Mətbuat tariximizin 100 yaşlı cəfakeşi
Şirməmməd Hüseynovun yubileyi münasibətilə
biblioqrafiya nəşr olunub
Dekabrın 25-də Milli Kitabxanada “Şirməmməd
Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı
elektron məlumat bazasının təqdimat mərasimi
keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın
birgə həyata keçirdiyi “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından yeni nəşr
görkəmli alim və pedaqoq, Cümhuriyyət və mətbuat
tariximizin böyük tədqiqatçısı, professor
Şirməmməd Hüseynovun (1924–2019) anadan olmasının
100 illiyinə həsr edilib.
Təqdimat mərasimində Milli Məclisin sədr
müavini akademik Rafael Hüseynov,
mədəniyyət naziri Adil Kərimli, elm və mədəniyyət
xadimləri, media nümayəndələri iştirak ediblər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov
giriş sözündə qeyd edib ki, Şirməmməd
Hüseynov Cümhuriyyət dövrünün, Azərbaycan
müstəqillik tarixinin, eləcə də mətbuat tarixinin
öyrənilməsində böyük rol oynayan şəxsiyyətdir.
O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli,
M.Ə.Rəsulzadə, Ə.Ağayev,
Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə
və başqa mütəfəkkirlərin zəngin irsini,
milli tərəqqi, istiqlal düşüncəsi ilə
bağlı ölməz fikirlərini böyük fədakarlıqla
toplayaraq abidə nəşrlər ortaya qoyub.
Direktor diqqətə çatdırıb ki, “Azərbaycanın
görkəmli şəxsiyyətləri” seriyasından
hazırlanıb nəşr edilən biblioqrafiyaların məqsədi
belə insanların xatirəsini yaşatmaqdır.
Milli Məclisin sədr müavini akademik Rafael
Hüseynov Şirməmməd Hüseynovun Azərbaycan
müstəqillik mübarizələri və istiqlal
düşüncəsinin salnaməçilərindən biri
olduğunu söyləyib, alimin həyat yolundan və
yaradıcılığından bəhs edib. O, Şirməmməd
Hüseynov kimi insanların millətin sərvəti
olduğunu vurğulayıb. Bildirib ki, təqdim olunan biblioqrafiya
kitabı Şirməmməd Hüseynovun kimliyi barədə
suala cavabın ən mükəmməl nümunələrindən
biridir və böyük cəfakeş alimin xatirəsini
yaşadacaq abidədir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Şirməmməd Hüseynovu bənzərsiz şəxsiyyət,
mətbuat fədaisi, ustad müəllim kimi xarakterizə edib.
Qeyd edib ki, Şirməmməd müəllim müstəqillik
dövrünün elmi və siyasi publisistikasının
yaradıcılarından, mətbuat tarixinin ən görkəmli
tədqiqatçılarından biridir. O, çoxcildlik mətbuat
tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq
elmi və elmi-publisistik məqalənin müəllifidir.
Biblioqrafiya kitabı onun fəaliyyətini,
yaradıcılığını araşdıranlar
üçün istinad mənbəyi olacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri
professor Anar İsgəndərov, Bakı Dövlət
Universitetinin (BDU) rektoru Elçin Babayev, BDU-nun professorları
Cahangir Məmmədli, Qulu Məhərrəmli, Azərbaycan Mətbuat
Şurasının sədri Rəşad Məcid, Milli Məclisin
deputatı Vüqar Rəhimzadə, Medianın
İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan
çıxış edərək Şirməmməd
Hüseynov haqqında xatirələrini bölüşüblər.
Çıxışlarda Şirməmməd
Hüseynov Azərbaycan mətbuat tarixinin yaradıcısı,
ictimai fikir tarixinin, eləcə də Cümhuriyyət
dövrünün tədqiqatçısı kimi xarakterizə
olunub. Onun həm alim, həm də pedaqoq kimi Azərbaycan
klassik jurnalistikasının görkəmli simalarının
irsini hərtərəfli araşdıraraq yetişməkdə
olan nəslə çatdırılmasında mühüm xidmətlər
göstərdiyi vurğulanıb.
Tədbirdə Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanan “Professor Şirməmməd
Hüseynov – 100” adlı elektron məlumat bazasının təqdimatı
da olub.
Sonda çıxış edən Şirməmməd
Hüseynovun qızı, Azərbaycan Milli
Konservatoriyasının prorektoru professor Lalə Hüseynova tədbirin
təşkilinə görə Milli Kitabxanaya, eləcə də
biblioqrafiyanın hazırlanmasında əməyi keçən
hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, “Şirməmməd Hüseynov.
Biblioqrafiya”sının tərtibçisi Lalə Şirinova,
elmi redaktoru Kərim Tahirov, ön sözün müəllifi
akademik Rafael Hüseynov, məsləhətçisi və
redaktoru Ülkər Hüseynovadır.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.1;2.