Mədəniyyətimizin
böyük hamisi – İllərin xronikasından (99)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçmələrin dərcini davam etdiririk.
(əvvəli ötən sayımızda)
2002-ci il 30 may
Prezident Heydər Əliyev təsviri sənət xadimlərinə
fəxri adların verilməsi haqqında fərman
imzalayıb.
“Xalq rəssamı” fəxri adı alanlar: Kamal Ələkbərov,
Hüseynqulu Əliyev, Altay Hacıyev, Fərhad Xəlilov,
Fazil Nəcəfov, Cabbar Qasımov, Ağa Mehdiyev, Cəmil
Müfidzadə, Cahangir Rüstəmov, Fuad Salayev.
“Əməkdar incəsənət xadimi”: Ağəli
İbrahimov, Akif Əsgərov, Cəlil Hüseynov, Rafiq Kərimov,
Sara Namitokova-Manafova.
Bundan əlavə, 40 nəfərə “Əməkdar rəssam”
fəxri adı verilib.
2002-ci il 9 iyun
Sankt-Peterburqa səfəri zamanı Rusiya Prezidenti
Vladimir Putinlə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin
abidəsinin (heykəltaraş – Əməkdar rəssam
Görüş Babayev) açılış mərasimində
iştirak edib.
“...Bu gün Sankt-Peterburqda dahi şair Nizaminin heykəlinin
açılışını biz dünya mədəni irsinə
böyük ehtiram ifadəsi, Azərbaycan xalqına bəslənilən
dostluq və qardaşlıq hisslərinin təzahürü
kimi qiymətləndiririk. Keçən il oktyabrın 12-də
Bakıda rus poeziyasının dühası Aleksandr
Sergeyeviç Puşkinə heykəl qoyulmuşdur. Bu gün
isə burada, Puskinin Böyük Pyotrun əsəri
adlandırdığı bu şəhərdə Nizamiyə
heykəl ucaldılmışdır. Bu iki abidə həm
xalqlarımızın mədəniyyətinə hədsiz
ehtiramımızın, həm də ölkələrimiz
arasında əlaqələrin yeni səviyyəsinin təcəssümüdür.
Bu şəhərin müdafiəçilərinin və
sakinlərinin Hitler qoşunlarının hücumlarına qəhrəmancasına
müqavimət göstərdikləri 900 gün ərzində
dünya bir daha dərk etdi ki, qəhrəmanlıq hər
şeydən öncə yüksək mənəviyyatın təzahürüdür...
Bu mədəniyyətin möhtəşəmliyi
özünü həm də mühasirə günlərində,
Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyi təntənəli
şəkildə qeyd edilərkən büruzə verdi...
Nizami fəlsəfəsinin mərkəzində
varlığın ən böyük sərvəti, mənəvi
zənginlik və müdrikliyin tükənməz mənbəyi
olan insan dayanır... Zənnimcə, məhz Nizaminin
bütün əsərlərində bəşər
övladının misilsiz qüdrətinin tərənnüm
edilməsi sayəsində Azərbaycan xalqının dahi
oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin
ayrılmaz hissəsinə çevrilmək şərəfi
qismət olmuşdur... Dahi humanist və mütəfəkkirə
ucaldılan bu gözəl abidə həmişə bizim nəzərimizi
ümumbəşəri dəyərlərə, xeyirxahlıq,
ədalət ideallarına yönəldəcəkdir...”.
2002-ci il 11 iyun
Azərbaycan Respublikasi Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında fərman imzalayıb. Fərmanda
qeyd olunurdu ki, 10 noyabr 1997-ci il tarixdə Azərbaycan xalqı
qarşısında böyük xidmətləri olmuş
şəxslər üçün fərdi təqaüd təsis
edilib və həmin dövrdən ümumilikdə 84 qocaman ədəbiyyat
və incəsənət xadimi bu təqaüdə layiq
görülüb. Bu fərmandan sonra həmin təqaüdlər
Prezidentin fərdi təqaüdü ilə əvəzləndi.
O dövr üçün bir milyon beş yüz min manat (300
AZN) məbləğində 150 fərdi təqaüd müəyyən
edilmişdi. Sonrakı illərdə Prezident təqaüdünün
məbləği də, sayı da artırıldı.
2002-ci il 18 iyun
Naxçıvana səfəri zamanı Bəhruz Kəngərli
muzeyinin təntənəli açılış mərasimində
nitq söyləyib.
“...Bizim Mədəniyyət Nazirliyi, yaxud Dövlət
İncəsənət Muzeyi Bəhruz Kəngərlinin əsərlərini
fondlarda saxlayırdı... Amma mən fikirləşdim ki, onlar
daha da yaxşı qorumalıdır. Yaxşı qoruyub saxlaya
bilmirlər. Sən onu zirzəmidə, yaxud ayrı yerdə
qoruyub saxlayırsan. Bəs, bizim vətəndaşlarımız,
xalqımız Bəhruz Kəngərlinin
yaradıcılığı ilə nə cür tanış
olsun?! Hər halda, mən lazımi göstərişlər
verdim. İndi çox şadam ki, burada muzey yaradılıb. Təbiidir
ki, onun əsərləri çoxdur, hamısını
buradakı muzeyə vermək olmaz. Onlar Azərbaycan dövlətinin
milli sərvətidir, bunlardan istifadə etmək
lazımdır. Amma dövlət bunları qoruyub
saxlamalıdır.
Bəhruz Kəngərli Azərbaycan xalqının
professional rəssamlıq sənətində ilk rəssamdır,
bunu açıq deməliyik... Birincisi, Tbilisidə professional
rəssamlıq təhsili alıbdır. İkincisi də,
iş təhsil almaqda deyil, bu, Bəhruz Kəngərlinin
özünün fitri istedadı idi. Yadımdadır, mən həmin
bu binada orta məktəbdə oxuyarkən Bəhruz Kəngərli
haqqında oradan-buradan eşidirdik. Amma Bəhruz Kəngərlini
üzə çıxaran, təbliğ edən yox idi... Bəlkə
o vaxt hesab edirdilər ki, o, devrilmiş sinfin, yəni
bolşeviklər tərəfindən devrilmiş sinfin
nümayəndəsidir. Ancaq onu bilirəm ki, Bəhruz Kəngərli
haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən
özüm də rəssamlıqla maraqlanırdım, rəsm
əsərləri çəkirdim...
Sonralar mən Azərbaycanda sizə məlum olan vəzifələrdə
işləyəndə bir neçə dəfə göstərişlər
vermişdim ki, araşdırın, Bəhruz Kəngərlinin əsərlərini
gətirin. Amma nədənsə, hər dəfə bu belə
qalırdı. İndi, nəhayət, biz Bəhruz Kəngərlini
üzə çıxardıq. Yəni, üzə
çıxardıq sözü dəqiq deyil, o, onsuz da
yaratdığı əsərlərə görə bizim mədəniyyətimizdə,
incəsənətimizdə öz yerini tutmuşdur. Amma onun əsərlərini
elə “dərin quyuya” salmışdılar ki, insanlar onu o qədər
də yaxşı tanımırdılar.
Amma onun əsərləri həddindən artıq qiymətlidir.
Birincisi, onun rəssamlıq ustalığına görə,
istifadə etdiyi rənglərə görə. İkincisi,
onun yaratdığı obrazlara görə, xüsusən, 1918-1919-1920-ci illərin çətin
dövründə bizim xalqımızın ağır vəziyyətdə
olmasını öz əsərlərində əks
etdiribdir... Hesab edirəm ki, bizim sənətşünaslar, tədqiqatçılar
Bəhruz Kəngərlinin yaradıcılığını
daha professional səviyyədə tədqiq etməli, əsərlər
yazmalıdırlar... Bu muzeyin yaranması təkcə
Naxçıvandakı tədqiqatçılar
üçün yox, bütün Azərbaycan tədqiqatçıları
üçün böyük imkanlar yaradacaqdır...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2024.- 14 fevral,№12.- S.5.