“Azərbaycan xalçasının
ehtişamı – Səfəvi dövrü xəzinəsi”
Milli Xalça Muzeyindəki sərgi gələn ilin
may ayınadək davam edəcək
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində
“Azərbaycan xalçasının ehtişamı. Səfəvi
dövrü xəzinəsi” adlı sərginin
açılış mərasimi keçirildi.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli
Xalça Muzeyi və “Amir Textiles and Rugs”ın (“Oskouei” MMC) təşkilatçılığı,
“bp-Azərbaycan”ın baş sponsorluğu, ABŞ-Azərbaycan
Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin
dəstəyi ilə gerçəkləşib.
Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət
işçisi Əminə Məlikova əvvəlcə muzeyin
kollektivi adından Prezident İlham Əliyevi doğum
günü münasibətilə təbrik etdi.
Qeyd olundu ki, sərgidə ABŞ vətəndaşı
Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə
aid 14 unikal xalça və bədii tikmə nümayiş
olunur. Sənət əsərləri sırasında
dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai”
(“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi
yer tutur. Sərgidə təqdim olunan nadir eksponatlar barədə
sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində
ətraflı məlumat əldə etmək
mümkündür.
Sonra Milli Xalça Muzeyinin keçdiyi yolu və onun
yeni binasının inşasını özündə əks
etdirən videoçarx nümayiş olundu.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova bildirdi ki, Azərbaycanın zəngin sənət
növləri arasında xalçanın mühüm yeri var:
“Xalça xalqımızın həyat fəlsəfəsini,
estetik duyumunu, dünyagörüşünü əks etdirir.
Biz erkən vaxtlardan xalçalar vasitəsilə rəngləri,
naxışları dərk etməyə
başlamışıq. Onun istisi hər birimizin evinə hərarət
gətirib, bəzəyinə çevrilib. Xalça
mirasdır, xalça sərvətdir, lakin ən əsası,
xalqımızın genetik kod
daşıyıcısıdır”.
Bildirildi ki, XVI-XVII əsrlər Azərbaycan xalçaçılıq
sənəti tarixində ən zəngin dövrlərdəndir.
Səfəvilərin hakimiyyətə gəlməsindən
başlayaraq xalçaların yaradılmasında yalnız
toxucu deyil, dövrün görkəmli rəssamları da
iştirak ediblər. Dövrün miniatür rəssamları
Azərbaycan ornamental incəsənət məktəbinin
formalaşmasında mühüm rol oynayıblar. Bu isə daha
sonra Şərq incəsənətində böyük təsirə
səbəb olub.
Nazir müavini söylədi ki, qədim
xalçaçılıq sənəti Ümummilli lider Heydər
Əliyevin daim qayğı göstərdiyi və yüksək
qiymətləndirdiyi bir sahə kimi inkişaf edib. Bu diqqət
və qayğının nəticəsində Azərbaycanın
qədim xalçaları və xalq tətbiqi sənəti
nümunələrinin geniş miqyasda muzey fondunda
toplanmasına imkan yaranıb. 1972-ci ildə muzeyin təntənəli
açılış mərasimi isə Heydər Əliyevin
iştirakı ilə keçirilib. Prezident İlham
Əliyevin xalqımızın mədəniyyətinə, mədəni
irsimizin təbliğinə göstərdiyi diqqət və
qayğısı, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü
və əməyi nəticəsində 2010-cu ildə Azərbaycan
xalça sənəti UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilib. Bu gün Azərbaycanda xalça sənəti
öz inkişafının yeni mərhələsini
yaşayır.
“bp” şirkətinin Xəzər bölgəsində
xarici əlaqələr və kommunikasiya üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun mədəni layihələrindən
söz açdı, bu istiqamətdə işlərin davam
etdiriləcəyini vurğuladı.
Daha sonra Təbriz miniatürlərindəki saray
xalıları haqqında süni intellekt vasitəsilə
hazırlanmış videoçarx göstərildi.
“Amir Textiles and Rugs”ın rəhbəri,
kolleksiyaçı Əmir Oskouei tədbirdə
iştirakından məmnunluğunu bildirdi.
Bədii hissədə Nihad Qədirli (tar) və
Toğrul Qasımovun (kamança) müşayiəti ilə
xanəndələr Zeynəb Nəcəfova və Rəvan
Qaçayev tərəfindən musiqi nömrələri səsləndirildi,
Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında
“Uzundərə”, “Şələqoy” və s. rəqslər təqdim
edildi.
Sonda qonaqlar sərgi ilə yaxından tanış
oldular. “Azərbaycan xalçasının ehtişamı. Səfəvi
dövrü xəzinəsi” sərgisi 2025-ci il mayın 10-dək
davam edəcək.
Nurəddin
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.1;3.