Azərbaycan qızıyam...
Nisə Qasımova: “Bənövşə” uşaq
xorunda fəaliyyətimi ömrümün ən gözəl
illərindən sayıram”
Səhnədə bir başqa idi. Gözəl, zərif,
cazibədar, dinamik və səmimi. İndi o zamanın lent
yazılarına baxanda bu qədər sevilməsinin səbəblərini
axtarır və saydığım səbəblərdən
daha çox biri üzərində dayanıram: səmimiyyət.
Bəli, o, dövrünün musiqi sənətinə,
ifaçılıq sahəsinə münasibətini, onunla
eyni zamanda səhnədə olanlardan fərqini səmimiyyəti
ilə göstərdi. Sözsüz ki, tamaşaçı da
bunu duydu və beləcə, o, xalqın sevimlisi olmağı
bacardı.
İndi inanılması çətin olsa da,
yaşının 70-ci dayanacağındadır bu
sarısaçlı, mavigözlü Azərbaycan qızı.
Özü də bütün yaşantılarına, itki və
ağrılarına rəğmən yenə nikbin, sevgi və
səmimiyyət dolu. Bu mənada, “İnsan 7-sində nədirsə,
70-ində də odur” deyimi yerindəymiş. Deyə bilmərəm,
o, yeddisində necə olub, amma 70-ində çox məhrəm
və dürüstdür.
Həmsöhbətimiz Xalq artisti, sevilən saysız
mahnıların mahir ifaçısı,
yaddaşımızda “Azərbaycan qızıyam” olaraq qalan,
bu yaşında da gənclik eşqi sönməyən Nisə
Qasımovadır.
– Səhnəyə gəldiyiniz ilk vaxtdan özünəməxsusluğunuzu
qorumağı bacardınız. Asan olmaz yəqin ki...
– Öncə bütün oxucularınızı
salamlayıram. Allah bu görüşümüzü gözəlliklərə
bağlasın. O ki qaldı sualınıza – mənəvi
kimliyimi, sənətimin mövqeyini saxlamaq haqqında çox
düşünmüşəm. Bunların hamısı ailədən
qaynaqlanır. Demək, gördüyüm tərbiyədən
asılıdır. İnsan bir mövqedə, bir istiqamətdə
olar. Hər hansı bir işi görürsə, onu sonadək
çatdırmağı bacarmalıdır. Mənim
böyüklərim, valideynlərim də həmişə bir
əqidədə olublar. Onu da deyim ki, mən gənc
yaşlarında (gülür və fikrini yarımçıq
saxlayır)... Elə düşünülməsin ki, mən
bu günləri ahıl kimi danışıram. Əslinə
baxanda, bu Nisə Qasımova hələ də özünü
tam böyümüş, yetərincə inkişaf etmiş sanmır.
Səbəblərini sonra deyəcəm. Nə yaxşı, mən
hələ tam-tamına böyüməmişəm, o
saflığı saxlamağa çalışmışam.
– Yəqin sizə olan böyük sevginin kökündə
də elə bu durur. İndi çoxları saflığı
oynayır, bir obraza çevirir. Amma xalqın gözü tərəzidir.
– Allah məni yaşıma, həyat tərzimə,
yaşadıqlarıma görə həm də müdrikləşdirib.
Uzaqgörənlikdən, təmkinli olmaqdan məhrum etməyib.
– Həyat zaman-zaman zatən hamımızı
sınağa çəkir. Amma, deyəsən, sizi daha
çox incidib. Ötən bu illər keçmişi unutmaq
üçün yetərli deyil?
– Mən sənətə çox böyük həvəslə
gəlmişdim. Riyakarlıqdan, xəbislikdən uzaq. Heç
ağlıma belə gəlməzdi ki, sənət yolum belə
ağır olacaq. Əgər bilsəydim, inanın, bu sənətə
gəlməzdim, müğənni olmazdım. Qətiyyən!
Çünki indi bir çoxları şou-bizneslə populyar
olurlar.
– Sizcə, bu populyarlıq vacibdir?
– Baxır kimin üçün. Əsas odur ki,
sevilmir, sadəcə, populyar olurlar. Bunlar başqa-başqa
şeylərdir. Təəssüf ki, populyarlığa meyil
sayəsində onların ardınca özləri kimiləri gəlir
və böyük bir qaranlıq yaranır. Amma bizim
dövrümüzdə, bizim mühitdə belə deyildi. O
illərdə əgər rəqabət vardısa da, əsasən,
sağlam zəmində idi. Ya da mənə elə gəlirdi...
– Məsələn, o illərdə sağlam rəqabət
necə idi?
– “Adam da bir-birinə rəqib olar?” deyə
düşünürdüm. Ya da hərənin öz yolu
olduğunu deyirdim. Doğrudan da, hər kəsin öz səsi,
öz sənəti, öz ifa üslubu vardı. Amma “sağlam
rəqabət” sözünü belə qəbul eləmirdim. Rəqabət
rəqabətdir. Sağlam, ya qeyri-sağlam. İnanın, rəqabət
nədir, heç onu belə bilməzdim. Amma illər
keçdikcə gördüm ki, bəli, sağlam rəqabət
yaxşıdır. Gərək rəqibin düşmənçiliyə
əl atmaya. İndi isə necədir? Beş gün dost
olurlar, sonra da qatı düşmən. Yenə deyirəm, bilsəydim
müğənni olmaz, özümü tam başqa peşədə
sınayardım. Mən dolça bürcüyəm axı.
Bu bürc altında doğulanlar istedadlı, bacarıqlı
olurlar. Əminəm ki, hansı sahədə olsam, seçilərdim.
– Vaxtilə “Bənövşə” uşaq xorunda
“Günəş adlı yaxın dostum var mənim” adlı nəğməni
ifa etmisiniz. Uşaqlıqdan günəşlə “dostluq” elə
odla oynamaqdır...
– (Gülür). Dinləyicilərdən bu sözləri
eşitmək, xüsusən artıq uzaq görünən
keçmişə boylanmaq məni elə kövrəldir ki. O
illər düşdü yadıma, bir başqa oldum...
– Təəssüf ki, musiqi sənətimizə
neçə-neçə sənətkarlar bəxş edən
o kollektiv artıq yoxdur. Amma yenə də gəlin, o illərə
qayıdaq.
– Mən də çox təəssüf edirəm. Elə
güclü bir kollektivin dağılması məni incidir. O
xorda fəaliyyətim məktəb illərinə təsadüf
edir. Həmin dövrü də ömrümün ən
gözəl illərindən sayıram. Orada solist kimi fəaliyyət
göstərməyə çox utanırdım. Halbuki, mərhum
Əfsər Cavanşirov mənim səsimi xor oxuyan zaman kəşf
etdi və məni solist seçdi. O mahnı lentə alınan
zaman bərk xəstələnmişdim. Xəstə vəziyyətimlə
oxusam da, maraqlı alındı. Kaş bir anlıq da olsa, həmin
illərə dönmək imkanım ola... Əslində,
çox utancaq idim. Demirəm ki, nədənsə çəkinəcəyim
vardı. Yox, sadəcə, özümü gözə
soxmağı, layiq olduğum halda ön planda olmağı istəməmişəm.
Elə indinin özündə də...
– İndi buna görə özünüzü
qınamırsınız ki?
– Düşünürəm ki, düz eləmişəm.
Çünki insan gərək öz mənəvi kimliyini
yaşasın.
– Gəncliyinizdə fərqli səs imkanları və
o zaman üçün yenilik olan dinamik səhnə rəqsləri
ilə diqqəti cəlb edirdiniz. Halbuki həmin dövrdə
televiziyanın öz ölçü-biçisi vardı. Bu mənada,
hər hansı maneə olurdumu?
– Uşaqlıqdan rəqsə böyük
marağım vardı. Bacımla Y.Qaqarin adına Pionerlər
evinə (indiki T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayı – red.) rəqsə gedirdim. Rəhmətlik
Böyükağa Məmmədovun sinfinə. Sonra
gördüm ki, oxumaq mənim üçün daha əsasdır
və müğənniliyi davam etdirdim. O vaxt hesab edirdim ki, hər
mahnı bir obrazdır, bir həyati hekayətdir. İfa
zamanı bədən, əl-ayaq, üz-göz mahnının
obrazını təqdim edir. O zamanlar deyirdilər ki, Nisə
ifası ilə zərif bir plastika gətirdi. Nə gizlədim,
bu fikir çox xoşuma gəlirdi. Düzdür, onda da oxu
zamanı hərəkət edən müğənnilərimiz
vardı. Amma mən seçilirdim. Sarı saçlarıma,
mavi gözlərimə görə Tiflis konsertimdən sonra mənə
“alman gəlinciyi” deməyə başladılar. Bu bənzətmə
o zaman mənə qəribə gəlirdi. Sonra güzgüdə
özümə baxır, özündənrazı adamlar kimi
sevinirdim. Neyliyim, uşaq idim də (gülür). Buna
baxmayaraq, mən daxilən gəlincik yox, yaşından irəli
getmiş insan idim, sağlam düşüncələrim
vardı. Amma qol-qanadımı tez qırdılar. Təəssüflər
olsun ki, indi də onu açıqlaya bilmirəm.
– Yəqin, səbəb qovluğunuz qabarıqdır...
– Çox. Tez-tez zərbələrə tuş gəlirdim.
Psixoloji qadağalar, hətta tapşırıqlı maneələr
olurdu deyə həqiqi potensialımı nümayiş etdirə
bilmədim.
– Məgər indi də qadağalar var?
– Təbii ki, bu gün də gec deyil, insan səhnədədirsə
öz bilik və istedadını göstərə bilər.
Zatən göstərirəm də. Amma yaşantılarım
artıq canıma bir virus kimi yerləşib. Bu da bir taledir və
mən qismətə inanıb şükür etməyi
bacarıram. Bizim ailəmiz – uşaqlarım da, nəvələrim
də Allaha bağlı insanlarıq. Rəbbim bizə nə
öyrədir – səbri və şükrü. İnsan
özünün mövcud imkanlarına, bir də ətrafındakı
imkansızlara baxıb qane olmalıdır. Bu təcrübələrdən
keçəndən sonra, həqiqətən də, Allahın
mükafatını gördüm.
– Nə idi bu mükafat?
– Məni sevənlərin səmimiyyətini, təbii
və saf sevgisini gördüm. Bu, Yaradanın mənə bəxş
etdiyi ömürlük sevincdir. Yaxşı ki, mən bir
çoxlarının həyatını təkrar etmədim.
Çox çətinliklərim olub və hamısı da
dörd divarın içində qalıb. Bunu yalnız ən
yaxın adamlarım bilib.
– Tamaşaçı “alman gəlinciyi”nin “Azərbaycan
qızıyam”ını daha çox sevdi...
– Bu klip çəkiləndə həmin geyimdə
çıxmağıma icazə vermirdilər. Sovet dönəmi
idi də, dedilər kostyumda, ya da ağ köynək, qara ətəkdə
olmalısan, yəni ciddi görkəmdə.
Razılaşmadım, iki ayağımı bir başmağa
dirədim ki, mən filan geyimdə olmaq istəyirəm. O zaman
da məndə kreativ düşüncələr vardı.
Yadımdadır, televiziyadakı bu məsələlərə
məsul insana dedim ki, necə olur, Azərbaycan qızı
kolxozçu, zəhmətkeş olub medallar ala bilər,
xanım-xatın, zərif geyimdə görünə bilməz?
İsrarla o geyimdə çıxıb qürurla “Azərbaycan
qızıyam” mahnısını oxudum. Beləcə, məni
yetişdirən, bu görkəmdə, vücudda qəbul edən
torpağıma, vətənimə minnətdarlığımı
bildirdim. Nə xoş ki, səsimlə yayımlanan bu mahnı
illərlə mənə olan sevgini azaltmadı.
– Yaradıcılığınızdan
“Bayatı-Şiraz” muğamı da keçib. Səhv etmirəmsə, televiziyanın “qızıl fondu”na
da daxil edilib. Niyə paralel davam etmədiniz, mahnı
janrında qaldınız?
– O vaxt çox istəyirdim ki, muğam və
estradanı paralel davam etdirim. Baxın, bu gün bu iki istiqaməti
birgə təqdim edən müğənnilərimiz var və
sevilirlər. Müasir ritmlər, az sözlərdən ibarət
mahnılar da var ki, muğam ifaçıları maraqla
oxuyurlar. Bu mənada, Almaxanım Əhmədli daha çox
seçilir. O, muğam, xalq, bəstəkar mahnıları ilə
yanaşı, müasir tamaşaçıların
zövqünə uyğun musiqilər də ifa edir. Belə
adlar çoxdur. Mən də o dövrdə zamana görə
həm muğamlar, təsniflər və eyni zamanda xarici
ölkə bəstəkarlarının mahnılarını
oxuyurdum. Amma məni o qədər “sındırdılar” ki.
Yadımdadır, səsyazmada oxuduğum təsnifləri,
mahnıların ortasındakı muğam
parçalarını efirə vermir, hətta lent
yazılarımı yoxa çıxarırdılar. Konsertlərimi,
televiziya çıxışlarımı elə saatlara
salırdılar ki, xəbərlər proqramına görə
çox vaxt yarımçıq kəsilirdi. Çünki bu
da məxsusi tapşırıq idi. Sadaladığım hallar
mənə çox pis təsir edirdi. Amma yenə əyilmədim.
Bu mənim xarakterimdə yoxdur. Odur ki, onda da, indi də
yalnız irəli!
– Amma Moskvada da bir neçə mahnınız lentə
yazıldı. Bu o dövr üçün uğur idi?
– Bəli, həmin illərdə SSRİ Dövlət
Elektromusiqi Orkestrinin rəhbəri Vyaçeslav
Mişşerinin dəvəti ilə Moskvaya getdim. Həmin
orkestrlə birgə “Gül bir az”, “Gözləyəcəyəm”,
“Leyla”, “Yadındamı”, “Eşqimi sönməyə qoymaram”
kimi mahnılardan ibarət albomum lentə alındı,
haqqımda məqalələr yazıldı.
Çıxışım məşhur nəğməkar
şair Nikolay Zinovyevin də gözündən
yayınmadı, haqqımda xoş sözlər dedi.
– Siz “Leyli və Məcnun”un sənət həyatından
da “ötəri keçmisiniz”. Yəqin, o dövrün populyar
Leyliləri rəqib istəmirdilər...
– Muğam operasının televiziya versiyasında
müəyyən hissələri oxumuşdum. Tərəf-müqabilim
də rəhmətlik Məmmədbağır Bağırzadə
idi. Həmin dövrdə rejissor Mehdi Məmmədovun da diqqətini
cəlb etdim, operanın yeni Leylisi kimi təklif də
aldım. Amma məlum və naməlum səbəblərdən
bu iş də baş tutmadı... Yenə keçmişə
getdim və müəyyən xoş olmayan anları yenidən
xatırlamış oldum. Müğənniyə oxumaq,
yaxşı performans üçün ruh yüksəkliyi
lazımdır. Onda arxayınlıq, rahatlıq təmin
olunmalıdır. Amma mənim əlimdən artıq o
gücü almışdılar. Bütün bunlara görə
dəfələrlə xəstələndim, sonda da insult
oldum. Düzdür, mən bunları hamıdan gizlədirdim.
Amma çox yoruldum. İndi nisbətən rahatam, həm də
sevincli. Çox şükür, qalib, azad, ərazi
bütövlüyü təmin olunmuş ölkədə
yaşayıram. Belə dövranda sənətdə olmaq,
yaşamaq gözəldir. İnanın, bu da mənə
yaşadıqlarımı unutdurmur.
– Nisə xanım yubiley yaşını necə
keçirir, indi nə edir?
– Çalışıram ki,
sağlamlığımı tam bərpa edim. Yeni neçə-neçə
mahnılar təqdim olunub. Amma mən onlara məyus halda
baxıram. Çünki oxuya bilmirəm hələ. O
mahnıları gərək könüldən, candan ifa edim
ki, ruhum, sevgim, duyğularım insanlara olduğu kimi
çatsın. Axı mən oxuduğum hər bir mahnı ilə
yaşayıram. Çalışıram tez sağalım və
onları sevə-sevə oxuyum.
– Yaş ötdükcə insan qazandıqları ilə
itirdikləri arasında hesabat aparır. Amma sənət
adamlarında bu hal başqa cür yaşanır: məsələn,
sənətdə qalmağın səadəti hər hissə
qalib gəlir.
– İncəsənət adamı, istedad və qabiliyyəti
varsa, sənətin istənilən istiqamətində hər
zaman tanına bilər. Bilirəm ki, mənim içimdə
bir müğənni, bir aktrisa, bir ana, bir nənə yenə
də var. Ən əsası, dünyanın bütün
övladlarını sevə biləcək məhəbbətdə
ifaçı.
– Sizin yaradıcılıq uğurlarınızda bəstəkar
Ələkbər Tağıyevin böyük rolu var. Bu il həm
də onun 100 illiyidir. Zamanın pəncərəsindən
baxanda onu necə xatırlayırsınız?
– Ələkbər müəllim çox böyük
istedad sahibi idi. O təkcə bəstəkar yox, həm də
dəyərli şəxsiyyət idi. Onun şairlik, bəstəkarlıq,
ən əsası da müğənni yetişdirmək
üçün böyük gücü vardı. O zamanlar
prodüserlər, menecerlər yox idi. Bəstəkarlar
mahnıları yazır, hansı müğənniyə
uyğundursa, ona verirdilər. Amma Ələkbər
Tağıyev müğənni yetişdirir, onu qoruyur və
yüksək tuturdu. Çox təəssüf edirəm ki,
yetişdirdiyi müğənnilərin bir çoxu bu günədək
onun adını dillərinə gətirmirlər. Halbuki, bu
gün mənəm-mənəm deyən müğənnilərin
çoxu Ələkbər Tağıyevə minnətdar
olmalıdır. Allah ona rəhmət eləsin.
– Dinləyicilərinizin hər ovqatına uyğun
neçə-neçə mahnılar ifa etmisiniz. İndi daha
çox hansı mahnılarınızı zümzümə
edirsiniz və hazırda ruhunuz hansı laddadır?
– Səsimdən çox narazı və nigaranam deyə
heç nə ifa etmirəm. Yeri
gəlmişkən, həkimim, loqoped-defektoloq Esmira
Qafarova olmasaydı, bəlkə heç danışa da bilməzdim.
Onun sayəsində sağaldım. İndi də müalicəm
davam edir. Səbirlə oxuyacağım zamanı gözləyirəm...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2024.- 14 fevral,¹12.- S.6.