“Mədəniyyət” qəzeti
(1991–2024)
Mədəniyyət tariximizin qərinədən
artıq səhifəsi...
Əbədiyyətimiz mədəniyyətimizdədir...
1991-ci ilin 2 yanvarında bu şüarla nəşr həyatına
qədəm qoymuşdu “Mədəniyyət” qəzeti.
Görkəmli şair, vətənpərvər ziyalı
Şahmar Əkbərzadənin təşəbbüsü və
fədakarlığı, mədəniyyət naziri Polad
Bülbüloğlunun yaxından dəstəyi və
xeyir-duası ilə Azərbaycanın mətbuat salnaməsində
yeni adla bir səhifə açılmışdı.
“Mədəniyyət ölməzlikdir.
İnsanlığı yaşadan odur... Mədəniyyət
qüdrətli anlamdır. Sözdən kitaba, kərpicdən
saraya, əlifbadan elmə, ürf-adətdən hüquqa,
zövqdən sənətə, dildən dinə qədər...”,
– Şahmar Əkbərzadə baş redaktor kimi oxuculara ilk
xitabında qeyd etmişdi.
Polad Bülbüloğlu Azərbaycanda mədəniyyət
işçilərinin ayrıca qəzetinin olmasının əhəmiyyətini
vurğulayaraq təbrik məktubunda yazırdı: “Uzun illərin
həsrətindən sonra övlad tapan ata hissi keçirirəm.
Gərək yolunu həsrətlə gözlədiyimiz mətbuat
tribunamız mədəniyyətimizin dünəninə, bu
gününə və sabahına ayna tuta bilsin, bizi dünya mədəniyyətinin
yenilikləri ilə tanış etsin... “Mədəniyyət”in
hər nömrəsini səbirsizliklə gözləyirik!”.
Qəzetin ilk sayında Müslüm Maqomayev, Arif Məlikov,
Fərhad Bədəlbəyli və başqa mədəniyyət
xadimlərinin xoş arzuları da yer almışdı.
***
1991-ci ilin yanvarında hələ sovet dövrü bitməmişdi,
qəzetin başlığı altında “Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin orqanı” yazılmış, yanında SSRİ mədəniyyət
naziri Nikolay Qubenkonun təbrik teleqramı dərc olunmuşdu.
Amma müstəqillik mehi əsirdi. SSRİ naziri ilə
yanaşı, Türkiyənin mədəniyyət naziri Namiq
Kamal Zeybəkin təbrik sözlərinin (həm də əl
yazısı ilə) də yer alması bunun göstəricisi
idi: “... Azərbaycan (ortaq) mədəniyyətimizin
böyük qaynağıdır. Yeni doğan “Mədəniyyət”ə
uzun və xeyirli həyat diləyirəm”.
“Mədəniyyət” bu diləklər
işığında mətbu yoluna başladı. Ötən
illərdə redaksiya heyəti, çap formatı,
dövriliyi, dizaynı və s. dəyişsə də,
respublikanın mədəni həyatını dolğun şəkildə
işıqlandırmaq, oxuculara dünya mədəniyyəti
ilə də bağlı maraqlı məlumatları
çatdırmaq məramı dəyişmədi. Qərinədən
artıq bu dövrdə “Mədəniyyət”in mətbuat
tariximizdə layiqli yer tutduğunu söyləsəm, qeyri-təvazökarlıq
kimi qəbul etməyin. Çünki həqiqət payı
çoxdur. Bu qəzetin səhifələrində müstəqillik
dövrü mədəniyyət tariximizin salnaməsi
yazılıb. O salnamədə imzası olmaq həm məmnuniyyət,
həm də məsuliyyətdir. Ötən illərdə bunu
dərk edərək çalışdıq...
Sözün bu yerində “Mədəniyyət”in
yaradıcısı və 2000-ci ilədək rəhbəri
olmuş Şahmar Əkbərzadə başda olmaqla,
ömür yolu bu qəzetdən keçən və
dünyadan köçənləri, o cümlədən qəzetin
səhifələrində qələmi ilə külüng
çalmış ustad yazar Tahir Abbaslını, müxtəlif
illərdə baş redaktor, redaktor olmuş Nemət Veysəllini,
Canalı Mirzəliyevi, Tofiq Abdini minnətdarlıqla yad edirik.
Qalanlara cansağlığı, uzun ömür diləyirik.
***
Qəzet informasiya daşıyıcısı olmaqla
yanaşı, həm də informasiyanın, ümumilikdə
tarixin arxivləşdiyi, saxlandığı çap məhsuludur.
Elektron mənbələrin istifadə üçün daha əlçatan
olması ilə yanaşı, qorunma baxımdan zəif tərəfi
də hər kəsə bəllidir – günün birində o
resurs elektron yaddaşdan silinə, itə bilər. Amma
kağızda yazılan (çap edilən) qalır və
qalacaq. Necə ki əsrlərdən günümüzə beləcə
gəlib çıxıb. Bu baxımdan, Bulqakovun məşhur
qəhrəmanının bir növ zərbi-məsələ
çevrilən “Əlyazmaları yanmır” sözləri
istehza kimi səslənsə də, əslində, dərin
anlam ifadə edir.
Yazılan (dərc olunan) yazını oxuyarkən ona həm
də toxuna bilirsənsə, fiziki olaraq onu hiss edirsənsə,
demək, onda bir varlıq var. Virtual deyil, real varlıq.
Amma zaman, dövr dəyişir. İnformasiya məkanında
elektron resursların çəkisinin sürətlə
artması ilə paralel çap mediasının elektron
alternativlərlə əvəz olunması prosesi də
qaçılmaz görünür. Hərçənd buna
qarşı adekvat davrananlar da var. Dünyanın bir çox
yerində qəzetlər elektron platformaya keçidlə bərabər,
çap variantını da saxlayırlar. Amma bu ayrı bir
yazının mövzusudur.
İndi isə sözü uzatmağın yeri yoxdur,
çünki bu yazıya ayrılan sütun dolmaq üzrədir.
1991-ci ilin əvvəlində 1-ci sayı çapdan
çıxan “Mədəniyyət” 2024-cü ilin sonunda 2161-ci
sayı ilə qarşınızdadır. 2025-ci ildən yola
necə davam edəcəyik? Təəssüf ki, bu barədə
qəti fikir ifadə edə bilmirik.
Amma hər sonda yeni başlanğıc da görmək
olar... Hər halda dünyanın sonu deyil...
“Mədəniyyət”in 2008-ci ildən fəaliyyət
göstərən saytı – medeniyyet.az ölkəmizdə bu
sahə ilə bağlı ən zəngin elektron resursdur və
bundan sonra onu böyütməyə
çalışacağıq. Mədəniyyət Nazirliyinin
təşəbbüsü və Milli Kitabxananın
iştirakı ilə PDF formatda külliyyat halına salınan
qəzetin çap arxivi də hər kəsin istifadəsi
üçün açıq olacaq.
***
Keçmişdən günümüzə hər bir
xalqın inkişafı mədəni tərəqqi ilə,
intibahla ölçülüb. Əsrlərdən bizə
qalan ən zəngin dəyər mədəni irsdir. Çox bəyəndiyim
bir yapon xalq məsəlində deyildiyi kimi: “Dünyada hər
şey unudulandan sonra yadda qalan varsa, o, mədəniyyətdir”.
“Mədəniyyət”in bütün oxucularına
sayğılarla
Vüqar Əliyev
baş redaktor
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.1.