Nərgiz
Əliyarova: “Bakıda çıxış etmək mənim
üçün daha çətindir”
“Nyu-Yorkda keçirdiyimiz müsabiqənin əsas məqsədi
Azərbaycan musiqisini plagiatdan qorumaq və təbliğ etməkdir”
Belə insanlar haqqında deyirlər: sənətkar
peşəkar olmaqla bərabər, həm də vətənsevərdir,
nə qədər uzaqda olsa da, qəlbi vətənlə
döyünür.
Tanınmış pianoçu, respublikanın Əməkdar
artisti, Bakı Musiqi Akademiyasının professoru, İtaliyada
pianoçuların beynəlxalq müsabiqəsinin laureatı,
Şopenin əsərlərinin ifasına görə Polşa
dövləti tərəfindən təltif olunmuş,
hazırda ABŞ-də yaşayan və yaradıcısı
olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti
ilə Azərbaycan musiqisini təbliğ edən layihələr həyata keçirən Nərgiz
Əliyarova bu günlərdə vətənə gəlmişdi.
Filarmoniyada müəllimi, mərhum professor Elmira Səfərovanın
90 illik yubileyinə həsr edilmiş konsertdə
çıxış edən pianoçu dekabrın 21-də
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin də
qonağı oldu.
Muzeyin direktoru Alla Bayramova tədbirə
toplaşanları salamlayaraq bildirdi ki, artıq yeddi ildir
Nyu-York şəhərində uğurlu pianoçu, pedaqoq və
ictimai xadim karyerası qurmuş Nərgiz Əliyarova ilə bu
görüş sənətsevərlər üçün əlamətdar
hadisədir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Nərgiz
Əliyarovanın həyat və yaradıcılıq yolundan
söz açdı. Diqqətə çatdırdı ki,
pianoçuluq istedadı Bülbül adına Orta İxtisas
Musiqi Məktəbində təhsilə
başladığı vaxtdan özünü göstərən
Nərgiz xanım doqquz yaşında böyük səhnəyə
çıxıb. Müxtəlif musiqi kollektivləri ilə
Azərbaycanda və xaricdə çıxışlar edib. 15
yaşında verdiyi konsertin dirijoru maestro Niyazi olub.
Bülbül adına məktəbi qızıl medalla bitirib və
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının (indiki BMA) fortepiano sinfinə qəbul
edilib. Konservatoriya təhsilini də fərqlənmə diplomu
ilə başa vurduqdan sonra burada müəllim, baş müəllim,
dosent, professor qismində pedaqoji fəaliyyət göstərib.
“Azərbaycan bəstəkarlarının skripka və fortepiano
üçün sonataları” mövzusunda dissertasiya müdafiə
edib. Konsert fəaliyyəti akademik və klassik musiqinin
bütün təzahürlərini əhatə edir. Nyu-Yorkun və
Vaşinqtonun nüfuzlu konsert salonlarında keçirilən
konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərinə
də xüsusi yer ayırır.
Sonra söz Nərgiz Əliyarovaya verildi. Musiqiçi
minnətdarlıq hissi ilə tədbir
iştirakçılarının diqqətinə
çatdırdı ki, Alla Bayramova ona
yaradıcılığı ilə bağlı sənədləri
muzeyə təhvil verməyi təklif edib və o, təklifi təəccüb,
sevinc və qürur hissi ilə qəbul edib.
Alla Bayramova isə öz növbəsində əlavə
etdi ki, bu sənədlər Azərbaycanın müasir musiqi mədəniyyətinin
tərkib hissəsidir.
N.Əliyarova ABŞ-yə köçəndən
sonra təsis etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin
işindən, cəmiyyətin nəzdindəki studiyada pedaqoji
fəaliyyətindən danışdı. Vurğuladı ki, cəmiyyət
başda Azərbaycan musiqisi olmaqla dünya musiqiçilərinin
irsinin təbliği ilə məşğuldur. Cəmiyyətin
ən böyük və maraqlı layihəsi isə bu il
dördüncüsü keçirilən beynəlxalq bəstəkarlıq
müsabiqəsidir.
Daha sonra musiqiçi onun istəyi ilə Rüfət
Xəlilovun piano üçün yazdığı və ilk dəfə
8 Noyabr – Zəfər Günündə Nyu-Yorkda səslənən
“Sarı gəlin” əsərini, ifaçılıq
palitrasında özünəməxsus yer tutan Frederik
Şopenin, Faiq Sücəddinovun əsərlərini ifa etdi.
Şopenin məşhur “Noktürn” əsərini pianoçu
şəhidlərimizin ruhuna ithaf etdi. Nərgiz Əliyarova ilə
görüşə gələnlər onun təqdimatında
Arif Məlikovun və Ferens Listin əsərlərinin
çalğısının videohəlli olan iki yeni klipin
premyerasının da iştirakçısı oldular.
Nərgiz Əliyarovanın sənət dostları və
sənətinin pərəstişkarları ürək
sözlərini dilə gətirdilər.
***
Tədbirdən sonra onunla “Mədəniyyət” qəzeti
üçün qısa müsahibə etdik.
– Nərgiz xanım, söhbətimizə təşəbbüskarı
olduğunuz bəstəkarlıq müsabiqəsinə görə
təşəkkürlə başlamaq istəyirəm. Necə
bir yol keçib bu müsabiqə?
– Çox sağ olun. Artıq dördüncü dəfə
uğurla baş tutan müsabiqənin özünəməxsusluğu
hər bir iştirakçının təqdim etdiyi əsərlərdə
mütləq şəkildə Azərbaycan musiqisindən bəhrələnməsi
və bunu öz bəstələrində qeyd etməsidir.
Müsabiqənin məhz bu xassədə keçirilməsi
ideyası Üzeyir bəyin məşhur bir bəstəsini,
“O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq”
parçasının erməni musiqi əsəri kimi eşidəndə
yaranmışdı. Mən belə açıq-aşkar
plagiat faktına çox əsəbiləşmişdim. Və
belə qərara gəldik ki, rəfiqəm, bəstəkar,
Bakı Musiqi Akademiyasının dosenti Lalə Cəfərova
Üzeyir bəyin həmin bəstəsinə istinadən bir
variasiya, “Deyirlər ki, toy olacaq” kompozisiyası mövzusunda
fantaziya yazsın, mən də bütün dünyada bu əsəri
ifa edib onun gerçək müəllifinin Üzeyir bəy
olduğunu, ermənilərin isə plagiata yol verdiklərini
hamıya sübut edim. Və belə də etdik. Tədricən
anladım ki, bu təşəbbüsü davamlı bir
aksiyaya çevirmək daha effektiv olar. Beləliklə, bu
müsabiqə yarandı.
Birinci müsabiqə Üzeyir Hacıbəylinin əsərlərinə
həsr edilmişdi və əsərlər Bakıda Üzeyir
Hacıbəyli festivalında səsləndikdən sonra
Nyu-Yorkdakı Linkoln Mərkəzində də təqdimatı
olmuşdu. Üzeyir bəyin on əsəri
iştirakçı bəstəkarlara təklif edilmişdi,
onların da bəziləri ya əsərin bir hissəsini
öz bəstəsinə daxil edib yeni bir fantaziya, variasiya, bəziləri
isə Üzeyir bəyin musiqisindən ilhamlanaraq və bunu bəstəsinin
titul vərəqində qeyd edərək əsər
yazırdı. Birinci müsabiqədə 25 ölkədən
50 bəstəkar iştirak etdi. İkinci müsabiqə Fikrət
Əmirovun yaradıcılığını özündə
ehtiva edirdi. Üçüncü müsabiqə birinci və
ikinci müsabiqədə qalib seçilmiş əsərlərin
dünya ifaçılarının çalğısında
təqdimatından ibarət oldu. Və hələlik sonuncu
olan dördüncü müsabiqə Azərbaycan xalq
mahnılarından ilhamlanıb yeni musiqi əsərləri bəstələyən
musiqi yaradıcılarını bir araya topladı. Bunların
böyük bir hissəsi plagiata məruz qalmış xalq
mahnılarımız idi. Azərbaycanın tarixi
torpaqlarını, ərazi bütövlüyünü musiqidə
əks etdirən “İrəvanda xal qalmadı”,
“Şuşanın dağları” kimi mahnıları da bilərəkdən
müsabiqə proqramına daxil etmişdik ki, dünya ictimaiyyəti
həqiqəti bir daha musiqi dili ilə də eşitsin. Bu
müsabiqənin əsas məqsədi Azərbaycan musiqisini
plagiatdan qorumaq və təbliğ etməkdir. Onun Nyu-Yorkda
keçirilməsi bəstəkarların marağını
daha da artırır. Qalib bəstələrin hamısını
nəşr etdirib Nyu-York Konqreslər Kitabxanasının
ştrix kodunu alıb toplu olaraq qeydiyyatdan keçirdirik.
– Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin
layihələri arasında hansını xüsusi qeyd edə
bilərsiniz?
– Mənim üçün ən önəmli
gerçəkləşmiş ideyalardan biri 2022-ci ildə Fikrət
Əmirovun 100 illiyinin məhz böyük bəstəkarın
doğum günündə, noyabrın 22-də “Karnegi-Holl”un
böyük zalında qeyd edilməsi idi. Bildiyimə görə,
bu zalda o vaxta qədər Azərbaycanla bağlı tədbir
olmamışdı. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi sayəsində biz bunu reallaşdırdıq.
Başqa bir yaddaqalan hadisə kimi Vaşinqtonun Kennedi Mərkəzində
solo konsertimi qeyd edə bilərəm. “İpək Yolu”
proqramı Azərbaycan, türk və İran bəstələrindən
tərtib edilmişdi və böyük maraqla
qarşılandı”.
– Bu yeddi il ərzində Nyu-York və Bakı musiqisevərləri
arasında müqayisə aparmaq imkanınız olubmu?
– Bakıda çıxış etmək mənim
üçün daha çətindir. Təəssüf ki,
bizdə klassik musiqi dinləməyi sevənlər o qədər
də çox deyil. Bakıda klassik musiqi konsertlərinə gələnlərin
əksəriyyəti musiqiçilərdir. Bu isə
ifaçıdan ikiqat məsuliyyət tələb edir.
Nyu-Yorkda isə klassik musiqi konsertlərinə musiqiçi
olmayanlar daha çox gəlir. Özü də əsasən
yaşlı nəslə aid insanlar. Və mən bir məqamı
hər konsertdə müşahidə edirəm: hələ
konsert başlamazdan əvvəl zalda ifaçıya bir təşəkkür
ovqatı hiss olunur. Bu, əlbəttə, çox
ruhlandırıcı bir ab-havadır...
***
Söhbət əsnasında Nərgiz xanım
dekabrın 22-də ABŞ-də “Karnegi-Holl”da keçirilməsi
nəzərdə tutulan növbəti solo konsertinin və azərbaycanlı
həmkarları ilə yeni müştərək işlərin
əhvalında yola düşməyə
hazırlaşdığını dedi. Vətənpərvərliyi
real işlərində görünən, eşidilən, dinlənilən
və duyulan musiqi xadiminə uğurlar arzu edirik.
Samirə Behbudqızı
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.5.