30 yaşlı “Bir dəlinin qeydləri”
Gənc Tamaşaçılar Teatrının
kiçik səhnəsində yubiley
Belə idi o məsəl, deyəsən:
ağıllı olub dərd çəkməkdənsə, dəli
ol, dərdini çəksinlər. Bilmirəm, bunu kim və
hansı vəziyyətdə fikir kimi ortaya ataraq, el məsələsinə
çevirib, amma düz edib. Bunu ötən həftə Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrında bir daha
yəqin etdik. Ağıllı olmaq zülm işidir. Sadəcə,
dəli olmaq həddinə gələnə qədər...
Fevralı 9-da teatrın kiçik səhnəsində
rus yazıçı-dramaturqu Nikolay Qoqolun “Dəlinin gündəliyi”
əsəri əsasında hazırlanmış “Bir dəlinin
qeydləri” monotamaşasının 30 illiyi qeyd olundu.
Əslində, tamaşa özü də bir aktyorun oyunu
üçün 30 il böyük biz zamandır. Mütəmadi
dəyişən tamaşaçı tələbləri
fonunda formalaşan repertuarda teatrın ən qocaman səhnə
aktı kimi, özü də müasir və arzulanan tamaşa
olaraq qalmaq, yerli tamaşaçı, xarici festival
üçün üz ağartmaq həm tamaşa, həm də
aktyor üçün uğurdur. Üstəlik,
quruluşçunun ustalığının mürəkkəb
səhnə həllini usanmadan 30 il çiyinlərində
daşımaq aktyordan böyük şövq tələb edir
ki, bu da Şövqi Hüseynovda mükəmməl
alınır.
İlk dəfə 1994-cü ilin oktyabr ayında Xalq
artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə
təqdim olunan tamaşa 30-cu yubiley nümayişində də
özünün haqq etdiyi alqış payını aldı.
Nümayişdən öncə tamaşaçı
qarşısına çıxan teatrın truppa rəhbəri
Ələsgər Muradxanlı səhnə işinin yaranma
tarixindən, qazandığı uğurlardan, festival yolundan
söz açdı. 30 il Poprişin obrazını
ustalıqla yaradan Əməkdar artist Şövqi Hüseynovu
və yaradıcı heyəti təbrik etdi.
Yarıqaranlıq səhnədə – psixiatriya xəstəxanası
palatasında kiçik dəftərxana məmurunun əzablarına
tam bir saat yenidən, bu dəfə də başqa ruh
qatında tamaşa elədik.
Kimimiz güldük, kimimiz də köks
ötürdük. Amma sonda hamılıqla öz müdirinin qızına
vurulan və bu mümkünsüz eşqdən getdikcə
ağlını itirən qəhrəmana acıdıq.
Zaman-zaman “Dəlidən doğru xəbər” təəccübündə
gah itlə danışan, gah özünü İspaniya
kralı zənn edən, gah da gündəliyə “43 aprel
2000-ci il” kimi absurd tarix qoyan məsum-ağıllı dəliyə
məftun olduq.
Beləcə, tamaşa boyu böyük arzulu
kiçik adamın dəlilik, daha doğrusu, onu dəli edən
reallıqlar içərisində can çəkişməsini,
əzablı çırpınışlarını və kədərli
yalvarışlarını təəssüflə izlədik.
Tamaşa boyu ağzına və ağlına gələni
üyüdüb tökən dəlinin son cümlələri
50-ni yola salan Ş.Hüseynovun yanağından süzülən
yaşlara qarışıb, susqun zala buz kimi səpələndi:
“Uzaqlardan yavaş-yavaş görünən bu ev mənim
evimdir, yoxsa? Bəs pəncərənin qarşısında
oturan qadın? Anamdır, yoxsa? Əziz anam, qurtar bu qərib
oğlunu! Bir göz yaşı damlası tök və
söndür ürəyimdəki yanğını! Bax, nələr
çəkdirirlər balana! Məni qoynuna al, ana! Ona bu
dünyada yer yoxdur artıq! Sənin balanı hər yerdən
qovurlar. Əziz anam, bu yazıq balana heç bir mərhəmət
göstərən yoxdur. Heç olmasa, barı sən mərhəmət
et!”.
Boz və nəhəng dünyanın soyuq xəstəxana
palatasında buz kimi su ilə “müalicə” olunan
Poprişinin yerində olmamaq, ağ xəstə əlbəsəsində
bağrı yarılan çarəsizdən qaçmaq və
bu reallığın, sadəcə, indi, burada – yəni ancaq səhnədə
olub-bitəcəyinə inanmaq istəyən bütün məsum
insanlar kimi salondakılar da alqışı gur edib daha bir dəlidən
“qurtuldular”.
İşıqlar yandı və “Çox sağ olun
ki, 30 ildir bu tamaşanı və bizi belə sevgi ilə izləyib,
içimizdəki sənət arzularımıza qol-qanad verirsiniz”
deyən Şövqi Hüseynov göründü…
Həmidə
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.5.