Xalq rəssamı Tofiq Ağababayev vəfat
edib
Azərbaycan mədəniyyətinə ağır itki
üz verib. Milli təsviri sənətimizdə özünəməxsus
yeri olan Xalq rəssamı, pedaqoq Tofiq Ağababayev 20 dekabr
2024-cü il tarixində, ömrünün 97-ci ilində vəfat
edib.
Tofiq Məmmədəli oğlu Ağababayev 8 sentyabr
1928-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində
və Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil
alıb. 1966–1968-ci illərdə Bakı şəhərinin
ilk baş rəssamı vəzifəsində
çalışıb, şəhərin estetik
görünüşünə töhfə verən yeniliklərin
müəllifi olub. Paytaxtımızın simvolik
açarının düzəldilməsi də onun adı ilə
bağlıdır.
Tofiq Ağababayev uzun illər Azərbaycan Rəssamlıq
Akademiyasında fəaliyyət göstərib, neçə-neçə
nəslə sənətin sirlərini öyrədib.
Monumental dekorativ-tətbiqi sənət, qrafika, keramika
və boyakarlıq sahəsində əsərləri onun
yaradıcılığında xüsusi yer tutur. Bakı
Dövlət Sirkindəki “Azərbaycan sirki” mozaik lövhəsi,
Dövlət Statistika Komitəsinin, Memarlıq və
İnşaat Universitetinin idman salonunda mozaik işləri, “Azərbaycan
lirikası” triptixi bu qəbildəndir. Rəssamın portretlər
qalereyasında da “Şah İsmayıl Xətai”, “Dədəm
Qorqud”, “İlyas Əfəndiyev” və başqa diqqətəlayiq
əsərlər çoxdur.
Tofiq Ağababayevin əsərləri Azərbaycanla
yanaşı, Rusiya, ABŞ muzeylərində, Kanada, Türkiyə
və Fransada şəxsi kolleksiyalarda saxlanılır.
Sənətkarın yaradıcılığı
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
O, 1992-ci ildə “Əməkdar incəsənət xadimi”,
2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına,
2008-ci ildə Prezidentin fərdi təqaüdünə layiq
görülüb. 2023-cü ildə “Şöhrət” ordeni
ilə təltif edilib.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı
Tofiq Ağababayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə,
yaxınlarına və həmkarlarına dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin.
Mədəniyyət .-2024.- 27 dekabr(№96).-S.5.