Tarzən Əhsən Dadaşovun
yubileyi qeyd edilib
Ustad tarzən, Əməkdar artist Əhsən
Dadaşovun (1924–1976) anadan olmasının 100 illiyi dekabrın
20-də Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.
Tədbirdə çıxış edən Xalq artistləri
Adil Bağırov, Şəfiqə Eyvazova, Milli Məclisin
deputatı akademik Ziyad Səmədzadə tarzənlə
bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Əhsən Dadaşovun ifası insan ruhunu
oxşayaraq onu öz sehrinə salırdı. O, Səid
Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov
kimi ustad tarzənlərdən dərs alıb,
ifaçılıq xüsusiyyətlərini dərindən mənimsəyərək
inkişaf etdirib. Görkəmli müğənni Rəşid
Behbudovun ansamblının üzvü kimi bir çox ölkələrdə
qastrol səfərlərində olub, Azərbaycan musiqisini təmsil
edib.
Əhsən Dadaşov 1960-cı ildə Azərbaycan
Televiziyası və Radiosunda xalq çalğı alətləri
ansamblı yaradıb və ömrünün sonuna kimi onun bədii
rəhbəri olub. Hazırda “Xatirə” Xalq çalğı
alətləri ansamblı (bədii rəhbəri Adil
Bağırov) Əhsən Dadaşovun adını
daşıyır. Əhsən Dadaşov həmçinin bir
çox tarzənlərin sənət müəllimi olub.
Tədbirin bədii hissəsində Xalq artistləri
Vamiq Məmmədəliyev, Nəzakət Teymurova, Malik Mansurov,
tarzən və pedaqoq Elxan Müzəffərov, Əməkdar
artistlər Əliağa Sədiyev, Səbuhi İbayev,
Qoçaq Əsgərov, beynəlxalq və respublika müsabiqələri
laureatları Mehri Əsədullayeva, Rövşən Qurbanov,
Bəhruz Zeynal, Kamilə Nəbiyeva və “Əhsən” Xalq
çalğı alətləri ansamblının
iştirakı ilə konsert proqramı təqdim olunub.
Sonda tarzənin qızı Xanım Məhərrəmova
tədbirin təşkilatçılarına və
iştirakçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.6.