“Karnegi-holl”da
Arif Məlikovun musiqisi səslənib
Nyu-York şəhərində ən mötəbər
sənət məkanı sayılan “Karnegi-holl” zalının
səhnəsində tanınmış azərbaycanlı
pianoçu Nərgiz Əliyarovanın konserti olub.
Azərbaycanın dünyaşöhrətli bəstəkarı
Arif Məlikovun 90 illiyinə həsr olunmuş musiqi
axşamı anşlaqla keçib.
Nərgiz Əliyarova Arif Məlikovun “Məhəbbət
əfsanəsi” baletindən fortepiano üçün pyesi ifa
edib. Baletin süjet xətti və bu əsərin Arif Məlikovun
yaradıcılığında mərkəzi rolunu qeyd edən
pianoçu vurğulayıb ki, əsər dünyanın
onlarla ölkəsində səhnəyə qoyulub və musiqi
sənəti xəzinəsinə daxil edilib. Proqramda, həmçinin
Bethoven, Şopen, Debüssi və Metnerin əsərləri səsləndirilib.
Tamaşaçılar musiqiçinin ifasını
maraqla qarşılayıblar. Nərgiz Əliyarova
alqışlar altında təkrarən Şopenin
valsını ifa edib.
Nyu-Yorkda yaşayan pianoçu və musiqişünas
Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət
Cəmiyyətinin təsisçisidir. Dünyanın 40-dan
çox şəhərində solist qismində, kamera və
simfonik orkestrlərlə çıxış edib. Azərbaycanın
Əməkdar artisti Nərgiz Əliyarova 2010-cu ildə
Polşa hökuməti tərəfindən “Şopen irsinə
verdiyi görkəmli töhfəyə görə”
mükafatına layiq görülüb. 25 il Bakı Musiqi
Akademiyasında dərs deyib, fəlsəfə doktoru elmi dərəcəsi
alıb, akademiyanın professoru olub. Bir neçə kitabın
müəllifidir. Nyu-Yorkda təsisçisi olduğu Milli
Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti Azərbaycan
incəsənətinin təbliğinə töhfələr
verir.
Mədəniyyət.- 2024.- 14 fevral,¹12.- S.1.