“Hər obrazla məşq
prosesində dil tapmasan...”
Əbülfət Salahov: “Yaxşı aktyor pis rejissor
olmaq üçün niyə cəhd etsin ki?”
“Nə gəlməz oldun?!” Pianoda bu mahnını ifa
edirdi. Vədələşdiyimiz vaxtdan cəmi 2-3 dəqiqə
əvvəl gəlibmiş. Sonradan bildim ki, kiçik məşq
otağındakı qara piano onun bəyaz hisslərinin
şirmayı dillər üzərindəki ifadəsidir.
İmkan tapan kimi bura gəlir və bildiyi melodiyaları ifa
edir. Bu dəfə ruh aləminə elə
qapılmışdı ki, gəlişimizi hiss eləmədi.
Sonda biz onu, o da bizi alqışladı. Üzünə qonan xəfif
ani təbəssüm yerini qış ayazından bezar olan
donuq kədərə verdi. O hissi, yəqin ki, bilirsiniz – an
lazımdır ki, günəş çıxsın və həmin
buzları əritsin... Deyir ruh adamları, zaman və mühitdə
özünü qərib hiss edənlərin gün-güzəranı
elə budur.
Müsahibim Şəki Dövlət Dram
Teatrının aktyoru Əməkdar artist Əbülfət
Salahovdur. Emosional təsir gücünə malik oyun
texnikası var. Tamaşaçı ilə ünsiyyətə
çətin girir və onun fərqinə varılan ana qədər
bütün texniki imkanlarını işə salır.
Əslində, söhbətimiz də elə o cür
oldu. Buna ikihissəli monotamaşa da demək olar. Birinci pərdədə
mən, ikincisində o danışdı. Söhbət onun
xeyrinə bitdi.
– Əbülfət müəllim, yaxşı dinləyicisiz,
yoxsa dinlənilən?
– Dinləyici. Amma danışdıranda danışa
da bilirəm. Məsələn, o vaxtlar bir veriliş vardı.
Üz-üzə oturub danışırdılar. Suallar elə
olurdu ki, susmaq mümkün deyildi.
– Arifə bir işarə (gülürük). Elə
isə söz öndədir, yoxsa əməl?
– Aktyorun sözü nədir? Söz və hərəkət.
Əgər onlar bir-birini tamamlayırsa, harmoniya yaranırsa, hə...
– Həyata baxışınız necə?
– Bu barədə bir xeyli dərəcədə taleyə
inanıram.
– Hər şeyi taleyin, şansın boynuna qoymaq bizi
mübarizə üçün məsuliyyətdən
yayındırmış olmur?
– Boynumuzdan atmırıq. Amma elə şeylər var
ki, sən istəməsən də, taleyinlə
razılaşmalısan. Müqayisələr səni xoşbəxt
etmirsə, həyat və sənət taleyindən məmnun
deyilsənsə, özünü uçurumun dibində
tapmamaq üçün o dediyimlə razılaşmalısan.
Mənə elə gəlir ki, yaşlandıqca
şükür etmək də lazımdır.
– Şükür ancaq yaşlananda lazımdır?
– Axı həyatı dərk edirsən. Anlayaraq
yaşamaq çətindir. Hətta bəzən arzulayıram
ki, nə olardı, bunları bilməzdim, dərk etməzdim.
Amma adımız insandır...
– Səhnəyə gəliş, ona
çıxış yolu kimi baxmaq da o dərkdən qaynaqlandı?
– Yox, bu, çox sonralar oldu. Məsələn, əvvəllər
“necə oldu ki, bu sənətə gəldim” sualına cavab
tapa bilmirdim. Hətta “niyə o qədər gözəl sənətlər
qaldığı halda aktyorluğu düşündüm”
sualının cavabını sonralar, aktyor kimi qəbul edildikdən
sonra tapdım sanki. Sonra başladım
uşaqlığımı analiz etməyə və
anladım ki, hə, deməli, düz gəlmişəm.
– Deməli, həm də başqalarının fikri
sizi yönləndirir?
– Yox, amma həm də realdır. Sənətdə var
olmaq üçün ən əvvəl harada və nə
etdiyini anlamalısan. Cavanlıqda insan daha çox ümid
edir, sabaha inanır. Elə bilir ki, sabah daha yaxşı olacaq.
Amma artıq anlayırsan ki, o şey baş vermir və sən
inanmırsan.
– Bunun səbəbi kimdir, bizmi?
– Yox, özüm. Qənaətim budur ki, özümdən
narazıyam. Heç cür özümlə
barışmıram, razılaşmıram.
– Bu özünə qarşı tələbkarlıq
deyil, yəqin ki...
– Özünə qarşı tələbkarlıq
vacibdir və bu məndə var. İndi bunun başqa mərhələsindəyəm.
– Məncə, həyatı bu qədər ciddiyə
almayın. Yaşınız da çox deyil.
– Deyəsən, həyat yaşım ömür
yaşımdan çox görünür. Nə deyim...
– Ruhunuzun melodiyasını ifa elədiniz bayaq...
– Hansı ladda olduğumu bilmək istəyirsinizsə,
elə siz gələndə ifa etdiyim...
– Mən də deyirəm nə olub, bütün gedəcək
olanlar getməlidir.
– Hm, bu qədər qəti? Şükür, həyatımda
hər şey qaydasındadır, umacaqlı deyiləm. Sadəcə,
arada adam öz-özünə düşünür. Məsələn,
heç vaxt xoşum gəlmir ki, mənə kiminsə
yazığı gəlsin. Zəif görünüm. Amma
lirika, bu kədər özü məni gücləndirir. Bədən
ömrümüz nə zamansa bitəcək, amma ruhumuz...
– Gəlin, bizi birləşdirən teatrdan
danışaq: dünənin Şəki teatrı və siz.
– Rəhmətlik Hüseynağa Atakişiyev dedi gəl
səni göndərişlə Bakıya yola salaq, get oxu, ali təhsil
al. Ruhu şad olsun, iki dəfə kəskin tələb qoydu
qarşıma. İndi peşmanam, düzdü. Amma getmədim.
Həmin zamanlar teatr davamlı qastrollarda olurdu. Mən də o
parıltıdan kənarda qalmağa, kollektivdən qopmağa
dözə bilmədim...
– Bunu ən çox hansı məqamlarda hiss edirsiniz?
– Əslində, hansısa vəzifəyə-filana
iddiam olmayıb və yoxdur da. Amma bir dəfə bir hal oldu.
Keçmiş məmurlardan biri teatra gəlmişdi.
Tamaşaya baxdı, kollektivlə tanış oldu. Təhsilimi
xəbər aldı. Həvəskarlıqdan gəldiyimi deyəndə
“hə, otur” deyib qəribə bir reaksiya verdi. Maraqlıdır
ki, ona qədər rolum, ifaçılığım
haqqında yüksək fikir bildirdiyi halda diplomsuzluğum onda
qəribə təəssürat yaratdı və mən buna
görə pis oldum. Amma adi hallarda təhsilsizliyim mənə
mane olmayıb. Aktyor ola bilmişəmsə, bəsimdir.
– Aktyor kimi səhnəyə çıxanda hansı
hissi keçirirsiniz?
– Obraza o qədər daxil oluram ki, özümü
tamam unuduram. Ustalıq o zaman olur ki, sən bir kuklaçı
kimi obrazını əlində idarə edirsən, o səni
yox.
– Prosesdə özünüzü görə
bilirsiniz?
– Bu barədə çox düşünməmişəm.
Amma mənə elə gəlir ki, hər obrazla məşq
prosesində dil tapmasan, rejissorla işdə o dialoqa nail olmasan,
yaxşı nəticə alınmaz.
– Rejissor sizin üçün kimdir?
– Tamaşaçının gözü.
– Mərhələlərə bölsək...
– Bölsək, gərək birinci rejissorunu, sonra da
özün-özünü qane edəsən ki, sənin
obrazın, hər yeni tipajın tamaşaçı
üçün əlçatan, maraqlı olsun.
– Aktyorun qəlibə salınması da var...
– Ampluadan acığım gəlir. İstəmirəm
mənə bu bölgü ilə münasibət bəsləsinlər.
Eyniyyəti sevmirəm. Bütün yaşayışımda
belədir. İstəmirəm ki, məni hansısa janrın
aktyoru kimi xarakterizə eləsinlər. Daim buna qarşı
özüm-özlüyümdə mübarizə aparıram.
– Prosesin ən gözəl tərəfi hansı məqamdır?
– Rolu, onun ifadəsini tapanda. Özümü lap suda
balıq kimi hiss edirəm.
– Deyəsən, rollarınızı siyahıya
almırsınız?
– Haqlısınız.
Yaşayışımızdır, oynayırıq,
özümüzü bu işdə hər dəfə
sınayırıq. Qalan məsələlər unudulur.
– Bəzən aktyorların rejissorluq iddiaları da
olur...
– Gərək ona getməsinlər. Yaxşı aktyor
pis rejissor olmaq üçün niyə cəhd etsin ki? Yarat,
yaşat, özün də zövq al, tamaşaçılar
da. Mənə neçə dəfə rejissor kimi fəaliyyət
imkanı veriblər, istəməmişəm. Olduğum məqamdan
məmnunam. Özümü ifadə meydanı
tapmışamsa, üstəlik,
çalışdığım yerdə yaradıcı
ab-hava varsa, özümü niyə başqa “boşqab”da hiss
etməliyəm?
– Yaradıcılığınızda klassik
dramaturgiya nümunələri daha çoxdur. Klassikada ifadə
daha rahatdır, yoxsa müasir nümunələrdə?
– Bu, rejissorun baxışından asılıdır.
Bir də sənin onun ifadə formasını hansı tərəfdən
görməyindən də önəmlidir. Klassikada da,
müasir əsərdə də
çalışıram özüm olum, hamının
oynadığı formadan qaçıram. Bu mənim
üçün daha asandır. Hər yeni obrazıma hər kəsin
baxmadığı tərəfdən baxır və çox
vaxt arxa planda ştrix kimi verilən məqamı üzə
çıxarıram. Bu, klassikada daha vacibdir. Mənə ən
ləzzət edən nüans bir obrazı təpədən-dırnağa
yaratmaqdır. Bu anlamda yeni nümunələr, yeni qəhrəmanlar
daha maraqlıdır.
– “Oynamaq istədiyim rollar” nostalgiyanıza baxaq?
– Baxmayaq (gülür). Açığı,
olmayıb, yoxdur belə bir nisgilim. Həmişə
oynamışam, prosesdə olmuşam.
– Oğlunuzla bir teatrda
çalışırsınız, yəqin, tərəf-müqabil
də olursunuz. Kim kimi daha çox izləyir?
– Xəyal (teatrın aktyoru və truppa müdiri Xəyal
Salahov) ilə ara-sıra o soruşanda hansısa rolundan,
hansısa tamaşadan danışırıq. Baxanlar elə
bilir çox söhbət eləmirik. Amma bizim
danışmağa o qədər sözümüz olur ki,
teatrla bağlı məsələlərə ya vaxt
qalmır, ya da özümüz vaxt ayırmırıq...
– Onun ifaçılığını bəyənirsiniz?
– Bütün düşündüklərimi desəm,
necə olacaq?
– Eybi yox, ikilikdə bunları daha çox
danışarsınız. İndi isə daxili monoloqa
keçib sözümüzə vergül qoyaq...
– İllərdir böyük Hüseyn Cavidin
“İblis”ində İblisin monoloqunu hazırlayıram. Amma yenə
də razı deyiləm. Hər dəfə nə isə əlavə
edirəm, nəsə axtarıram. İstərdim ki, onu lentə
alım. İmkan olsa, tamaşaçı önündə də
oxuyum. Sözsüz ki, fonda öz istədiyim melodiya ilə.
O, İblisin monoloqunu deyir, mən
alqışlayıram.
Yenidən piano arxasına keçir. Bu dəfə
Şövkət Ələkbərovanın repertuarından
“Pıçıldaşın, ləpələr”i ifa edir...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.5.