Nəsrimizin parlaq
imzalarından – İsi Məlikzadə
XX əsr Azərbaycan nəsrində özünəməxsus
üslubu ilə seçilən qələm sahiblərindən
biri də tanınmış yazıçı, dramaturq,
ssenarist İsi Məlikzadə olub. O, 35 illik
yaradıcılıq fəaliyyəti dövründə
qarşılaşdığı və müşahidə
etdiyi həyat gerçəkliklərini çox maraqlı
şəkildə oxucuya çatdırıb. Sadə
insanların, ziyalıların dolğun obrazını
yaradıb. Bu il yazıçının anadan olmasının
90 illiyidir.
İsi Abbas oğlu Məlikzadə 1 may 1934-cü ildə
Ağcabədi rayonunun Xalfərəddin kəndində
dünyaya göz açıb. Orta məktəbi bitirəndən
sonra, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki
ADNSU) Neft-kimya fakültəsinə qəbul olunur. 1957-ci ildə
təhsilini müvəffəqiyyətlə başa vurur, təyinatla
Bakıda Neft Mədənləri İdarəsində əmək
fəaliyyətinə başlayır. Təyinat müddəti
başa çatdıqdan sonra doğma yurdu Ağcabədiyə
qayıdır. 1961-ci ildə Bakı Şəhər Qaz
İdarəsinin layihə bürosunda işə düzəlir.
Gənc yaşlarından ədəbi
yaradıcılığa maraq göstərən İsi Məlikzadə
çalışdığı müəssisələrdə
sovet cəmiyyətinin miqyasını, onun fəaliyyət
mexanizmini müşahidə edir, sonradan ədəbi materiala
çevirirdi. O hələ tələbə ikən “Kirpi”
jurnalı ilə əlaqə saxlayır. Salam Qədirzadə
ilə dostluq edir. Elə ilk məqaləsi də “Kirpi”
jurnalında dərc edilir. “Pambıqçılıq” adlı
ilk hekayəsi isə 1957-ci ildə
“Ağcabədi pambıqçısı” qəzetində
dərc olunur. Hekayələri oxucular tərəfindən
maraqla qarşılanır. Ədəbi aləmdə
istedadlı gənc kimi diqqət çəkir. Gənc İsi
1960-cı illərin ikinci yarısından daha ciddi mövzulara
müraciət edir. 1964-cü ildə “Həsrətin sonu” adlı
kiçik hekayələrdən ibarət kitabı işıq
üzü görür. Bu uğur onun üzünə
dövri mətbuat qapılarını taybatay açır.
1967-ci ildə komsomolun və Yazıçılar
İttifaqının müştərək orqanı kimi
“Ulduz” jurnalı təsis edilir. Şair Əhməd Cəmil
jurnala redaktor təyin olunur. Ədəbi mühitdəki həmfikirlərinin
dəstəyi sayəsində İsi Məlikzadə jurnalda
işə başlayır.
O, nizam-intizamı və istedadı ilə rəhbərliyin
diqqətini çəkir. Jurnalın məsul katibi təyin
edilir. Bir il sonra üç povestinin yer aldığı
“Özgə anası” kitabı “Gənclik” nəşriyyatında
çap olunur. 1968-ci ildə Yazıçılar
İttifaqına üzv qəbul edilir. 1973-cü ildə “Ulduz”
jurnalına yeni redaktor təyin edilir və o buradakı
işindən ayrılmalı olur. Bir müddət işsiz
qalır, maddi çətinlik onu üzür. Bu vəziyyət
həm də sərbəst yaradıcılıq işinə
çətinliklər yaradır.
Nəhayət, “Azərnəşr”də redaktor vəzifəsinə
təyin olunur. Yazıçı 1980-ci ildə bu işindən
də ayrılır. Bir daha doğma Ağcabədiyə
dönür. Burada qaldığı müddətdə
“Gümüşgöl əfsanəsi” adlı povestini qələmə alır.
Müəllif bu əsərin ərsəyə gəlməsində
əfsanələrdən məharətlə bəhrələnir.
Əslində, o, əsərdə öz taleyinin
enişli-yoxuşlu və ağrılı-acılı
anlarını ifadə edir. Əsərdə isə Orxan,
Ağabəyim və Bənövşənin taleyi əks
olunur... Bu talelərin hər-biri təbii həyat gerçəklikləri
ilə bağlıdır. Yazıçı Orxanı
özünün oxşarı kimi görünməsin deyə,
İçərişəhərli bir ziyalı kimi təqdim
edir. Orxanı bütün təfərrüatı ilə bir
şəhərli gənc kimi tərifləyir. O, İçərişəhərdə
köhnə məhəllədə dünyaya göz
açıb. Ali təhsilli xalçaşünas alimdir.
Anası Fatma isə sahə həkimidir. Orxan
xalçaçılıq üzrə elmi iş yazır. Elmi
rəhbəri Xürrəm müəllim ona məsləhət
edir ki, tez-tez ucqar kəndlərə get. El sənətkarları
və istedadlı
xalçaçılarla görüş. Onların təcrübəsi,
rəng və ilmə üslublarını öyrən. O, elmi
rəhbərinin dediyi kimi də edir. Ucqar bir dağ kəndində
olur. Ancaq burada romantik bir macəraya düşür... Bu obraz,
əslində, yazıçının arzu etdiyi təbii bir həyat
axtarışı olub. Belə demək olar ki,
yazıçı həyatda arzu etdiyi kimi yaşaya bilməyib...
İsi Məlikzadə 1988-ci ildə yenidən
Bakıya qayıdır. Akademik Dram Teatrında ədəbi
hissə müdiri işləyir. Bununla da onun fəaliyyətinin
yeni mərhələsi başlanır.
Yazıçının maraqlı əsərlərindən
biri də “Evin kişisi” povestidir. Əsərin qəhrəmanı
Qaçay adlı sıravi milis işçisidir. Müəllif
əsərdə Qaçayın həyatını təsvir
edir. Ancaq Qaçay öz davranışı ilə sovet
milisinin səlahiyyətlərini inandırıcı şəkildə
əks etdirmir. Çünki o, arzu ediləcək qəhrəman
səviyyəsində olmur. Hətta avam və sadəlövh
düşüncə tərzi ilə gülüş
doğurur. Rəis Qaçayı istehza ilə “Koroğlu” deyə,
çağırır. Ancaq Qaçay nəinki Koroğlu,
heç Keçəl Həmzə qədər də olmur.
Eyni zamanda Qaçay mənən təmiz insandır. O
bütün hallarda adının təmizliyinə sadiq
qalır. Maraqlıdır ki, “Evin kişisi” çap olunandan
sonra ədəbi tənqid də susmur. Qəhrəmanı
passivlikdə ittiham edirlər. Ancaq Qaçay kimi insanlar həyatda,
reallıqda bu gün də mövcuddur...
İsi Məlikzadənin təxminən otuz il ərzində
10 kitabı işıq üzü görüb: “Kövrək
qanadlar”, “Küçələrə su səpmişəm”,
“Yaşıl gecə”, “Günəşli payız”, “Dədə
palıd”, “Gümüşgöl əfsanəsi”, “Şehli
çəmənlərin işığı”,
“Dolaşaların Novruz bayramı” və s.
Yazıçının 80-ci illərdə qələmə
aldığı hekayələrdə dərin bir ruh
düşkünlüyü sezilir.
Tanınmış yazıçı 1990–1994-cü illərdə
“Azərbaycan” jurnalında şöbə müdiri vəzifəsində
çalışıb, eyni zamanda ədəbi
yaradıcılığını da davam etdirib.
İsi Məlikzadənin ssenari və əsərlərinin
motivləri əsasında “Alma almaya bənzər”, “Pəncərə”,
“Gümüşgöl əfsanəsi”, “Evlənmək istəyirəm”,
“Hacı Qara” (Cahangir Mehdi ilə birlikdə), “Gəl, qohum
olaq”, “Küçələrə su səpmişəm” kimi
ekran əsərləri çəkilib. Ədibin “Qatarda” hekayəsi
əsasında hazırlanan eyniadlı televiziya tamaşası
böyük maraqla qarşılanıb.
Diqqətəlayiq əsərləri ilə
oxucuların qəlbində silinməz iz qoyan İsi Məlikzadə
5 dekabr 1995-ci ildə Bakıda vəfat edib, Ağcabədidə
dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.6.