Maşinist köməkçisindən
səhnə və ekranların sevimlisinə...
Azərbaycanda milli kinematoqrafiya və səhnə sənətinin
inkişafında əməyi olan
aktyorlardan biri də Xalq artisti Muxtar Avşarovdur. Görkəmli
sənətkar səhnədə və ekranda
yaratdığı obrazlarla böyük tamaşaçı
sevgisi qazanıb. Unudulmaz aktyoru anadan olmasının 110 illiyi
münasibətilə yada saldıq.
Muxtar Həsən oğlu Avşarov 16 fevral 1914-cü
ildə İrəvan şəhərində dünyaya göz
açır. Uşaq ikən erməni millətçilərinin
soydaşlarımıza qarşı həyata keçirdikləri
qırğınların şahidi olur. Avşarovlar ailəsi
itkilərə məruz qalır, mənəvi sarsıntı
yaşayırlar. Bu ağlasığmaz faciə Muxtarın qəlbində
dərin iz buraxır. Çətin vəziyyətə
düşən ailənin salamat qalan üzvləri Türkiyəyə
pənah aparır. Bir müddət sonra geri dönür və
Gəncə şəhərində məskunlaşırlar.
Muxtar 1922-ci ildə Gəncə şəhərində dəmiryolçular
məktəbində təhsilə başlayır. Orta təhsilini
başa vurduqdan sonra babasının təşəbbüsü
ilə sənədlərini Bakıda peşə məktəbinə
verir. O, asudə vaxtlarında Dəmiryolçuların Mədəniyyət
evinə gedir. Ağasəlim Manaflının dram dərnəyində
aktyor kimi səhnəyə çıxır. Çox
keçmir həmin dərnəyə görkəmli aktyor
Ülvi Rəcəb rəhbərlik edir. M.Avşarov ilk sənət
təhsilini ondan alır. 1933-cü ildə peşə məktəbini
bitirir və Gəncəyə qayıdır. Şəhərin
parovoz deposunda maşinist köməkçisi kimi işə
düzəlir. Eyni zamanda “Dəmiryolçular teatrı”nda
aktyor olaraq fəaliyyətini davam etdirir, Həbib
İsmayılov və Rza Sarabski kimi rejissorların
hazırladıqları bir neçə tamaşada baş
rollarda çıxış edir. Onun teatra həvəsi rəhbərliyin
diqqətini çəkir. 1936-cı ildə Moskvaya iki
aylıq mədəni-maarif kursuna göndərilir. Kursu
bitirdikdən sonra Gəncə Mədəniyyət evində
kütləvi işçi vəzifəsinə təyin edilir.
Bir müddət sonra Gəncə Dövlət Dram Teatrına
dəvət olunur. Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərində Hacı Kazım rolunda
ilk dəfə peşəkar səhnəyə
çıxır. Sonralar Səməd Vurğunun “Vaqif”, Cəfər
Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci
ildə”, “Almaz” tamaşalarında rol alır.
1941-ci ildə faşist Almaniyasının SSRİ
üzərinə hücum etdiyi vaxtlarda ictimai yerlərdə Gəncə
şəhərinin adının dəyişdirilərək
“Kirovabad” qoyulmasına və Gəncə teatrının
Lavrenti Beriyanın adını daşımasına etiraz edir.
Buna görə də həbs edilir. Beş il həbs cəzası
çəkdikdən sonra azadlığa buraxılır, teatra
qayıdır. Həmin vaxt Gəncə teatrında S.S.Axundovun
“Eşq və intiqam” əsəri tamaşaya qoyulur və ona
tapşırılır. Tamaşanın nümayiş
olunduğu günün sabahısı aktyor işdən azad
edilir. Səbəb isə sadə idi – o, ictimaiyyət
arasında olmamalıdır.
Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda
fəhlə işləyir. Stalinin ölümündən
(1953) sonra yenidən Gəncə teatrında fəaliyyətini
davam etdirir. 1960-cı ildə
“Əməkdar artist” fəxri adına layiq
görülür. Görkəmli sənətkar 1968-ci ildə
Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət
olunur və qısa müddətdə kollektivlə
qaynayıb-qarışır.
Onun aktyor məharəti kinorejissorların diqqətindən
yayınmır. Kinoya gəlişində görkəmli rejissor
Hüseyn Seyidzadənin xüsusi rolu olub. Bu barədə xatirələrində
deyirdi: “1960-cı il idi, Gəncə teatrında
çalışırdım. Bir gün mənə dedilər
ki, səni Bakıdan gələn Hüseyn Seyidzadə
soruşur. Getdim, xoş-beşdən sonra rejissor mənə
dedi ki, səni “Yenilməz batalyon” filminin sınaq çəkilişlərinə
çağırmışam. Məni “uryadnik” və bandit
rolunda yoxladı. Sonra məlum oldu ki, bandit roluna təsdiq
olunmuşam...”.
M.Avşarov çəkildiyi filmlərdə kaskadyor
işlərinin öhdəsindən də məharətlə
gəlib. “Dəli Kür” filminin çəkilişlərini
belə xatırlayıb: “Filmdə çətin tryuklar var
idi. Bunun üçün də Moskvadan kaskadyorlar dəvət
olunmuşdu. Gününə 50 rubl verilirdi. Bir gün rejissora
dedim: “Hüseyn (Seyidzadə – red.), qadan alım, mən kəndli
balasıyam. At sürməyi çox gözəl
bacardığım üçün kaskadyorun işini də
yerinə yetirə bilərəm. Necə olur ki, mənim
günümə 25 rubl verirsən. Ancaq kaskadyorun gününə
– bir dəfə atdan hoppanmağına 50 rubl verirsən. Bir
halda ki, bacarıram, onun işini mən görə bilərəm”.
Cavabında belə dedi: “Mən aktyora kaskadyor işini
gördürə bilmərəm. Axı bunun
yıxılmağı da var. Yıxılıb zədələnsən,
sənin öz işini kim görəcək”. Beləcə,
imkan vermədi. Ancaq mən də özümə görə
olmamışam. Çəkiliş vaxtı fasilə elan
olundu. Hüseyn Seyidzadə dincəlməyə getdi. Bundan
istifadə edərək mənimlə çəkilən tərəf-müqabillərimin
yanına gəldim. Dedim ki, bəs, mən atımı minib
çapacağam. Siz də o zaman Hüseyn Seyidzadəyə xəbər
verin. Operatora da əvvəlcədən xəbərdarlıq
etdim ki, atla edəcəyim tryuku çəkər və mənə
verərsən... Mən atı sürətlə
çapmağa başladım. Hüseyn Seyidzadəyə
yaxınlaşan zaman atı yıxdım. Özüm də
ondan bir neçə metr aralı tullanaraq tüfəngi əlimə
aldım. Bunu görən rejissor bərk hirsləndi və “pəhləvanlıq
edirsən”, dedi. Rejissorun mənə acığı tutsa da, məndən
incisə də, həmin səhnə lentə alındı.
Vaxt gəldi, çəkiliş başa çatdı. Film
Moskvaya aparıldı. Ancaq film qəbul edilmədi. Filmin
finalının dəyişdirilməsi
tapşırıldı. H.Seyidzadə geri qayıdan kimi dedi
ki, sən mənə lazımsan. Məlum oldu ki, həmin lentə
aldığımız səhnə ilə maraqlanır. Bir
sözlə, həmin səhnə “Dəli Kür” filminin final
səhnəsinin yerinə calaq edildi. Guya ki, mən atəş
açmaqla Cahandarı öldürürəm. Təbii ki,
Cahandarın ölüm səhnəsi ayrıca olaraq çəkildi”.
Beləliklə, M.Avşarov səhnə
uğurlarını kino sahəsində də təkrarlayır.
O, “Sevil” (film-opera; 1970), “Ulduzlar sönmür”,
“Axırıncı aşırım”, “Qatır Məmməd”,
“Tütək səsi”, “Arxadan vurulan zərbə”,
“Birisigün, gecəyarısı”, “Atları yəhərləyin”,
“Qəm pəncərəsi”, “Kişi sözü”,
“İşarəni dənizdən gözləyin”, “Qətl
günü” və s. filmlərdə yaddaqalan obrazlar
qalereyası yaradır.
Ömrünün müdrik çağlarında
aktyorun yolu yenidən teatrdan düşür. 1992-ci ildə
Xalq artisti Amaliya Pənahova sənətkarı Bakı Bələdiyyə
Teatrına dəvət edir. Teatrda işlədiyi müddətdə
o, N.Nərimanovun “Nadir şah”, C.Cabbarlının
“Dönüş” və bir çox tamaşalarda maraqlı
obrazlara həyat verir. 2002-ci ildə Bakı Bələdiyyə
Teatrının aktyoru kimi “Xalq artisti” fəxri adına və
Prezidentin fərdi təqaüdünə layiq
görülür.
Muxtar Avşarov 6 dekabr 2004-cü ildə, 90
yaşında vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.6.