaraq bir sərgi
açılır. Bu, yaradılacaq muzeyin ilk ekspozisiyası
olur. Tağıyev teatrının (onun yerində indiki Akademik
Musiqili Teatrı inşa olunub – red.) foyesində muzeyin
açılış mərasimi olur. Xalq Maarif
Komissarlığı vətəndaşlara müraciət edir
ki, teatra aid materialları varsa, gətirib muzeyə versinlər.
Amma 1928-ci ildə muzey bağlanır.
1934-cü ildə yenidən yaradılır və
Ağakərim Şərifov direktor təyin edilir. Elə həmin
ilin son günü Cəfər Cabbarlı vaxtsız vəfat
edir və teatr sənətimizdəki xidmətləri nəzərə
alınaraq 1935-ci ildə muzeyə böyük dramaturqun
adı verilir.
1937–1938-ci illərin acı yelləri teatr xadimlərinin,
habelə Dövlət Teatr Muzeyinin də üstündən əsib.
Bir sıra teatr xadimləri repressiyaya məruz qalıblar.
Onların arasında muzeyin direktoru Ağakərim Şərifovun
qohumları da vardı. Bir qədər sonra Ağakərim
Şərifov işdən azad edilir. Həmin illərdə
muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz
həyatını təhlükəyə qoyaraq repressiya
qurbanlarının muzeydəki əşyalarını gizlədir,
müsadirə olunmaqdan qoruyur və beləliklə həmin sənədlər
bu günümüzə gəlib çatır.
1991-ci ildən Muzey Mərkəzinin binasında yerləşən
Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin
fondunda 140 mindən çox arxiv materialı var. Bu eksponatlar
1873-cü ildə M.F.Axundzadənin “Lənkəran
xanının vəziri” komediyasının tamaşası ilə
milli peşəkar teatrımızın əsasının
qoyulmasından başlayaraq, ölkəmizdə fəaliyyət
göstərən bütün teatrların salnaməsini və
fəaliyyətini əks etdirir. Bura tarixi-faktiki sənədlər,
proqram və afişalar, dekorasiya və geyim eskizləri, sənət
xadimlərinin əlyazmaları, qeyd və rol dəftərləri,
məktubları, memorial əşyaları, müxtəlif
rollarda çıxış edərkən geyindikləri əlbisələr,
tamaşaların maketləri, zəngin foto kolleksiyası və
s. daxildir.
Muzeyin yeni dövrü
Sevinc Mikayılova muzeydə 1986-cı ildən, tələbəlik
vaxtından çalışır. Deyir, Turan xanım Cavidin
(1953-cü ildən Dövlət Teatr Muzeyində elmi
işçi, 1968–1991-ci illərdə muzeyin direktoru olub – red.)
rəhbərliyi altında gözlərimin
qarşısında baş verən muzeyin bütün fəaliyyəti
onu bu sənət saxlancı məkanına bağlayıb.
Elmi işçi, elmi katib, elmi işlər üzrə direktor
müavini vəzifələrində çalışıb,
2015-ci ildən muzeyin direktorudur.
– Burada çalışdığınız illərdə
dövrün, zamanın dəyişməsi ilə
yanaşı, həm muzey işində, həm də
insanların, muzeyi ziyarət edənlərin teatr tarixinə
münasibətində də dəyişiklıkləri də
müşahidə etmisiniz...
– İndi dünya elə sürətlə dəyişir
ki. Əvvəllər belə olmurdu, dəyişikliklər mərhələlərlə
baş verirdi. Təbii ki, müəyyən müqayisələr
aparmağa imkan yaranır. Muzey işində ən
böyük dəyişikliklərdən biri interaktivliyin
artmasıdır. Bunu zaman tələb edirdi. Çünki
müasir dövrün muzey ziyarətçisinin gözləntiləri
əvvəlkilərdən çox fərqlənir. Müasir
insanın uzun-uzadı ekskursiyanı dinləməyə
marağı və səbri, demək olar ki, yoxdur. Buna görə
eksponatları yığcamlaşdırıb interaktiv
ekspozisiya qurmaq zərurəti yaranır. Teatr korifeylərimizlə
ünsiyyətdə olmuş, ən azı onları həyatda
görmüş insanların söhbətləri də bəzən
gənclərə darıxdırıcı təsir
bağışlayır. Belə söhbətləri
videocarxlarla, sərgilərlə,
ustad dərsləri, qiraət saatları tərzində
qurulmuş təqdimatlarla əvəz etməli oluruq.
– Təhsil Nazirliyinin “Məktəbdə teatr” layihəsinə
yəqin ki, öz töhfənizi verirsiniz?
– Bu layihə ilə bağlı bizə müraciət
edən olmayıb. Amma ideyalarımız çoxdur və teatr
tariximizi yeni üslubda təbliğ edən aksiyalar
reallaşdıra bilərik. Bizim muzeyin spesifikası elədir
ki, azyaşlı məktəblilərlə teatr tarixi
mövzusunu açmaq, təqdim etmək fərqli vasitələrlə
mümkündür. Məsələn, teatr rəssamlığı
ilə bağlı ustad dərslərində uşaqlara
mütaliə etdikləri əsərlərin
personajlarının rəsmini çəkməyi həvalə
edirik. Və təbii ki, dərs proqramına uyğun olaraq məktəblilərin
və tələbələrin muzeyi ziyarət etmələri
və dərs prosesində tanış olduqları ədibin əsərinin
teatr tarixçəsini öyrənmələri onların
dünyagörüşünün zənginləşməsinə
xidmət edir. Gənclərimizin özünüifadə,
öz fikrini formalaşdırıb söyləmək
bacarıqlarını inkişaf etdirməsinin də qeydinə
qalaraq vaxtaşırı “dəyirmi masa”lar keçiririk.
Bunlar çox həssas məsələlərdir. Ona görə
də valideynlər son dərəcə diqqətli
olmalıdırlar. Çünki normal ailədə
boya-başa çatmış gənc pis vərdişə
qurşanmaz, peşə seçimində səhvə yol verməz,
nə də kimisə nahaqdan incitməz. Əlbəttə, bu
kimi məsələləri muzeyin əhatə etməsi
mümkün deyil. Amma həm də vətəndaş kimi
hesab edirəm ki, səlahiyyətimiz və imkanlar çərçivəsində
gənclərin düzgün şəxsiyyət olaraq
formalaşmasına öz töhfəmizi əsirgəməməliyik.
– Teatr xadimlərinin arxiv materiallarının muzeyə
təhvil verilməsi necədir? Ailələri buna maraq
göstərirmi?
– Təəssüf ki, bizdə bu ənənə
çox zəifdir. Ailə üzvləri görkəmli sənət
xadimlərinin arxiv materiallarını evdə saxlamağa
üstünlük verirlər.
– Sonra da gileylənirlər ki, mənim o boyda işlər
görmüş qohumumu tanıyan yoxdur...
– Bəli, amma halbuki belə
gileylərdən öncə arxiv materiallarını
vaxtında muzeyə təhvil verə bilərdilər. Söhbət
düşəndə deyirlər ki, yaşayış yerimizi dəyişəndə,
ya da evi təmir edəndə itdi, evi su basanda məhv oldu. Belə
söhbətləri eşidəndə çox məyus oluram.
Çünki bir sənət adamının şəxsi
arxivinin fotosundan, yaxud bircə məktubundan başqa neçə
sənətkarın həyatı və
yaradıcılığı ilə bağlı məlumatlar
üzə çıxa bilər. Başqa xalqların görkəmli
şəxsiyyətləri haqqında, məsələn, bir
verilişə baxanda görürük ki, həmin insanın həyatının
bütün dövrlərinə aid materiallar
tamaşaçılara nümayiş etdirilir. Bizdə isə
bəzilərinin doğum tarixi, tərcümeyi-halı ilə
bağlı faktlarda belə boşluqlar var. Bəzi görkəmli
teatr xadimlərimizin doğum tarixini dəqiqləşdirmək
üçün çətinliklərdən keçməli
oluruq və bəzən heç buna nail ola bilmirik.
Çünki ailə üzvləri heç bir arxiv
materialını gətirib muzeyə təhvil verməyiblər
və sənədlər, fotolar, əlyazmalar müxtəlif
şəraitlərdə ya itib, ya da yararsız hala
düşüb. Halbuki söhbət yaxın keçmişdən
gedir. Yaxud da bəziləri deyirlər ki, surətini
çıxarıb götürün, əsli
özümüzdə qalsın. Nəzərdən
qaçırırlar ki, muzeydə əşyanın, sənədin
məhz əsli nümayiş etdirilməlidir.
– Yəqin ki, görkəmli teatr xadimlərinin ailə
üzvlərinə bununla bağlı müraciətlər
edirsiniz?
– Əlbəttə, müraciətlər edirik. Təəssüf
ki, eşidib düzgün qarşılayanlar azdır. Məsələn,
ən son fond zənginləşməmizdən biri teatr rəssamı
Tahir Tahirova aid oldu. Oğlu onun tamaşalara çəkdiyi
eskizləri muzeyimizə təqdim etdi. Çox böyük həvəslə
qəbul etdik. Teatrlarla sıx əlaqədəyik. Hər
mövsümün sonunda il ərzində repertuarda olan
tamaşalara aid fotoları, proqramları, afişaları
muzeyimizə təhvil verirlər.
Teatr rəssamlarımızla bağlı bir məqamı
qeyd etmək istəyirəm. Əlbəttə, hər
şeyin elektronlaşması gündəlik həyatımızı
asanlaşdırır. Amma həm də bizi kökümüzdən
ayırır. Yəni elektronlaşmanın həm müsbət
tərəfi var, həm də mənfi tərəfi. Konkret
olaraq onu deyim ki, son dövrlərdə muzeyimizə orijinal
tamaşa dekorasiya və geyim eskizi daxil olmur. Çünki rəssamların
demək olar ki, hamısı kompüterdə işləyirlər.
Ona görə də teatr rəssamlarının işlərindən
ibarət sərgi təşkil edəndə yalnız əvvəlki
dövrün rəssamlarının – Əzim Əzimzadə,
Kazım Kazımzadə, Bədurə Əfqanlı,
İsmayıl Axundov, İzzət Seyidova, Tahir Tahirov və digərlərinin
fəaliyyətinə istinad edə bilirik. Hamısının
da boyaları təptəzə qalıb. Teatr rəssamlarının
müasir nəslinin bütün işləri printerdən
çıxarılmış formatdadır. Sadəcə,
kağızdır. Onlar muzey əhəmiyyətli əşya
ola bilməz. Üstəlik, az vaxtdan sonra rəngləri solur.
Biz o işləri eksponat kimi yox, bir tədqiqat mənbəyi
kimi köməkçi fondumuza qəbul edirik.
– Müasir teatr rəssamları bu məqamı nəzərə
almır? Axı onların yaradıcılığının
teatr rəssamlığı səhifəsi gələcək
nəsildə dolğun təsəvvür yaratmayacaq...
– Hamı rahatlığa qaçır. Tamamilə
düz deyirsiniz – o rəssamlar teatr rəssamlığından
əlavə boyakarlıqla da məşğul olurlarsa, təbii
ki, orda klassik üslubda işləyirlər. Amma
yaradıcılıqlarının teatr rəssamlığı
səhifəsinin ötəri olması nədənsə
onları narahat etmir. Eyni fikri əlyazmalara aid də deyə
bilərəm: indi əl yazısından kim istifadə edir?
Hamı kompüterdə, smartfonda yazır, hətta sözdən
çox smaylikdən istifadə edir. Yəni sənət
xadimindən bir əl yazısı belə yadigar qalmır.
Sanki hər şey ötəri xarakter qazanır.
– Başqa ölkələrin teatr muzeyləri ilə əməkdaşlıq
necə qurulub?
– Ən sıx əməkdaşlığımız
Moskvadakı Baxruşin adına Teatr Muzeyi ilədir.
Çünki bizim muzey məhz o muzeydən bəhrələnərək
qurulub. Ukraynanın Xarkov şəhərindəki muzeylə də
əlaqələrimiz sıxdır. Xarkovlu teatr rəssamı
Tixomirov vaxtilə bir müddət bizdə də teatr rəssamı
kimi fəaliyyət göstərib. Xarkov Teatr muzeyi bizdən
onun yaradıcılığının Bakı dövrünə
aid materialların surətini istəmişdi, biz də
hazırlayıb göndərdik. Uzaq xaricdən maraqlananlar
olur. Məsələn, Şərq dramaturgiyası və
teatrı ilə bağlı tədqiqat işi yazanlar muzeyimizə
müraciət edirlər. Ümumiyyətlə, dünyada teatr
muzeyləri azdır. Bizim muzey Cənubi Qafqazda və Yaxın
Şərqdə ilk və yeganədir. Bir çox ölkələrdə
teatr muzeyləri deyil, teatrlarda görkəmli sənətkarların
guşələri var.
– Deməli, əcnəbilərdən də teatr
tariximizlə maraq göstərən olur?
– Əlbəttə. Azərbaycan teatrının
çox maraqlı tarixi var. Azərbaycan milli peşəkar
teatrı milli dramaturgiyanın üzərində qurulub.
Dünya teatr tarixində bu kifayət qədər nadir
haldır. Və ilk teatr tamaşalarımız haqqında istər
yerli, istərsə də əcnəbi ziyarətçiyə
məlumat verəndə mütləq onu da qeyd etməliyik ki,
Azərbaycan teatrının təşəkkül
tapmasında əvəzsiz xidmətləri olan Ülvi Rəcəbin,
Abbas Mirzə Şərifzadənin, Hüseyn Ərəblinskinin
və digərlərinin teatr təhsili olmasa da, ürəklərində
sönməz maarifçilik və sənət
yanğısı olub. Çünki şəxsiyyət
olublar. Və yaxud Hökümə Qurbanovanı, məsələn,
“Qış nağılı”nda Hermiona rolunda görənlərin
xatirələrinə əsasən aktrisanın səhnədə
uzun müddət kirpiyini belə titrətmədən
dayandığını danışmaqla ziyarətçiyə
Şekspir personajlarının Azərbaycan səhnəsində
təcəssümü ilə unikal bilgi qazandırmış
oluruq. Bütün bunlara Londonda Şekspir muzeyində Ülvi
Rəcəbin Hamlet obrazındakı fotoportretinin
saxlanılması faktını da əlavə edəndə təsəvvürün
necə zənginləşdiyini vurğulamaq artıqdır.
Teatr muzeyi elə bir mədəniyyət
saxlancıdır ki, burda hər bir eksponatın ayrıca hekayəsi
var, ziyarətçiyə danışmaq lazımdır ki, bu
və ya digər foto, məktub, afişa, proqram məhz
hansı özəlliyinə görə bu muzeydədir. Bunu
şifahi şəkildə danışmaq mütləqdir. Bu
olmadan, sadəcə hər eksponatın üzərindəki
bir-iki kəlməlik məlumat lövhəsi ilə ziyarətçidə
heç bir dolğun məlumat, canlı təsəvvür
yaranmayacaq. Bizim muzeyin üzərinə belə bir missiya
düşüb və bunu layiqincə yerinə yetirməyə
çalışırıq.
Sözardı
Teatr muzeyində dəfələrlə olmuşam. Bu dəfə
də yeni təmir edilmiş zalları ziyarət etdim. Hər
dəfə də eksponatları nəzərdən
keçirdikcə onların hər birinin sanki tarixdən
süzülüb gələn sədasını eşidirəm.
Bu təəssüratın daim yenilənməsi və Cəfər
Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin
növbəti yubileylərini görmək arzusu ilə
Samirə Behbudqızı
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.7.