68 ildir göstərir
Bakı
Fevralın 14-də Azərbaycan Televiziyasının
yayıma başlamasının 68-ci ildönümü tamam
olur. “Diqqət, diqqət! Göstərir Bakı” – 1956-cı
ilin bu günü Azərbaycanın ilk telekanalı – Bakı
Televiziya Studiyası bu sözlərlə evlərə qonaq gəlib.
Telestudiya əvvəlcə həftədə 3 dəfə,
1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə
çıxıb. 1962-ci ildə gündəlik efirə
çıxan proqramların həcmi 7 saatadək
artırılıb. 70-ci illərdə gündəlik
verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18
saata çatdırılıb. 2005-ci ildən isə 24
saatlıq fasiləsiz yayıma keçilib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə
Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi
hesab olunur. 310 metr hündürlüyü olan və unikal
konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir
çox xarici ölkələrin televiziya proqramları
yayımlanır. Ən müasir standartlara əsaslanan rəqəmli
televiziya yayımvericiləri istismara verilib. 3 peyklə
dünyaya yayımlanan Azərbaycan Televiziyasının fəaliyyəti
ən son texniki standartlara tam uyğunlaşdırılıb.
Azərbaycan Televiziyasının nəzdində 2009-cu
ildə “İdman Azərbaycan”, 2011-ci ildə isə “Mədəniyyət”
kanalı ilk dəfə tamaşaçıların
görüşünə gəlib. “Mədəniyyət”
kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin
tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin
incilərini isə Azərbaycan tamaşaçılarına
çatdırır.
Mədəniyyət.- 2024.- 14 fevral,¹12.- S.1.