“Füzuli sevgisi” və
“Naxçıvan – 100” xalçalarının təqdimatı
Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi
texnologiyalar şöbəsində ərsəyə gələn
“Füzuli sevgisi” adlı xalça təqdim edilib.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illik yubileyinə həsr olunmuş
xalçanın müəllifi Əməkdar rəssam Taryer Bəşirovdur.
Təqdimat mərasimində muzeyin direktoru Əminə
Məlikova qeyd edib ki, xalçaçılar Lalə Manafova və
İlhamə Əhmədovanın toxuduğu bu nadir eksponat
muzeyin fondunu zənginləşdirəcək.
Taryer Bəşirov artıq unudulmaqda olan dolama
texnikasında hazırlanan xalçanın yaranma tarixçəsindən
söz açıb: “Muzeyimizin ən zəngin
kolleksiyalarında belə buna bənzər heç nə
yoxdur. Bu texnika keçmişin əsl yadigarıdır və
biz onu canlandıra bilmişik”.
Rəssam xalçanın tərtibat elementləri
haqqında danışıb, onların rəmzi mənasını
və Füzuli irsi ilə bağlılığını
vurğulayıb.
Tədbir çərçivəsində Beynəlxalq
Muğam Mərkəzinin Cahangir Cahangirov adına xorunun (bədii
rəhbər Əməkdar müəllim Təranə Yusifova)
ifasında musiqi proqramı və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin tələbələri
tərəfindən “Leyli və Məcnun” pantomim
kompozisiyası təqdim edilib.
***
Azərbaycan Milli Xalça Muzeyində Kamil Əliyev
adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları
tərəfindən hazırlanmış “Naxçıvan –
100” xalçasının da təqdimat mərasimi
keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan
Respublikası Prezidentinin Naxçıvan Muxtar
Respublikasında səlahiyyətli nümayəndəsinin
müavini Samir Seyidəhmədli bildirib ki, təqdim olunan
xalçanın sadəcə bir sənət nümunəsi
deyil, Naxçıvanın qədim tarixini, zəngin mədəniyyətini
və əzəmətli simvollarını əks etdirən əsərdir.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova bu xalçanın tarixi yaddaşımızın bir
parçasına çevriləcəyini söyləyib. O, Azərbaycan
xalq tətbiqi sənətinin bir qolu olan
xalçaçılığı milli kod
daşıyıcısı kimi səciyyələndirib.
“Naxçıvan – 100” xalçasının qədim ənənələrə
uyğun şəkildə hanadan kəsimi mərasimi olub.
Tədbir Naxçıvan Dövlət Filarmoniyası
musiqiçilərinin ifasında konsert proqramı ilə davam
edib.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.3.