Bölgələrdə gənclərin
bayramı
Bölgələrdəki mədəniyyət müəssisələrində
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə
müxtəlif tədbirlər təşkil edilib.
Sumqayıt Gənclər Kitabxanasında Gənclər
Günü ilə əlaqədar diskussiya keçirilib.
Çıxış edənlər bu günün yaranma
tarixi, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsi barədə söz
açılıb. Tədbir gənclərlə aparılan
sual-cavablarla davam edib.
***
Biləsuvar Gənclər evində Gənclər
Gününə həsr edilən tədbir keçirilib.
Rayonun icra başçısının müavini Ləman
Yüzbaşova, Şirvan-Salyan RMİ-nin rəisi Şahin
Şahbazov və başqaları çıxış edərək
əlamətdar gün münasibətilə gəncləri təbrik
ediblər. Çıxışlarda
rayon gənclərinin ölkənin hərbi,
sosial-iqtisadi, ictimai-siyasi və digər sferalarda layiqincə təmsil
olunması xüsusi qeyd edilib. Tədbir konsert proqramı ilə
davam edib.
Şirvan-Salyan RMİ-nin tabeliyindəki Şirvan,
Salyan, Biləsuvar, Hacıqabul Heydər Əliyev mərkəzləri,
Salyan, Biləsuvar Tarix-Diyarşünaslıq muzeyləri,
Şirvan, Neftçala Dövlət Rəsm qalereyaları və
Şirvan şəhər Mədəniyyət Mərkəzində
Gənclər Günü münasibətilə “açıq
qapı” təşkil olunub. Həmçinin mədəniyyət
müəssisələrində əlamətdar günə həsr
olunan tədbirlər, görüşlər, konsertlər və
intellektual oyunlar təşkil edilib.
***
Şamaxı şəhər İncəsənət Təhsili
Mərkəzində Gənclər Günü ilə əlaqədar
olaraq konsert proqramı təşkil edilib. Məktəbin
şagird və müəllim kollektivi tərəfindən
görkəmli bəstəkarların əsərləri səsləndirilib.
***
Quba Tarix-Diyarşünaslıq Muzeyində Gənclər
Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə, Gənclər Gününə həsr
olunmuş videoçarx nümayiş olunub. Tədbirdə 30
il işğal altında qalan torpaqlarımızın azad
olunması uğrunda canlarından keçmiş şəhidlərimizin,
öz sağlamlıqlarını vətən uğrunda fəda
edən qazilərimizin qəhrəmanlıq və vətənpərvərliklərindən,
gənc idmançılarımızın dünya
arenasında Azərbaycan bayrağını daim yüksəklərə
qaldırmalarından bəhs edilib. Tədbirdə iştirak edən
şəhid ailələrinin gənc üzvlərinə, qazilərimizə
və digər gənclərə muzeyin rəhbərliyi tərəfindən
müxtəlif hədiyyələr verilib.
Siyəzən rayon Heydər Əliyev Mərkəzində
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
ilə birgə “İstedadlı gəncliyimiz” adlı sərgi
keçirilib. Mərkəzin sərgi salonunda təşkil
olunan sərgidə yaradıcı və fiziki məhdudiyyətli
gənclərin təsviri sənət və əl işlərindən
ibarət əsərləri nümayiş etdirilib.
***
Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı,
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı (MİHİ) Şəki rayon komitəsinin dəstəyi
ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində
“Mən həmişə gəncəm – 2” adlı intellektual-əyləncəli
yarışma keçirilib. Yarışa “Şəki”,
“Oğuz”, “Qəbələ”, “Qax”, “Zaqatala” və “Balakən”
komandaları qatılıblar. “Şəki” komandası
yarışın qalibi olub. Qalib komandanın üzvlərinə
Şəki-Zaqatala RMİ və MİHİ Şəki rayon
komitəsinin fəxri fərmanları təqdim edilib.
***
Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi,
Mərkəzi Aran RMİ, Mərkəzi Aran Regional Gənclər
və İdman İdarəsi Ağdaş rayonu üzrə
sektorunun təşkilatçılığı ilə Gənclər
Günü münasibətilə ümumrayon tədbiri
keçirilib. Çıxışlarda qeyd edilib ki, bu əlamətdar
tarixi gün gənclərə həmişə xüsusi diqqət
və qayğı ilə yanaşan Ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Heydər
Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı
müvafiq sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri
Günü elan edilib. Tədbirdə rayonun bir qrup fəal gənci
fəxri fərmanla təltif olunub. Sonra Ağdaş rayon Mədəniyyət
Mərkəzinin kollektivi tərəfindən konsert proqramı
təqdim edilib.
Əlamətdar gün münasibətilə Mərkəzi
Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən
muzey müəssisələrində “açıq qapı”
elan edilib. Gənclər Heydər Əliyev mərkəzlərini,
Tarix-Diyarşünaslıq və ev-muzeylərini ziyarət
ediblər.
***
Mil-Muğan Regional Gənclər və İdman
İdarəsi, Mil-Muğan RMİ, Mil-Muğan Regional Təhsil
İdarəsi də birgə tədbir keçirib. Sabirabad
rayonu icra başçısının birinci müavini Həsən
Həsənov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı və
başqaları çıxış edərək gəncləri
bayram münasibətilə təbrik edib, onlara uğurlar
arzulayıblar.
Çıxışlardan sonra Mil-Muğan Regional Gənclər
və İdman, Mədəniyyət və Təhsil idarələri
arasında qarşılıqlı əməkdaşlığı
nəzərdə tutan niyyət protokolu imzalanıb. Sabirabad,
Saatlı, İmişli və Beyləqan rayonlarının
daxil olduğu Mil-Muğan regionunun ictimai-siyasi həyatında,
təhsildə, idmanda, elm və mədəniyyət sahələrində
fərqlənən gənclər fəxri fərman və
“İlğım” şirkətinin hədiyyələri ilə
təltif olunublar.
Tədbirin bədii hissəsində Mil-Muğan
RMİ-nin təşkil etdiyi proqram təqdim olunub. Şair
Şəhriyar del Gerani şeirlərini oxuyub, musiqiçilər
Məhəbbət Səfərov, Sənani Səfərli, Həsən
Həsənov, Mərhəmət Ağalarova ifaları ilə
tədbirə rəng qatıblar. Əhmədabad kənd Mədəniyyət
evinin “Axıska” folklor kollektivi rəqs nömrələri ilə
çıxış edib.***
Gənclər Günü münasibətilə Qəni
Vəliyev adına Lənkəran şəhər Mədəniyyət
Mərkəzində disput keçirilib. Azərbaycan gənclərinin
vətənpərvərliyi mövzusu ətrafında fikir
mübadiləsi aparılıb. Sonda hərbi vətənpərvərlik
mövzulu “Hadrut, sən azadsan!” filmi nümayiş olunub.
Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual bilik
yarışı keçirilib. “Çıraq“ komandası I
yerə layiq görülüb. İştirakçı
komandalar diplomla təltif olunublar.
Masallı Dövlət Rəsm Qalereyasında isə
“Əli fırçalı gənclər” adlı rəsm sərgisi
təşkil edilib. İki gün davam edən sərgidə
rayonun gənc rəssamlarının əl işləri
nümayiş olunub.
***
Azərbaycan Gəncləri Günü münasibətilə
Qazax-Tovuz və Şərqi Zəngəzur RMİ-lərin
tabeliyində fəaliyyət göstərən müəssisələrdə
də tədbirlər keçirilib. Çıxış edənlər
Ümummilli liderin əsasını qoyduğu gənclər
siyasətinin ölkəmizdə uğurla davam etdirildiyini, hazırda
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclərin
yetişdiyini vurğulayıblar. Tədbirlərdə bir qrup fəal
gəncə fəxri fərmanlar təqdim edilib.
Mədəniyyət.- 2024.- 7 fevral,¹9-10.- S.4.